Sosial şəbəkələrdə Qurban Qurbanovun üstündə müharibə gedir. Mövqe bildirənlər İki yerə bölünüblər - təcrübəli məşqçini dəstəkləyənlər və onu qınayanlar. Və hər iki tərəf fikrini qarşı tərəfə keçirmək istəyir. Qızıl ortanı müəyyənləşdirə bilmirlər. Əslində, cəmiyyətimizin bədbəxtçiliklərindən biri də elə budur. Demək olar bütün məsələlərdə belədir, ya o yanlıq qərar verirlər, ya bu yanlıq, ortaq məxrəcə gəlmək kimi vərdişimiz yoxdur.
Qurban Qurbanovu ya sev, ya sevmə, mütləq həqiqət odur ki, bu adam əfsanədir, canlı tarixdir, Azərbaycan futbolunun özüdür, üzüdür. Onun etdiklərini bir günün içində yerə vurmaq nəinki doğru deyil, qəbulolunmazdır.
Yazının bu yerində onu qınayanlar gəlib durur gözümün qabağında. Sanki üzümə baxıb çığırırlar ki, Kloppun, Qvardiolanın, Mourinyonun tənqid olunduğu dünyada Qurbanova niyə söz demək olmasın...
Haqlı iraddı, qəbul edirəm. Dünyada ən dahi məşqçilərin belə ayağı bir az büdrəyən kimi eşitmədiyi söz qalmır. Amma söhbət dünyadan getmir, bizdən gedir. Qəbul eləsək də, eləməsək də, demək olar hər şeydə özümüzə xas fərqliliklərimiz var. Bəzən bu yaxşıdır, bəzən də pis. Amma biz beləyik. Tam olaraq avropalaşa bilməməyimiz hardasa əleyhimizə işləyir, hardasa da elə özümüz kimi qalmağımızın qürurunu yaşayırıq. Qurban Qurbanov dünya futbolunun yox, bizim futbolumuzun qəhrəmanıdır. Böyük-kiçik yeri bilən, dəyərlərə hörmət bəsləyən bir xalq olaraq uzun illər çətin şərtlər altında möhtəşəm nəticələr verən Qurban Qurbanov kimi insanların layiqli qiymətini verməliyik. Sahənin fərqi yoxdur, öz peşəsində məsləyinin haqqını verən insanların yeri başqa olmalıdır cəmiyyətdə.
O ki qaldı uğursuzluqlara, il başlayandan "Qarabağ"da nəsə düz getmir. Ötən mövsüm qış fasiləsindən sonra parlaq qələbələr seriyasına aid olan yalnız "Ayntraxt" matçı var idi. Qalanı "ölüm-zülüm" təsiri bağışlayırdı. Elə bil maşın çəkmirdi. Bunları nəzərə alan Qurbanov köklü dəyişikliklərə getdi. Hələ ki müsbətə doğru bir şey yoxdur. Özü deyir ki, zamana ehtiyac var. Amma onu da başa düşməlidir ki, zəmanəyə etibar yoxdur. Ardıcıl ikinci il də çempionluğu əldən versə, nə ada-sana baxan olacaq, nə də köhnə xidmətləri nəzərə alan. Qurban Qurbanovun işi çox, vaxtı isə azdır.
Emin Abbasov
saytlarin hazirlanmasi
