Ramin Musayevdən AFFA-nın keçmiş rəhbərliyini qınayanlara cavab: “AzTV-də faktlarla danışılacaq”

19:05 - 20 Noyabr 2024

“Dünən hansı matç baş tutdu ki?”.

Sportal.az xəbər verir ki, bunu İdman.biz-ə Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev deyib.

O, Millətlər Liqasının VI turunda baş tutan İsveç - Azərbaycan matçını dəyərləndirməkdən imtina edib. Musayev bildirib ki, 0:6 hesabı ilə məğlub olduğumuz görüşdə komandamızın oyunundan söhbət belə gedə bilməz: “Xırda dövlətlərdə olan futbolun yarısı bizdə yoxdur. Bunun üçün ağlamaq lazımdır. Çünki uşaq futbolu nə vaxta kimi inkişaf etməyəcəksə, bu idman növü bizdə olmayacaq. Bunu ilk gündən demişəm. Aşağı yaş qrupları futbolun bünövrəsidir. Bünövrəsiz ev müvəqqəti tikilir, tez də aşır. Bizim futbolun da heç bir bünövrəsi yoxdur”.

Sabiq PFL rəhbəri AFFA-nın keçmiş rəhbərliyini qınayanların da cavabını verib: “Hər kəsin öz ünvanı var. Hamı vicdanına cavabdeh olmalıdır. Mən “Neftçi”də vitse-prezident kimi çalışanda rəhbərimiz Rövnəq Abdullayev idi. O, bütün səlahiyyətlərini mənə vermişdi. Bir uğur əldə edildikdə hamı onu təbrik edirdi. Lakin Abdullayev deyirdi ki, təbriklərinizi mənə yox, Raminə çatdırın. İndi AFFA-nın keçmiş rəhbərliyini günahlandırmaq lazım deyil. Həmin dövrdə uşaq futbolu inkişaf edirdi. Hazırda hamı Rövnəq Abdullayevi qınayır. O, gəlib Azərbaycan futbolunu bərbad edib, getməyib. Gəlin baxaq, Rövnəq Abdullayev həmin posta gələndə Azərbaycanda nə qədər stadion var idi, indi nə qədərdir? Sadəcə onun saflığından istifadə edərək Azərbaycan futbolunu yan üstə qoydular. Zaman gələcək bunların hamısı açıq şəkildə və canlı yayımda başqa kanalda da yox, birbaşa AzTV-də faktlarla danışılacaq”.

Qeyd edək ki, C liqasında cəmi 1 xal toplayan Azərbaycan millisi D liqasına düşüb.

Xəbər xətti