“Qarabağ”ın bu mövsüm Konfrans Liqasının qrup mərhələsində çıxışını izləyirəm. Komanda çox uğurlu və çox yaxşı oyunlar sərgiləyir. “Qarabağ”ın “Omoniya” ilə görüşdə də qələbə qazanacağına əminəm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Artim Şakiri deyib. Şimali Makedoniya millisinin sabiq kapitanı Ağdam klubunun Konfrans Liqasındakı liderlik şansını dəyərləndirib.
2008/2009 mövsümündə ağdamlıların futbolçusu olmuş Şakirinin fikrincə, “Qarabağ” Kipr klubu ilə oyundan sonra “Bazel”ə də uduzmayacaq: “Qarabağ” “Omoniya” ilə səfər görüşündə yetərincə yaxşı futbol oynayıb, layiqli qələbə qazanmışdı. Bugünki matçda da “Qarabağ”ın qələbəsinə şübhəm yoxdu.
Onlar bu gün qalib gələrək qrupu lider kimi başa vuracaq. Son turdakı "Bazel"lə oyun? İsveçrədəki görüşdə də “Qarabağ”ın uduzmayacağını düşünürəm. Onlar qrupu qalib başa vura bilər".