"Qol sevincinə öncədən hazırlaşmamışdım, emosiyalar yüksək oldu, azarkeşlər də buna layiq idi" - Kərim Rossi

12:18 - 7 Sentyabr 2026

"Qəbələ"nin hücumçusu Kərim Rossi Sportal.az saytına müsahibə verib.

- “Qəbələ" bu mövsüm ilk qələbəsini qazandı. “İmişli” ilə görüşdəki qalibiyyəti necə şərh edərdin?

Oyuna çox yaxşı başladıq, çoxlu epizod yaratdıq və aqressiv idik. İlk hissədə üstünlük bizdə oldu. Ümumilikdə, bu qələbəyə layiq idik. Çünki ehtiras, aqressivlik nümayiş etdirdik və bunu daha çox istəyirdik. Komanda və bu oyunla fəxr edirəm.

- Kaxaber Tsxadadze istefaya göndərildi. Onun getməsi sizdə pozitivilik yaratdı? Necə oldu ki, gürcü mütəxəssis vəzifəsindən gedən kimi qalib gəldiniz?

Futbolda insanlar gəlib-gedir və klub baş məşqçini dəyişdirmək qərarını verdi. Asif Məmmədov və heyəti taktiki dəyişikliklər etdi, biz də onun planını yerinə yetirdik. O, bizdən ürəklə oynamağımızı istədi. Həftə ərzində bizi pozitivliklə işləməyə məcbur etdi və bu nəticə məni təəccübləndirmir.

- Bu matçda qol vurdunuz və komandanıza qələbə qazandırdınız. Bu qolu uzun müddət idi gözləyirdin?

Karyeram ərzində çoxlu qol vurmuşam, amma bu dəfə daha çox emosional idi. Çünki hücumçu üçün ilk qolu çox gözləmək istəmirsən. Amma ötən həftə keçmiş komandam “Şamaxı”ya qarşı ehtiyat oyunçular skamyasında oturdum. Bu, bir çox hisslərin qarışığı idi və bütün bu məyusluqları ürəyimlə buraxdım.

- Həmin qolu azarkeşlərlə birlikdə qeyd etdin. Yəqin ki, qolu vurduqdan sonra bu barədə düşündün, yoxsa əvvəlcədən bu cür qol sevinci edəcəyini planlaşdırırdın?

Dediyim kimi, bu, çox emosional bir an idi. Bu qol sevincinə hazırlamamışdım. Emosiyalar yüksək oldu, qol vurduqdan sonra ağlıma gələn ilk şey bunu azarkeşlərimlə birlikdə qeyd etmək idi. Çünki onlar da bu anı haqq edirlər. Bu, möhtəşəm idi və ümid edirəm ki, qarşıdakı matçlarda bizi dəstəkləmək üçün daha çox insan gələcək.

- Növbəti turda rəqibiniz "Kəpəz" olacaq. Onları səfərdə məğlub edə biləcəksiniz? Bu mövsüm "Kəpəz"ə qarşı yeni stadionunda oynamaq çətin olacaq?

Bu cür performansı qorumalı və bu yolda davam etməliyik. "Kəpəz"in yeni stadionu və yaxşı enerjisi var. Çox çətin oyun olacaq və biz yaxşı hazırlaşacağıq.

- Ötən mövsüm “Şamaxı”da çox qol vurmuşdun və hamı sənin haqqında danışırdı. “Qəbələ”də eyni şey baş verəcək? 

Ötən mövsüm yaxşı keçdi, amma indi məqsədim "Qəbələ"yə qollarım və performansımla kömək etməkdir. Klub buna layiqdir və daha yüksək yerlərdə olmalıdır. Mən də eyni performansı göstərəcəyimə ümid edirəm. 

Mirbağırağa
 

Xəbər xətti