"Kim olduğumuzu göstərməliyik" - Arbeloa

18:57 - 15 Aprel 2026

"Real" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin cavab matçı çərçivəsində Almaniyada "Bavariya"nın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Alvaro Arbeloa matçdan öncə açıqlama verib. İspaniyalı mütəxəssis geridönüşə inandığını bildirib:

"Biz Real"ıq. Stadiona qələbə qazanmaq və geridönüş etmək inamı ilə gedirik. Biz heç vaxt təslim olmayan komandayıq. 15 dəfə Çempionlar Liqasını qazanmışıq. Heyətimizdə çox güclü futbolçular var. Bəziləri ilk oyunda 100 faiz hazır olmasa da, sabah hazır olacaqlar. Heç kim oyuna 24 saat qalmış nəticənin necə olacağını dəqiq bilmir. Bu oyunda mental, taktiki, texniki və fiziki baxımdan çox yüksək səviyyədə olmalıyıq. Bunlardan birində belə zəiflik olsa, qalib gəlmək çətin olacaq. Həm fərdi, həm də komanda olaraq mükəmməl oyun göstərməliyik. 99 faiz kifayət deyil, maksimumumuzu verməliyik. Biz böyük komandayıq və güclü xarakterə malik futbolçularımız var. Belə bir stadionda, belə güclü rəqibə qarşı oynayarkən böyük xarakter ortaya qoymalıyıq. Onlar ötən həftə bizi məğlub etdilər. İndi isə öz azarkeşlərinin önündə çıxış edirlər. Onların bizdən üstün olacaqlarına inamı var. Kim olduğumuzu göstərməliyik.

Düşünmürəm ki, hansısa möcüzə etməliyik. Əgər əvvəlki oyunda qalib gəlsəydik, bu, heç də sensasiya olmazdı. "bavariya"nın qapıçısı matçın ən yaxşısı seçildi. Bu da bizim nə qədər şans yaratdığımızı göstərir. Əlbəttə, bütün komponentlər üzrə yüksək səviyyəli oyun keçirməliyik. Biz buna qadirik. "Real"ı tanıyan heç kim Almaniyada qələbəni möcüzə hesab etmir. "Bavariya" da böyük komandadır. Tarix, xarakter və mentalitet baxımından bizə layiqincə cavab verə biləcək klublardan biridir. Ola bilsin ki, bu, erkən final deyil, amma çox böyük bir oyun olacaq. Diqqətimizi özümüzə yönəltməliyik, çünki bu, nəzarət edə bildiyimiz yeganə şeydir. "Real"ın tarixi çətin, bəzən mümkünsüz görünən sınaqlarla yazılıb. Kubun tarixini daha da zənginləşdirmək və səfərdə geri dönüş etmək üçün mübarizə aparmağa hazırıq".

Qeyd edək ki, "Bavariya" - "Real" qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Madriddə keçirilən ilk matç Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti