“Sabah”ın bu yay heyətinə qatdığı futbolçulardan biri də Rusiya futbolunun yetirməsi, həmyerlimiz İldar Ələkbərov oldu. Gələcəyinə böyük ümidlər bəslənilərək komandaya dəvət edilən Ələkbərov Sportal.az saytına müsahibə verib. Ötən mövsümü Rusiya 1-ci divizionunda çıxış edən “Nefteximik”də keçirən Ələkbərov yeni müqavilə imzaladığı “Sabah”dakı perspektivindən də danışıb.
- İldar, öncə futbola gəlişindən danışardın. Necə alındı ki, futbolu seçəsi oldun?
- Pskov şəhərində doğulmuşam. 11-13 yaş arasına qədər Pskovun Tyamşa kəndində yaşamışam. Futbolla da elə orada məşğul olmağa başlamışam. Həmin vaxtı yarış təşkil edilmişdi, məni Pskov rayonunun mini-futbol komandasına dəvət etmişdilər. “Pskov-747” komandasının məşqçisi məni orada görüb daha sonra öz komandasına baxışa dəvət etmişdi. “Zenit SŞOR”dan əvvəl isə “Kolomyaqi” komandasında da çıxış etmişəm. Həmin komandanın baş məşqçisinə minnətdaram. Çünki çox kömək oldu mənə, demək olar ki, orada özümü göstərdim. İlk peşəkar müqaviləmi isə “Stroqino” ilə imzalamışam.
- Mövsümöncəsi toplanış zamanı isə "Sabah"la müqavilə imzaladın. Keçidin necə alındı? Hazırda komandadakı işlərin necə gedir?
- Hər şey yaxşıdı, ötən turda da debüt etdim. Ümid edirəm ki, qarşıdakı oyunda meydanda seçilmək üçün daha çox vaxtım olacaq. “Sabah”a keçidimə gəlincə, klubsuz qalmışdım və həmin vaxtı Rusiyanın bir neçə komandasından təklif almışdım. Onlardan birilə müqavilə imzalaya bilərdim. Amma məni “Sabah”a baxışa dəvət etdilər. Agentimlə “Sabah”ın ən yaxşı variant olması qərarına gəldik. Üstəlik yüksək liqadan söhbət gedir. Gənc futbolçu üçün isə bu yüksək səviyyə deməkdi. Elə alındı ki, "Sabah"la müqavilə imzaladım.
- Ölkə çempionatında 2 tur geridə qalıb və komandanız hər 2 matçı da məğlub başa vurub. Fasilə sizə kömək olacaq ki, qarşıdakı görüşlərdə qələbə qazanasınız?
- Sözsüz ki, bu fasilə bizim xeyrimizə olacaq. Növbəti tura isə biz optimal heyətlə çıxacağıq. Fasilədən sonrakı matçda qələbə bizim olacaq, buna əminəm. Çünki çox güclü heyətimiz var və biz avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparmalıyıq.
- Hazırda Azərbaycan çempionatında legioner kimi çıxış edirsən. Bəs, Azərbaycan pasportunu alaraq yerli statusu ilə liqada oynamaq mümkün olacaq?
- Bu yaxınlarda Azərbaycan pasportu almışam. Ona görə mən bundan sonra limit hesab ediləcəm.
- Əsas heyətdə necə, oynamağa müəssər olacaqsan, yoxsa legionerlərin arasında bunun çətin olacağı fikrindəsən?
- Bizim çox yaxşı legionerlərimiz var. Amma bu o demək deyil ki, onları əsas heyətdən sıxışdırıb çıxarmaq mümkünsüzdü.
- Azərbaycan millisinə cəlb olunmaq kimi məqsədin var? Heç, AFFA-dan səninlə kimsə gələcəkdə milliyə cəlb oluna biləcəyinlə bağlı danışıb?
- Əlbəttə ki, bu cür məqsəd var. Amma indi mən yalnız “Sabah”ın oyunlarına köklənmişəm. Özümü yaxşı tərəfdən göstərəcəm ki, növbəti dəfə məni də milliyə dəvət etsinlər.
- Yayda “Sabah”la müqavilə imzalamamışdan əvvəl, Azərbaycanın digər klublarından təklif almışdın?
- Bəli, başqa komandalardan da təklifim var idi. Amma indi həmin komandaların adlarını çəkməyin mənası yoxdu. Çünki artıq keçmişdə qaldı və mən hazırda “Sabah”ın futbolçusuyam.
- Milli komandanın skautu İlqar Qurbanov saytımıza açıqlamasında bildirib ki, “İldar gələcəyin Zaur Tağızadəsi ola bilər”. Səncə, belə ola bilər? Ümumiyyətlə, Zaur Tağızadə haqda məlumatlısan?
- Bəli, Zaur Tağızadəni tanıyıram. Onun əvvəllər çox yaxşı futbolçu olduğunu eşitmişəm. Amma mən daha çoxuna nail olacağıma əminəm.