Futzal üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, komandamız əvvəlcədən də xəbər verdiyimiz kimi, Danimarka yığması ilə qarşılaşıb.
İlk oyunla müqayisədə millimizin baş məşqçisi Yevgeni Kukseviç 14-lükdə 3 dəyişiklik etmişdi. Emin Kürdov, Kamran Hacıyev və Qüdrət Qasımzadənin əvəzinə Rövşən Hüseynli, Cavad Məmmədov və Tofiq Əliyev protokola daxil edilmişdi. Məqsəd toplanışa dəvət olunan bütün futzalçıları yoxlamaq idi. Nurlan Məmmədov isə səhhətində yaranmış problemlə əlaqədar bu görüşlərdə iştirak edə bilməyib.
Hesab 8-ci dəqiqədə açıldı. Rəqibdən topu “oğurlayan” futzalçılarımız qol sevinci yaşadı. Boş qapını dəqiq nişanm alan Fərid Abbasov oldu. 15-ci dəqiqədə rəqib status-kvonu bərpa etsə də, 18-ci dəqiqədə komandamız yenidən üstünlük qazandı. Bu dəfə Fərid Abbasov əla ötürmə ilə Emilin fərqlənməsinə şərait yaratdı. 30-cu dəqiqədə Cavad Məmmədov birbaşa qırmızı vərəqə aldığına görə, komandamız 2 dəqiqə azlıqda oynamalı oldu. Bu da rəqibin işinə yaradı və 30-cu dəqiqədə hesabı bərabərləşdirdi. Bərabərlik cəmi 1 dəqiqə davam etdi. Bu dəfə Ədalət Ələkbərli rəqibində sıyrılaraq qapıçı ilə təkbətək mübarizədən qalib ayrıldı. 34-cü dəqiqədə rəqib tam heyətlə hücumda olan zaman topu tutan Rövşən Hüseynli boş qapını nişan almaqla fərqi 2 topa çatdırdı.
Azərbaycan – Danimarka (2:1) 4:2
Qollar: Fərid Abbasov, 7:18, Emil Həsənzadə, 17:58, Ədalət Ələkbərov, 30:39, Rövşən Hüseynli, 33:09 // Mads Falk, 14:53, Ruben Vinther, 29:55
