Millimizin baş məşqçisi: "Səhvlərə yol verdik və dördüncü qolu buraxdıq"

23:23 - 25 Oktyabr 2024

Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsi çərçivəsində “Liv Bona Dea Arena”da Portuqaliya yığması ilə keçirilən oyundan (1:4) sonra fikirlərini bildirib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Əsgərov millmizin məğlubiyyətini şərh edib:

"Rəqibin gücü bəlli idi. Doğma azarkeşlərimiz önündə sərfəli nəticə qazanmağa çalışdıq. Lakin Portuqaliya yığması bizi səhvlərə məcbur edirdi. Düşünürəm ki, ikinci hissəyə daha yaxşı başladıq, qol da vurduq. Ondan sonra qızlarda tələskənlik yarandı, ikinci qolu vurmağa can atdılar. Ancaq səhvlərə yol verdik və dördüncü qolu buraxdıq. Nəticə bizi məyus etdi. Yenə də komandamız sona qədər qorxmadan mübarizə apardı".

Baş məşqçi cavab oyunu barədə də fikirlərini bölüşüb: “Bugünkü matçı komanda olaraq müzakirə edəcək, səhvlərimizi düzəltməyə çalışacağıq. Bu gün hesab ürəkaçan olmadı. Portuqaliyaya minimum heç-heçə üçün yollanacağıq”.

Qeyd edək ki, millimiz oktyabrın 29-da Vizelada cavab matçına çıxacaq.

Xəbər xətti