"Legioner limitinin ləğvinin mənfi tərəfləri daha çoxdur, futbolçular öz mövqelərini itirəcəklər"

15:50 - 12 Yanvar 2025

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu Sportal.az saytına açıqlama verib.

Vaxtı ilə Polşada legioner həyatı yaşamış Yunisoğlu 2024/2025 mövsümündən limitinin ləğv edilməsi ehtimalından danışıb:

"Düzü, mən limitin olmasını istəyirəm. Təbii ki, bunun həm müsbət, həm də mənfi tərəfləri var. Hazırda Azərbaycan futbolu limitsiz futbola hazır deyil və mənfi tərəflər daha çoxdur. Azərbaycanlı futbolçuların çoxunun səviyyəsi yüksək deyil. Legioner limiti tətbiq edilərsə, ən azından 50 faizi komandalarında öz mövqeləri itirəcəklər. Get-gedə həmin faiz də böyüyəcək. Ona görə bu futbolçular məcburiyyətdən birinci liqaya gedəcəklər. Aşağı liqalarımız isə bərbad vəziyyətdədir. Premyer Liqa ilə müqayisədə yerlə-göy qədər fərq var. Bundan sonra ən böyük zərbəni milli komandamız görəcək. Çünki əvvəl 25-30 nəfərdən oyunçu seçimi var idisə, o zaman 11 nəfəri güc-bəla ilə tapacağıq. Milliyə isə klublarında ehtiyatda oturanlar, dəvət olunacaq. Birinci liqadan dəvət etməyəcəklər ki. Üstəlik, Azərbaycana çox yaxşı, çox səviyyəli legionerlər də gələn deyil".

Mirbağırağa
 

Xəbər xətti