Vüqar Nadirov: "Artıq futbol oynamağı bitirdim, məşqçi kimi fəaliyyət göstərəcəyəm"

20:53 - 6 İyun 2024

"Hypers" klbu pey-off mərhələsində "Şəfa"nı məğlub edərək II Liqaya vəsiqə qazanıb.

Region Liqa təmsilçisinin kapitanı Vüqar Nadirov oyundan sonra Sportal.az saytına açıqlama verib. Təcrübəli hücumçu məqsədlərinə nail olduqlarını bildirib:

"8-9 ay ərzində birlikdə olduq, gözəl bir ailə idik. Qarşımıza Region Liqasında çempion olmaq hədəfi qoymuşduq. Təəssüf ki, alınmadı. Amma hər işdə bir xeyir var. Allah bizə ikinci qapını açdı. Şükürlər olsun ki, buna nail olduq. Bizim məqsədimiz II Liqaya yüksəlmək idi. "Şəfa" gənc komandadır, onların gələcəyi var. İnanıram ki, onlar da yenidən II Liqaya qayıdar".

Vüqar Nadirov növbəti mövsüm üçün planları haqda danışıb. O, II Liqada daha iddialı "Hypers" olacağını bildirib:

"Dəqiq bilmirik dövlət tərəfindən nə qədər yardım olacaq. Deyirlər məbləğ artırıla bilər. Sabahdan yeni mövsüm üçün oyunçu axtarışına başlayacağıq. Dəyişikliklər çox olacaq. II Liqada yaxşı "Hypers" görəcəksiz".

Milli komandamızın sabiq üzvü gələcək planları haqda danışıb. O, məşqçiliyə başlayacağını bildirib:

"Son oyunuma çıxdım. Düşünürəm ki, artıq futbol oynamağı bitirdim. Məşqçilik üçün B kateqoriyasını almışam. II Liqada məşqçi kimi fəaliyyət göstərəcəyəm. Çalışıram ki, məşqçiliklə bağlı biliklərimi artırım. Oxumağa davam edəcəyəm. Fikrim PRO kateqoriyasını almaqdır".

Elçin Əlixan

Xəbər xətti