Millimizin qapıçısı: "Bir neçə klubdan təklif almışam"

20:22 - 13 İyun 2024

"Qəbələ"dən bu ayın sonunda ayrılacaq milli komandamızın qolkiperi Rəşad Əzizlinin yeni mövsümə hansı klubda başlayacağı hələ ki, dəqiqləşməyib. Onun xidmətində "Turan Tovuz", "Şamaxı" və "Sumqayıt"ın maraqlı olması barədə xəbər vermişdik.

Sportal.az saytına açıqlama verən Əzizli ona təkliflər olduğunu təsdiqləyib. Amma 30 yaşlı qapıçı qəti qərarını verməyib:

"Bəli, bir neçə klubdan təklif almışam. Millinin düşərgəsindən yeni qayıtmışam. Həmin vaxtı bütün diqqətimi millidəki çıxışıma yönəltmişdim. Daimi oynayacağım, ən uyğun variantı seçəcəm. Əsas olan elə daimi oynamaqdır. Buna uyğun seçimi edəcəm".

O, klub seçimində maliyyə məsələsinin önəmli olub-olmayacağı barədə isə belə danışıb: "Ümumiyyətlə, hər bir işdə ortaq məxrəcə gəlmək olur. Allah qoysa. ortaq bir yol taparıq".

Qeyd edək ki, "Neftçi", "Simurq", "Rəvan", AZAL, "Səbail", "Sumqayıt", "Keşlə", "Şamaxı" klublarında çıxış edib.

Mirbağırağa

Xəbər xətti