Bir adət halını alıb fubolumuzda bu. AFFA-da əyləşənlər bir layihə atırlar ortaya, mətbuat yanlış olduğunu iddia eləyəndə razılaşmırlar, xeyli vaxtdan sonra gəlirlər jurnalistlərin dediyinin üstünə. Az qala hamı deyirdi ki, Müşahidə Şurası klub idarəetməsində uğurlu ideya deyil. Lakin federasiyadakılar “daşı ətəklərindən tökmək istəmirdilər ki, istəmirdilər”. Səhvlərini anlamaları üçün 2 il vaxt lazım gəldi. Nəhayət, “Neftçi”də struktur dəyişikliyi gerçəkləşdi. Bundan sonra klub Orxan Hüseynzadəyə əmanətdi. Daha Çingiz Abdullayev və onun masasında yer alanlar klub idarəçiliyində yer almayacaqlar.
Ziyanın yarısından geri qayıtmaq da, xeyirdi deyiblər. Əslində, “Neftçi”nin indiki halı ziyanın dibinə daha yaxındır, nəinki yarısına. Amma olsun. Ən azından bundan sonra klubdan kimin sorumlu olduğunu biləcək camiə. İndi daha çox maraq doğuran məsələ Çingiz Abdullayevin “Neftçi”dəki taleyidi. Yalan-doğru onun klubdan aylıq 20-25 min manat maaş aldığı deyilir. Əslində, onun məvacibi bundan 3-4 dəfə aşağı olsa da, bu, məsələnin mahiyyətini dəyişmir. Faktiki olaraq, klubda heç bir işi qalmayıbsa, onu “Neftçi”də saxlamağın nə adı var?
Orxan Hüseynzadə son açıqlamalarında açıq-aydın etiraf eləyir ki, transfer eləməyə pul tapmırlar. Uzaqbaşı cəmi 1 legioner qata bilərlər heyətə. Xalq komandasının belə bir durumunda Abdullayevin maaşına ortabab legioner gətirmək olardı “Neftçi”yə. Yəqin xalq yazıçısı da məlumatlıdı xalq komandasının sıxıntılarından. Əgər Hüseynzadənin fikirləri ilə tanış deyilsə, Orxan bəy mövcud vəziyyətin çətinliyini özü ona izah etməlidir. Belə baxanda, bundan sonra ictimai əsaslarla işləməyə razılıq verməyin də mənası qalmadı Abdullayev üçün. Onun futbolla bağlı sanballı ideyası olsaydı, bu 2 ildə gerçəkləşdirməliydi. Yəqin, dəyərli yazıçımız özü də anlayır ki, ona yad olan bu sahədən nə qədər tez getsə, özü üçün də bir o qədər yaxşıdır.
Həmid
saytlarin hazirlanmasi