Valdas Dambrauskas: "Bir az daha soyuqqanlı ola bilsəydik, daha yaxşı nəticə əldə edə bilərdik"

01:07 - 8 Avqust 2025

Bu gün “Sabah” Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirib. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Bolqarıstanın "Levski" klubu ilə qarşılaşıb. Matçda meydan sahibləri son dəqiqədə vurduğu qolla qələbə qazanıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas bunları qeyd edib:

“Düşünürəm ki, taktiki baxımdan çox maraqlı oyun oldu. Biz bu oyuna planla gəlmişdik. Məğlub olmağımıza baxmayaraq, futbolçularımı yalnız tərifləyə bilərəm. Onlarla fəxr edirəm.

Düşünürəm ki, uzun müddət “Levski”yə qarşı yaxşı mübarizə apardıq. Rəqib səviyyəli komandadır, amma ilk hissədə bizim daha çox nəzarətimiz olan anlar var idi və hiss edirdim ki, bir az daha soyuqqanlı ola bilsəydik, daha yaxşı nəticə əldə edə bilərdik.

İkinci hissədə isə, əlbəttə, rəqib baş məşqçisinin pressinqə qarşı bir həll tapacağını və bizi pressinqdən kənarlaşdırmaq üçün yollar axtaracağını gözləyirdik və elə də oldu. Xüsusən də oyunun 60-cı, 68-ci dəqiqələrinə qədər Everton Balla daha dərin oynadı və orada əlavə oyunçu üstünlüyü yaratdı. Biz həmin anda bir az kompaktlığımızı itirdik və “Levski” üstünlük qazandı.

Amma bundan sonra biz də öz həll yollarımızı tapdıq və oyunun bərabər səviyyədə davam etdiyini düşünürəm. Və əlbəttə, stadiondakı atmosfer – bu gün orada möhtəşəm atmosfer var idi – bu, ev sahibi komanda üçün böyük üstünlük idi. Düşünürəm ki, əgər stadionda bu atmosfer olmasaydı, fərqli nəticə ola bilərdi.

İkinci hissədə bizim iki çox yaxşı qol imkanımız oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Amma bu sadəcə ilk oyundur. 90 dəqiqə geridə qaldı və indi “Levski”ni gələn həftə Bakıda qarşılayacağıq”.

Xəbər xətti