Rəşad Sadıqov: "Belə təzyiq altında olmamışdıq" MÜSAHİBƏ

17:15 - 28 Noyabr 2014

"İdeal oynamasaq da, sona qədər mübarizə apardıq"

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində beşinci oyununda Fransada “Sent-Etyen” klubu ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ”ın kapitanı Rəşad sadıqovun apapsort.az saytına müsahibəsi

 

- Səfərdə ilk heç-heçəyə nail oldunuz. Oyunla bağlı nə deyə bilərsiniz?

- “Sent-Etyen”in oyununu analiz etmişdik. Bakıdakı ilə müqayisədə bu dəfə qarşımıza fərqli komanda çıxmışdı. Bunu gözləyirdik. Rəqibin ilk dəqiqələrdən bizi təzyiq altında saxlamağa çalışacağını bilirdik. Məqsədimiz səfər oyununda məğlub olmamaq idi. Şükürlər olsun ki, buna nail olduq.

 

- Bu matçı qrup mərhələsi çərçivəsində keçirdiyiniz ən çətin qarşılaşma hesab etmək olar?

- Ən ağır səfərlərdən biri oldu. Məğlub olduğumuz oyunlarda belə təzyiq altında olmamışdıq. Birinci hissənin ortalarında oyunu bir qədər sakitləşdirdik, ötürmələr verdik. Ancaq ikinci hissədə çətin olacağını bilirdik. Çünki bu hesab rəqibə sərf etmirdi. Biz də qapandıq, çalışdıq ki, müdafiədə oynayaq.

 

- Yığmanın baş məşqçisi postuna real namizəd olan Robert Prosineçki də stadiondan oyunu izləyirdi. “Qarabağ” bu gün onu sevindirə bildi?

- O da istərdi ki, millinin üzvləri olan klublar həm çempionatda, həm də avrokuboklarda uğurlu çıxış etsin. Çünki bu psixoloji baxımdan vacib amildir. O da sevinir ki, ideal oynamasaq da, sona qədər mübarizə apardıq, təslim olmadı.

 

- Son tur öncəsi ikinci pilləyə yüksəldiniz. Yekunda mövqeyinizi qoruya biləcəksiniz?

- Vacib məsələyə toxundunuz. Bütün futbol ictimaiyyətindən çox xahiş edirəm, bu məsələni çox qabartmasınlar. “Dnepr”lə Bakıdakı oyunda nələr yaşadığımızı hamı gördü. Psixoloji baxımdan həmin matçı oynaya bilmədik. Düzdür, yenidən hesabı bərabərləşdirə bilərdik. İmkanımız da oldu. Ancaq heç nədən qollar buraxdıq. Həmin gün futbolçularımızın heç biri özlərinə bənzəmirdilər. Hamısı “Dnepr”lə səfərdə qazanılan qələbədən sonrakı təriflərin nəticəsi idi. Uğurlu çıxış etməyimizi istəyirsinizsə, bizi tərifləməyin. “İnter”lə oyun haqda çox danışmayın, imkan verin komanda sakit oyuna hazırlaşsın. Onsuz da heyətimizdə itkilər var. Bilirəm, başlayacaqlar yazmağa ki, “İnter” Bakıya ikinci heyətlə gələcək. Belə şeylərə ehtiyac yoxdur. Əksinə, psixoloji baxımdan yaxşı hazırlaşmağımız üçün bizə kömək etməyiniz lazımdır. Qaldı ustalıq baxımından onlara çatmağımıza, əlimizdən gələni edəcəyik, amma unutmayın ki, qarşımıza “İnter” çıxacaq. Bu komandanın heyətində əsas və ehtiyat futbolçuların meydana çıxmasının heç bir əhəmiyyəti yoxdur. Komanda qrupda heç bir oyunda uduzmayıb. “Dnepr”lə oyunda buraxdığımız səhvləri təkrar etməməliyik. Bunu hamılıqla etməliyik. Bizim üçün vacib oyun olacaq. Millətimiz qələbə üçün acdır. Onları sevindirmək üçün çalışacağıq. Ancaq “İnter” lə oyun haqda az danışılmasını xahiş edirəm. “İnter”ə qədər çempionatda vacib iki oyunumuz var. Əvvəlcə “Simurq”la, sonra isə “Neftçi” ilə oyunumuz var.

 

- Rəqibin baş məşqçisi hakimlərdən narazı qaldığını dilə gətirdi..

- Bizim də mübahisəli epizodlarla bağlı hakimə etirazlarımız var idi. Ancaq heç vaxt hakimliklə bağlı danışmırıq. Rəqin səhv etmirəmsə sona yaxın penlti tələb edirdi. Yəqin həmin epizodla bağlı narazılıqları var idi. Lakin referi ikinci hissənin əvvəlində istənilən  mübahisəli epizodlar zamanı onların xeyirnə qərar çıxarırdı. Hakimin oyunu pis idarə etdiyini deməzdim. Matçın videoyazısına baxıb demək olar ki, penalti var idi, ya yox.

 

- Hakim hər komandanın bir qolunu ifsayd olduğuna görə qeydə almadı. Həmin epizodlar zamanı referi düzgün qərar vermişdi?

- Fikrimcə, bizim epizod zamanı ofsayd var idi.Bu kənardan görsənirdi. Amma rəqibin epizodu haqda konkret bir söz deyə bilmərəm. Arxamızdan çıxıb, qol vurdu. Gərək epizoda baxaq.

Xəbər xətti