Azarkeşlərin etirazı fonunda sabiq futbolçu "Bavariya"da təcrübə keçməkdən imtina etdi

00:41 - 26 Oktyabr 2025

Jerom Boatenq “Bavariya”da təcrübə keçməkdən imtina edib.

Sportal.az xəbər verir ki, Münhen klubunun sabiq müdafiəçisi bu barədə öz sosial şəbəkə hesablarında məlumat verib. Daha əvvəl “Bavariya” azarkeşləri onun təcrübəçi kimi qayıdışına qarşı çıxmışdılar.

Boatenq keçmiş sevgilisi Kasiya Lenhardtı intihara sövq etməkdə ittiham olunmuşdu. Lenhardtin cəsədi 2021-ci ildə tapılmışdı. Həmçinin futbolçu iki qızının anası və keçmiş sevgilisi Şerin Zenlerə bədən xəsarətləri yetirməkdə də ittiham olunub. Münhenin regional məhkəməsi Zenlerin döyülməsi işi üzrə qərar çıxararaq, Boatenqi 200 min avro məbləğində şərti cərimə ilə cəzalandırıb.

Boatenqin açıqlaması belə olub:

“Əziz "Bavariya", əziz Vensan Kompani, son vaxtlar şəxsimlə bağlı aparılan müzakirələrdən sonra qərara gəldim ki, diqqətimi öz istiqamətlərimə yönəldim. A kateqoriyalı məşqçilik lisenziyasını almağa. Hazırda bu mənim əsas prioritetimdir. Sizin diqqətiniz isə yalnız oyunlara və bu heyrətamiz 13 qələbəlik seriyanı davam etdirmək məqsədinə yönəlməlidir.

Klub rəhbərliyinə və sənə, əziz Vensan, etimad və bu fürsət üçün çox minnətdaram. Ürəkdən arzulayıram ki, mövsümün sonuna qədər böyük məqsədlərinizə çatasınız. Həmçinin çoxsaylı azarkeşlərə də dəstək və saysız-hesabsız mesajları üçün səmimi təşəkkürümü bildirirəm. Sizin Boa.”

Xəbər xətti