Şimşək çaxsın belə hakimliyin başına

10:50 - 3 Fevral 2023

“Neftçi” – “Zirə” matçının 75-ci dəqiqəsində VAR hakimi Nicat İsmayıllının epizoda dəxlisiz müdaxiləsi aranı elə qatdı ki, hamı çaşıb qaldı, qırmızı vərəqə görən Gerye də gözləri bərələ halda meydançanı tərk eləməli oldu. Yan xətt hakiminin bayrağını qaldırdığı açıq-aşkar ofsayd epizodundan sonra baş hakim Rəşad Əhmədovun monitor qabağına niyə çağırılması tapmaca halına gəldi.

 

Şimşək effekti verən həmin anlaşılmaz qərardan sonra barış üçün Hakimlər Komitəsinin sədri Barış Şimşek peyda oldu səhnədə. “CBC Sport”un efirinə çıxan hakimbaşı dolayı yolla Nicat İsmayıllının səhvini etiraf etmiş oldu. Ümumiyyətlə, Barış Şimşekin əvvəlki sədrlərdən əsas fərqi ondadır ki, qabaqkılar hər hakim səhvindən sonra dirəşib ağa qara deməyə çalışırdılarsa, türk mütəxəssis səhvləri etiraf etmək üsuluna üstünlük verir. Əslində, çox maraqlı və effektiv metoddur. Barış bəy səhvləri etiraf eləyir, qarşı tərəf də “keçənə güzəşt deyiblər” yanaşmasıyla çox da məsələnin üstünə getmir.

 

Ancaq Barış bəyin etirafları artıq pis görünməyə başlayıb. Bir deyil, iki deyil, üç deyil... Hakimliklə bağlı problemlər bütün dünyada var, olub və olacaq da! Amma “Neftçi” – “Zirə” matçındakı epizod adi səhv deyil. Xüsusən də, bu səhvin kim tərəfindən kimə qarşı edilməsi çoxlu suallar doğurur.

 

Əgər ötən mövsümlərdə “Zirə” Elçin Məsiyevin əlindən dad edirdisə, cari mövsüm Rəşad Sadıqovun komandasına qənim kəsilən şəxs Nicat İsmayıllıdır. İlk dəfə 3-cü turda “Zirə”yə tərs gələn İsmayıllının sanki o vaxtdan Rəşad Sadıqovla ulduzu barışmır. 18-ci turda “Kəpəz”lə oyunda 4 dəqiqəyə “Zirə”nin 2 oyunçusuna qırmızı vərəqə göstərən, əcaib qərarlarla yadda qalan hakim, “Neftçi” ilə son matça da damğasını vurdu. Adama deyərlər ki, ofsayd verilən epizodda baş hakimi VAR-a çağırmaqda məqsədin nədir? Harada görülüb ki, sarı vərəqəyə görə baş hakimi monitorun qabağına çağırsınlar?

 

Barış Şimşek hər şeyi yaxşı görür, kimin kimə münasibəti nədirsə, yaxşı bilir. Sadəcə, Nicat İsmayıllını hər dəfə “Zirə”yə urcah eləməkdə Barış bəyin məqsədinin nə olduğunu anlamaq olmur. İndi də Barış Şimşek həmişəki kimi üzrxahlıq edir, hakimlərinin səhv etdiyini dilə gətirir. Rəhmətlik Yaşar Nuri demişkən, hə, nolsun?! Olan yenə “Zirə”yə oldu...

 

Həmid

Xəbər xətti