“Qazaxıstan zəif komanda deyil”.
Sportal.az xəbər verir ki, bunu İdman.bizə Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev deyib.
O, bu gün Macarıstanda keçiriləcək Azərbaycan – Qazaxıstan oyununu dəyərləndirib. Musayevin sözlərinə görə, əvvəldən də tanış rəqiblə qarşılaşma asan olmayacaq: “Millimiz bu gün müvəqqəti məşqçi Arif Əsədovun rəhbərliyi altında meydana çıxacaq. Futbolçu üçün bunun fərqi böyükdür. Çünki komanda daimi baş məşqçi olduğu zaman daha məsuliyyətli oynayır. Hər halda, təyin edilən məşqçi ən azından cavabdehlik daşıyar. Bütün bunlarla yanaşı, hazırda futbolçuların istirahət vaxtıdır. Baş məşqçi məsələsinə aydınlıq gəlsəydi, daha ürəklə oynayarlar. Həmçinin artıq öz güclərini göstərməlidirlər. Bu gün üçün yaxşı futbolçularımız var. Sadəcə onlardan yaxşı istifadə etmək lazımdır”.
PFL-in sabiq rəhbəri Azərbaycan millisində baş məşqçi postuna əcnəbinin gətirilməsinin də əleyhinə olduğunu vurğulayıb: “AFFA-nın yeni prezidenti Rövşən Nəcəf bu sahədə düzgün qərar verəcək. O, gəncdir və istəklidir. Bu sahədə 20 illik təcrübəsi olan biri kimi deyə bilərəm ki, yerli baş məşqçidən yapışmaq lazımdır. Fikrimcə, öz məşqçilərimizdən yaxşısı yoxdur. Yerli futbolçularımızın nəyə malik oluğunu çox gözəl bilir. Ancaq ona da müəyyən səlahiyyətlər verilməli və qarşısına "filankəsi oynatmalısan" kimi şərtlər qoyulmamalıdır. Bir sözlə, xaricdə ehtiyatda oturanları oynatmaq lazım deyil. Praktikaya nəzər salsaq, əcnəbi baş məşqçilərlə nə əldə etdiyimizi görərik. Bizə heç bir xeyirləri dəyməyib. Ona görə də yalandan pul töküb xarici məşqçi gətirməyə ehtiyac yoxdur. Yerli mütəxəssis nəticə verməsə, ən azı sabah şəhərə çıxanda azarkeşdən çəkinəcək ki, qarşımı kəsib sual verərlər. Xarici məşqçi uduzanda isə “nə edim belə alındı” deyir”.
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi