Azər Bağırov: "Gələcək üçün Konfrans Liqası, Avropa Liqası və Çempionlar Liqasını düşünürük" - MÜSAHİBƏ

17:55 - 23 Mart 2023

I Divizionun lideri olan "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Sportal.az saytına müsahibə verib:

- Naxçıvanda futbola maraq necədir?

- Ötən ilin mart ayında komanda Region Liqasında çıxış edərkən Naxçıvana gəldim. Artıq bir ildir buradayam. Doğrudan da Naxçıvanda futbola çox böyük maraq var. Oyunlarımız həftəarası günlərə düşməyinə baxmayaraq stadiona 1500-2000 azarkeş gəlir. Stadionumuzun tutumu 12000-ə yaxındır. Azarkeş dəstəyimiz yetərincə var. Naxçıvanda bir neçə universitet fəaliyyət göstərir. Orada oxuyan tələbələr oyunlarımıza gəlirlər. Komandamız Premyer Liqaya yüksəlsə, matçda şənbə-bazar günləri olacaq. Belə olan halda ən azı 6000-7000 nəfər bizi tribunada dəstəkləyəcək. Bu da komandamıza həm maddi, həm də mənəvə cəhətdən çox böyük kömək olacaq.

- Naxçıvan uzaqda yerləşir. Futbolçuları bura gəlmək üçün razı salmaq çətin deyil?

- İlkin fikirlər belə formalaşıb ki, Naxçıvan uzaqdır. Amma futbolçular üçün Naxçıvana gəlmək Tovuza getməkdən daha asandır. Çünki, təyyarə ilə bir saatlıq uçuş var. Maddi cəhətdən bir az çətinlik törətsə də, yorğunluq baxımından heç bir problem yaşamırıq. Futbolçuların iki fətədən bir uçmağında problem yoxdur. Almaniya, İspaniya çempionatlarında komandalar oyun günü bir şəhərdən digərinə uçurlar. Bu, sırf peşəkarlıqdır. Biz də çalışırıq ki, futbolçularımıza bunları aşılayaq.

- Futbolçular Naxçıvana uyğunlaşa bilirlər?

- Gördüyünüz kimi bura həm təmiz, həm də gözəl şəhərdir. 2018-ci ildən bu yana Naxçıvana tez-tez gəlirəm. Burada çox böyük dəyişikliklər var. İnanıram ki, komandamız Premyer Liqaya yüksəlsə Naxçıvanda daha böyük dəyişikliklər olacaq. Çünki, bu, qaçılmazdır. Legionerlər gəlişi, böyük klubların bura səfər etməsi...Həm infrastrukturda, həm də digər məsələlərdə dəyişikliklər olacaq.

- Klubun infrastrukturu necədir? Məşq meydançası, futbolçuların qalma məsələsi nə yerdədir?

- Futbolçularımız ilkin olaraq oteldə qalırdılar. Düşündük ki, onları bir yerdə çox saxlamaq sıxıcı olacaq. Buna görə də oyunçular üçün evlər tutduq. 3-4 nəfər eyni yerdə qalır. Yeməyi hamı bir yerdə oteldə yeyir. Həm təmizlik, həm də futbolçulara nəzarət etmək baxımından belə qərar verdik. Qalmaq məsələsi ilə bağlı bu gün heç bir problemimiz yoxdur. Premyer Liqaya yüksəlsək, tikintisi başa çatmaq üzrə olan binalardan oyunçulara evlər veriləcək. Məşq şəraitinə gəlincə, stadionla bağlı problemimiz var. Düşünürəm ki, şəhər rəhbərliyi və klubumuzun prezidentinin dəstəyi ilə bu məsələ yaxın vaxtda həllini tapacaq.AFFA-nın qarşımıza qoyduğu meyarlardan biri də stadion məsələsidir. Bunu həll etdikdən sonra böyük ölçüdə heç bir problemimiz qalmayacaq.

- Naxçıvanda futbolla bağlı göyük işlər görmək üçün postensialı necə dəyərləndirirsiz?

- Bura gələrkən klub prezidenti ilə danışdıqda çox böyük planlarımız var idi. Bunların uzunmüddətli planlar olması məni çox sevindirdi və cəlb etdi. Hər şeyi yavaş-yavaş qurmaq istəyirik. Komandanın Premyer Liqaya yüksəlməsi, avrokuboklarda iştirak etməsi bizim üçün pillələrdir. Pilləkəni yavaş-yavaş qalxıb onun altını doldurmaq istəyirik. Düşünürəm ki, klub rəhbərliyi ilə qarşımıza qoyduğumuz hədəflərin öhdəsindən gələcəyik. 

- Komandada naxçıvanlı gənclər var?

- 10 ildir ki, Naxçıvanda futbol yox idi. Bu baxımdan problemlərimiz var. Futbol olmayandan sonra burada futbolçu necə yetişə bilər? Çatışmazlıq çoxdur. Hazırda olan futbolçularda da o potensial yoxdur ki, bir neçə il sonra Azərbaycanın milli komandalarında oynayacağını deyək. Amma akademiyada bəzi oyunçular var ki, 4-5 ildən sonra onları yaşıl meydanlarda görə bilərik.

- 10 xal fərqlə I Divizionda lidersiz. Çempionatın geridə qalan hissəsini necə dəyərləndirirsiz?

- 10 xallıq fərq olmasına baxmayaraq, qarşıda hələ 24 xallıq yürüş var. Qorxutmaq istəmirəm, amma hələ də mənim üçün təhlükəlidir. Hələ heç nə həll olunmayıb. Hər matça maksimum hazırlaşmaqla mövsümü çempion kimi bitirəcəyimizi düşünürəm.

- I Divizionun səviyyəsi necədir?

- Bir neçə ildir ki, I Divizionda çalışıram. Bıranın səviyyəsi mənim üçün çox maraqlıdır. Məncə, çempionatın səviyyəsi çox yüksəkdir. "Şamaxı"nın heyətinə baxsaq, görərik ki, I Divizionda oynayan futbolçular komandanın aparıcı üzvlərinə çevriliblər. Burada çox oyunçular var ki, gələn il Premyer Liqada öz sözlərini deyə bilərlər. "Neftçi-2", "Səbail-2", "Zirə-2", "Qarabağ-2"də böyük komandalarda oynaya biləcək futbolçular var. 

- Əvəzedici komandaların I Divizionda oynamağını doğru hesab edirsiz?

- Mən tam fərqli fikirləşirəm. Artıq növbəti mövsümdən çempionatlar ayrılacaq. Gec də olsa, bu qərar verildi. Əvəzedici heyətlər, I Divizion, Premyer Liqa tam fərqli turnirlərdir. Çempionatın formatı fərqli olmalıdır. Avropa ölkələrinin aşağı liqalarında yaş limiti yoxdur. Bizdə də bu qərarlar verilməlidir, yaş limiti aradan qaldırılmalıdır. Çempionatların ayrılmağı çox yaxşı oldu. "Real-2", "Barselona-2" kimi komandalar var ki, orada 23 yaşa kimi futbolçular oynayırlar. Bəzən olur ki, zədədən qayıdan futbolçular öz formalarını bərpa etmək üçün orada çıxış edirlər. Həmin futbolçuların çempionata böyük xeyrinin dəyəcəyini düşünmürəm. Bunu sırf oyunçunun bərpa prosesi üçün faydası var.

- "Araz Naxçıvan"ı Premyer Liqaya hazır hesab edirsiz?

- Bu gün komandamız Premyer Liqaya hazır deyil. Biz I Divizion üçün kollektiv toplamışıq. Premyer Liqa üçün tam fərqli sistemdə işləyəcəyik. Daha peşəkar, daha səviyyəli futbolçular cəlb olunmalıdır.

- Klub Premyer Liqa üçün lisenziya şərtlərini yerinə yetirib?

- Bu şərtlər böyük ölçüdə həll olunub. Əsas çatışmazlıq meydança və işıqlandırma ilə bağlıdır. Muxtar Respublika rəhbərliyi və klubumuzun rəhbərliyi yaxın vaxtlarda bu problemi də aradan qaldıracaq. Futbol bu gün böyük dövlət proqramıdır. Bu işdə hamının dəstəyi, əməyi olmalıdır.

- Gələcək üçün "Araz Naxçıvan"ın əsas hədəfləri nədir?

- Əlbəttə ki, hər bir əsgər general olmaq istəyir. Biz də gələcək üçün Konfrans Liqası, Avropa Liqası və Çempionlar Liqasını düşünürük. Amma bunun üçün təməli möhkəm etməliyik. "Qarabağ" özü bir nümunədir. Komanda neçə illər Avrokuboklara vəsiqə qazana bilmirdi. Onurğa sütununu düzəldəndən sonra artıq avrokuboklara iddia etmək olar. Ən doğru olanı budur. Çünki, bir il Konfrans Liqasına yüksəlib, növbəti mövsüm Premyer Liqanı tərk etməkdənsə köklü klub kimi formalaşmaq daha önəmlidir.

Elçin Əlixan, Naxçıvan

Xəbər xətti