Ötən mövsümü Region Liqasında mübarizə aparmış "Füzuli" 2023/2024 sezonunda Azərbaycan II Liqasında çıxış edəcək. Liqanın iddialılarından olacağı gözlənilən kluba yeni prezident təyin edilib. Söhbət Rauf Quliyevdən gedir. Klubun yeni prezidenti Sportal.az saytına müsahibəsində iddialarından söhbət açıb.
- "Füzuli"yə gəlişiniz necə alındı?
- Kluba yeni gəlmişəm. Hardasa 20 gündür ki, "Füzuli"dəyəm. Özüm şirkət rəhbəriyəm. 7-8 ildir ki, uşaq futbolu ilə də maraqlanırdım. Mənə təklif oldu ki, kluba prezident kimi gəlim, razılıq verdim. Fikirləşdim ki, niyə də olmasın? Çalışacam ki, komandanın uğurlar qazanmasında xidmətimiz olsun.
- Öncədən futbolla maraqlanırdınız?
- Bəli, azarkeş kimi marağım olub, özüm də Füzulinin "Tufan" klubunda oynamışam. Respublika birinciliklərində, çempionatlarda oynamışıq. Baş məşqçimiz Vəkil Nağıyev olub. Futbolla uşaqlıqdan maraqlanırdım. Şadam ki, buradayam.
- İddialar nədən ibarətdir?
- Əsas məqsədimiz normal komanda formalaşdırmaqdır ki, çempionatda digər komandalara normal rəqabət apara bilək. Təbii ki, iddialar hər kəsdə var. Amma bu gün əsas məqsədimiz odur ki, "Füzuli"nin adına layiq komanda formalaşdıraq və çempionatda yaxşı mübarizə apara bilək. İddialı danışmaq kimi çıxmasın, yaxın beş il ərzində çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Öncə, layiqli komanda yaradacağıq. Bu gün ən böyük problemimiz uşaq futboludur. Var, amma o səviyyədə deyil. Əvəzedici heyətimiz, oyun meydançamız da yoxdur. Bunların hamısını qaydasına salmaq lazımdır. Zaman alan məsələlərdir. Onları da etməsək, başqa iddiamız ola bilməz. İstəyirik təməli elə qoyaq ki, "Füzuli" daim iddialılar sırasında yer alsın. Fərqi yoxdur rəhbərlikdə mən oldum və ya başqası. Hər bir rayonda olduğu kimi Füzulidən futbolçular, güləşçilər, cüdoçular çıxıb. İdman rayonumuzda aktiv olub. Sadəcə 30 illik məcburi köçkünlük dövründə hər şey darmadağın olmuşdu. İndi məqsədimiz odur ki, Füzuliyə köç geriyə qayıdanda istədiklərimizi reallaşdıraq. Deyilənə görə, 2025-ci ilə qədər Füzulinin öz stadionu olacaq. Biz orada "Füzuli"yə layiq komanda ilə rəqiblərimizi qarşılayacağıq.
- Bu mövsüm üçün II Liqa oyunlarınızı Füzulidə və ya ora yaxın rayonlarda keçirmək ehtimalı var idi?
- Füzulinin Horadiz şəhərində stadion var. Sadəcə ot örtüyü bərbad vəziyyətdədir. Bu mövsüm oyunlarımızı orada keçirmək əsas variant idi. Lakin paltardəyişmə otaqları yoxdur. Ola bilsin ki, ikinci dövrədə rəqibləri Horadizdə qəbul etdik. Sadəcə ot örtüyünü və paltardəyişmə otaqlarını qaydasına salmalıyıq. Köç olduqdan sonra yəqin ki, Füzulidəki stadionun da inşasına start veriləcək.
- Horadizdəki stadionun təmirində maraqlısız?
- Bəli, iki gün öncə ordaydım. Təmiri özümüz edəcəyik. Ot örtüyü tamamilə bərbad durumdadır, demək olar ki, yoxdur. Paltardəyişmə otağı da ürəkaçan vəziyyətdə deyil. Onları təmir etdikdən sonra rəqiblərimizi orada qəbul etmək istəyirik. Bu mövsümə də çatmasaq, gələn mövsüm üçün bunu reallaşdıracağıq. Yəni, ən pis halda 2023/2024 mövsümündə rəqiblərimizi "ASK Arena"da qəbul edəcəyik. Müqaviləmiz də var.
- Maliyyə məsələsini necə həll edirsiz? Yalnız AFFA-dan gələn pulla maliyyələşmisiz, yoxsa sponsorlarınız var?
- AFFA-dan gələn vəsaitdən əlavə sponsorlarımız var. Onlardan biri BST şirkətlər qrupudur. Bir-iki sponsorlarımız da var ki, onlarla müqavilə imzalayacağıq. Böyük, nəhəng müqavilə olmasa da, II Liqaya yetəcək qədər maliyyə ortaya çıxaracağıq.
- Futbolumuzda böyük iddialarla gələn oliqarx şəxslər də az olmayıb. Amma onlar arasında futboldan küsdürülənlər də var. Futbolda hansısa haqsızlıqla qarşılaşsanız bu, sizi futboldan küsdürə bilər?
- Xeyr. Çünki küssəm, özümdən küsmüş olacam. Mən Füzuli rayonunun oğluyam. İstəyirəm ki, bizim də bu işdə bir xidmətimiz olsun. Özüm özümdən küsməyəcəmki? Bu cür ehtimal yoxdur. İnanırıq ki, klubumuz davamlı olacaq, yaşayacaq. Biz özümüzü təsdiq etməliyik. Regionda olanda maraq var idi, II Liqada bir az da artacaq. Adımızdan söz etdirsək, daha yaxşı olacaq.
- Komandanın hazırkı durumu necədir?
- Region Liqasında çıxış edəndə komandamızda yer alan oyunçular indi də bizimlədir. Yeni məşqçimiz Amit Quluzadədir. Hamımız onu tanıyırıq. Bu dəqiqə açıqlamaq istəmədiyimiz iki yeni transferlərimiz olacaq. Premyer Liqada oynamış oyunçulardır. Həm II, həm də I Liqada da çox iddialı komandalar var, bunu bilirik. Onlarla başabaş oyun oynamaq istəyirik.
- Bölgənin ən iddialı bə böyük klubu elə "Qarabağ"dır. Siz də "Füzuli"ni bu komanda kimi avrokuboklarda görməyi xəyal edirsiz?
- General olmaq istəyən əsgər yoxdur. Təbii ki, hər kəsin istəyi var. Amma reallıqlar başqa cürdür. "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyevin bu yaxınlardakı müsahibəsini oxudum. Özünüz görürsüz nə qədər problem var. Hər şey maliyyə ilə əlaqədar deyil.
- Amit Quluzadəni baş məşqçi postuna gəlməyə necə razı sala bildiniz? Çünki karyerasını davam etdirmək varianti da var idi...
- Amit özü də Füzulidəndir. O da bizim kimi Füzuliyə görə fədakarlıq etdi. Yardımçıq olmaq istədi. Füzulidən olan başqa oyunçularla danışmamışıq, görüşməmişik. Bəlkə də, kimlərsə də bizə kömək etmək istəyər. Söhbət maddiyyatdan yox, mənəvi köməkdən gedir. Füzulinin ziyalıları bu gün hər biri zəng vurur, hər kəs yardımçıq olmaq istəyir. Oyunçular hər zaman biləndə ki, ziyalıların, Füzuli camaatının dəstəyi var, çox yaxşıdır.
- Mövsümün açılışından əvvəl Füzuli ziyalıları və azarkeşləri ilə komanda arasında görüş planlaşdırırsız?
- Bəli, rayonumuzun, ölkə ictimaiyyətinin ziyalıları, ağsaqqalları ilə görüş keçirmək fikrimiz var. Zaman göstərəcək. Biz bu dəqiqə çalışırıq ki, oyunlarımızı ən azından Horadizdə keçirək. Çünki ən azından on minlərlə camaatımız orada yaşayır. Onlara üçün də yaxşıdır ki, komandalarını elə Füzulidə dəstəkləsinlər. Hər dəfə Füzulidən Bakıya gəlib dəstəkləyə bilmirlər. Azarkeşlər dəstəyi həmişə üstünlükdür.
- Yəqin ki, gələcək üçün "Füzuli"nin əsas məqsədi Füzulidə məskunlaşmaqdır?
- Bəli, mütləq belədir. Füzulidə İdman Olimpiya Kompleksi tikiləcək. Bununla yanaşı, stadionumuz inşa ediləcək. 2025-ci il üçün planlaşdırılır. Stadionun tutumu ilə bağlı məlumatım yoxdur. Amma rayon üçün yəqin ki, 3-4 minlik nəzərdə tutular. Təbii ki, orada bizim də iştirakımız olacaq. Sponsorlarımız varsa, hamı əlindən gələni edəcək.
- Futbola gəlişiniz öz işinizə mane olmur?
- Xeyr, əsla. Çünki klubun idman və icraçı direktoru var. Bütün işləri onlar aparır. Biz də kənardan dəstək oluruq. İşimə heç bir təsir etmir.
Mirbağırağa
saytlarin hazirlanmasi