"Qarabağ"ın sabiq müdafiəçisi Zaur Həşimov Sportal.az saytına müsahibə verib.
- “Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq. Bu görüşdə Ağdam təmsilçisinin hansı nəticəni göstərəcəyini ehtimal edirsiniz?
- "Qarabağ"ın rəqibi İngiltərənin köklü klublarından biri olan “Nyukasl”dır. Çox maraqlı oyunun şahidi olacağıq. Bu, dəqiqdir. Düzünü deyim, “Qarabağ”ın “Nyukasl”la görüşü haqda pozitiv düşünürəm. Necə olacağını isə oyunda görəcəyik.
- "Qarabağ"ın son vaxtlardakı sıx qrafikini nəzərə alsaq, futbolçularda “Nyukasl”la görüşdə yorğunluq ola biləcəyini ehtimal edirsiz?
- "Qarabağ"ın sıx qrafikdə oynaması, bu gün meydanda öz təsirini göstərəcək. Düşünürəm ki, məşqçilər heyəti bunu rotasiya edib, əvəzetmələrlə də kompensasiya etməyə çalışacaq.
- Ümumiyyətlə, İngiltərə klublarına qarşı hər bir ölkə təmsilçisinin çətinlik çəkdiyi aydındır. Sizcə, “Qarabağ” üçün bu görüşdə əsas problemi və çatışmazlıq nə ola bilər?
- Hazırkı “Nyukasl” oyunboyu daim presinq edir. Özü də, sürətli əks-hücumlara çıxırlar. “Qarabağ”ın bu oyunda əsas problemi “Nyukasl”ın fiziki cəhətdən üstün olmasıdır.
- “Qarabağ” bu mövsüm ilk dəfə deyil ki, İngiltərə klublarına qarşı oynayacaq. Azərbaycan çempionu bu mövsüm “Çelsi” ilə bərabərə qalıb(2:2), “Liverpul”a 0:6 uduzub. Ümumiyyətlə, həmin görüşlərdə “Qarabağ”ın performansı necə idi?
- “Çelsi”yə qarşı Bakıda qazanılan bir xal komandanın özgüvənini daha da artırmışdı. Bu, həm də futbolumuz üçün tarixi qələbə idi. “Liverpul”la oyunda isə klublar arasındakı səviyyə fərqinin böyük olduğunu gördük.
- “Qarabağ”ın “Nyukasl”ı keçməsi yəqin ki, daha böyük sürpriz olacaq? Proqnozunuz necədir?
- Təbii ki, “Qarabağ”ın “Nyukasl”ı keçməsi əsl sensasiya olacaq. Düzdür, favorit “Nyukasl”dır. Amma mən şansların 50/50-yə olduğunu düşünürəm.
Mirbağırağa
