Yeni məşqçi, yeni fəlsəfə

19:55 - 3 Dekabr 2014

Texnikalı futbolçularla yaradıcı futbol

 

Robert Prosineçki kimilərinə “uğura ac məşqçi” deyirlər. Hiss olunur ki, adam iş görmək istəyir.

 

Adlı-sanlı futbolçular üçün məşqçi peşəsinə keçid etmək asan başa gəlmir. Əvvəllər alqış sədaları eşitdiyi tribunalarda tənqid, təhqir, istefa şüarları eşitməsi an məsələsi olur. Anlayır ki, özünü isbat eləyənə qədər rəhbərlik də onun nazı ilə çox oynamayacaq.

 

Prosineçki yaxşı futbolçu olub. Ancaq məşqçi kimi hələ özünü isbat eləməlidir. Və həmin o isbat mərhələsi Azərbaycan millisindəki fəaliyyətinə dəng gələ bilər.   

 

Xorvat mütəxəssisin mətbuat konfransında danışdıqlarını çox diqqətlə dinlədim. Bakıya köçəcək, Premyer Liqanın oyunlarını mütəmadi izləyəcək, əsas milli ilə yanaşı aşağı yaş qrupları ilə də iş aparacaq, yerli məşqçilərlə ünsiyyətdə olacaq və s.

 

Hamı bilir ki, qafqaz futbolu həmişə yaradıcılığı, texnikası ilə seçilib. Berti Foqts isə gəldiyi gündən bizə dağıdıcı futbolu aşılamağa çalışıb. Bəs bundan sonra millinin oyun fəlsəfəsi nədən ibarət olacaq? Prosineçki dağıdıcı futbolun əleyhinədir:

 

“Mən işlədiyim komandalarda baxımlı futbola üstünlük vermişəm. Azərbaycanda çempionat oyunlarını da izləmişəm. Və əminliklə deyirəm ki, buradakı futbolçuların səviyyəsi yaradıcı futbol oynamağa yol verir. Ona görə də, öz fəlsəfəmdən geri çəkilən deyiləm”.

 

Prosineçki millimizdə hansı nəticələr qazanacaq? Bu haqda dəqiq heç nə demək olmur. Ancaq o dəqiqdir ki, Prosineçki bura yeyib-yatmağa gəlməyib.

 

Emin ABBASOV

Xəbər xətti