"Qarabağ" Haiti millisinin üzvünü transfer etdi

14:29 - 5 İyul 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Türkiyənin "Alanyaspor" klubunda forma geyinən Vild Donald Qeyreni heyətinə qatıb. Bunun üçün "Qarabağ" qarşı tərəfə təzminat ödəyib. Lakin transferin məbləği məlum deyil. 28 yaşlı futbolçu 3 illik müqaviləyə qol çəkib.

 

Haiti millisinin üzvü "instagram" hesabında yığma komanda yoldaşı və hazırda "Zirə"də çıxış edən Kervan Belforun "Differdanj"a vurduğu qolla özünün fərqləndiyi epizodu birgə paylaşıb.

 

 

Yarımmüdafiə və hücumun cinahlarında oynamağı bacaran universal futbolçu "Alanyaspor"dan öncə Polşanın "Visla" klubunda oynayıb. O, Haiti millisinin heyətində 41 oyun keçirib.

 

Qeyre "Alanyaspor"a 300 min avro qarşılığında transfer edilmişdi və ötən mövsüm 25 oyunda 4 qol, 2 assistlə yadda qalıb.

 

"Qarabağ" Abbas Hüseynov (“İnter”), Anton Kanibolotski  ("Şaxtyor" Donetsk) və Yakub Rzejniçakı ("Legiya" Varşava) da transfer edib.

 

Xəbər xətti