"Betis"də təcrübə keçən azərbaycanlı məşqçi - "İspanlar daha çox uşaqların fərdi inkişafına üstünlük verirlər"

15:58 - 9 Avqust 2025

"Şamaxı"nın məşqçisi Elnur Çodarov İspaniyaya yollanıb. O, PRO kateqoriyası məşqçilik kursu çərçivəsində "Betis" klubunda təcrübə keçir. Çodarovun bu klubda praktika keçməsinə bir vaxtlar "Betis"də çıxış eləmiş Vəli Qasımov yardımçı olub. 

Sportal.az saytına açıqlama verən Elnur Çodarov səfər təəssüratlarını bölüşüb:

"İspan futboluna maraq göstərdiyim üçün məhz İspaniyada təcrübə keçməyi planlaşdırırdım. "Betis" variantını "Şamaxı" klubunda akademiyamızın rəhbəri Vəli Qasımov təklif etdi. Başqa bir-iki variant da var idi, amma araşdırdım "Betis" daha uyğun gəldi mənə. Sağ olsun, Vəli müəllim. Buraya səfərim onun vasitəsilə reallaşdı. 

PRO kateqoriyasının tələbləri əvvəllər bir az fərqli idi. Eyni klubda həm əsas komandanın, həm də akademiyanın iş prinsipləri ilə tanış olub təcrübəni yekunlaşdırmaq mümkün idi. İndi isə tələb edirlər ki, iki fərqli klubda keçməlisən praktikanı - birində əsas komanda, digərində isə akademiyada olmalısan. 

"Betis"in akademiyasına gəlmişəm. Burada məni akademiyanın rəhbəri Migel Kalsado qarşıladı. Mən ora çatan günü "Betis" B komandası yoxlama oyunu keçirirdi, yeni mövsümə hazırlaşırdılar. Çox maraqlı oyun oldu. Matç bitəndən sonra əvəzedici komandanın baş məşqçisi ilə ətraflı söhbət elədim. 

Daha sonra akademiyaya getdik. Orada Məşqçilər Departamentinin rəhbəri Tino Luis ilə tanış oldum. Tino mənə ilk növbədə məşqçilərlə iş prinsiplərindən danışdı. Məşqçiləri necə seçirlər, onları necə inkişaf etdirirlər və s. "Betis"in akademiyasında 70 məşqçi var ki, onlar da 5 kateqoriyaya bölünür - baş məşqçi, köməkçi məşqçi, analitik məşqçi, fiziki hazırlıq üzrə məşqçi və qapıçı məşqçiləri. Kiçik yaş qruplarının hər məşqində minimum 3 məşqçi iştirak edir, böyüklərdə isə 4-5. 

Gördüyüm odur ki, ispanlar daha çox uşaqların fərdi inkişafına üstünlük verirlər. Texniki, taktiki, fiziki, psixoloji, bir sözlə hər şeyə fikir verirlər. Bu məsələyə o qədər həssas yanaşırlar ki, hər hansı uşağın orqanizmində inkişafı üçün nədəsə gerilik varsa, həkimlər fərdi qaydada çalışaraq sağlam gəlişimi təmin edirlər. Çünki elə bədən qüsurları var ki, onları yalnız müəyyən yaşa qədər düzəltmək olar, sonra mümkün deyil. Ona görə də, həkimlər, fizioterapevtlər, məşqçilər bu cür uşaqlarla özəl çalışmalar da aparırlar.

Uşaq komandaların bütün məşqlərindən video çəkilişlər aparılır. Sonra analitiklər qeydlərini edir və kimin nə çatışmazlığı olubsa, onun üzərində məhz həmin istiqamətdə işləyirlər. Nəzəri məşğələlərdə göstərilənlər artıq oyunlarda tələb kimi qoyulur futbolçuların qarşısında. Demək olar ki, detallı şəkildə izah olunur ki, kim oyunda nə etməlidir, necə etməlidir və s. 

Sonda mənə akademiyanın iş strukturunu izah etmək üçün daxili iclaslarına dəvət etdilər. Orada gördüm ki, bu struktur necə çalışır. Hesabatlar, tapşırıqlar, cari məsələlərin müzakirəsinə şahidlik etdim". 


Xəbər xətti