Haciyevski: "Qarabağ"ın bu dərəcədə inkişaf etməsinə təəccüblənmədim" MÜSAHİBƏ

18:25 - 5 Dekabr 2014

"Azərbaycan futbolunda demək olar ki, hər kəsi tanıyırdım"

 

Futbol üzrə Azərbaycan ylğmasının, "Bakı" və "Simurq" klublarının sabiq, Makedoniyanın "Pelister" klubunun baş məşqçisi Cokiça Haciyevskinin azerisport.az saytına müsahibəsi

 

- "Pelister"in baş məşqçisi təyin olunmağınız münasibətilə sizi təbrik edirik. Eviniz üçün darıxmışdınız?
- Bəli, öz doğma ölkəndə çalışmaq həmişə yaxşıdı. Evinə, ailənə, dostlarına yaxın olursan. Artıq nəvələrim böyüyür və mən onlarla daha çox vaxt keçirmək istəyirəm.

 

- Neçə il idi ölkədən kənarda çalışırdınız?
- 10 il. Bu müddət ərzində Yunanıstanda, Yaponiyada, Azərbaycanda və Səudiyyə Ərəbəsitanında işləmişəm.

 

- Azərbaycandan gedəndən sonra futbolumuzu izləyirdinizmi?
- Həmişə izləmişəm, bundan sonra da izləyəcəyəm. Çünki bu, mənə yad ölkə deyil. Azərbaycan futbolunda demək olar ki, hər kəsi tanıyırdım.

 

- Yığmamızın son nəticələrindən xəbəriniz varmı?
- Əlbəttə. Mən hələ bir neçə il öncə qeyd etmişdim ki, Azərbaycan yığmasına sadəcə, baş məşqçi yox, islahatçı, reformator lazımdı. Həmin insan təkcə əsas yığma ilə yox, həm də bütün aşağı yaşı qrupları üzrə milli komandalarla, uşaq futbolu ilə maraqlanmalıdı. Sənə bu qədər pul verilirsə, hər şeyə diqqət etməlisən, daha evində oturmamalısan. Elə şərtlər altında Azərbaycan yığmasını nəinki Berti Foqts, hətta Qus Hiddink və Fabio Kapello da xilas edə bilməzdi. ELə Joze Mourinyo da.

 

- Robert Prosineçkini şəxsən tanıyırsız?
- Bəli. Çünki bizim çoxlu ümimi dostlarımız, tanışlarımız var. Gördüyüm yeganə mənfi cəhət təcrübə çatışmazlığıdı. O, iddialı adamdı. Hücum futbolunu sevir. Mənə elə gəlir ki, Azərbaycan yığmasına da belə bir məşçqi lazım idi. Ümid edirəm ki, Prosineçki ilə Azərbaycan yığmasında hər şey alınacaq. İstənilən halda o, Balkan ölkələrinin əfsanələrindəndi.

 

- Siz Azərbaycanda çalışanda Qurban Qurbanovla ilk addımlarını atan "Qarabağ" indi Avroliqanın pley-off mərhələsinə çıxmaq üçün mübarizə aparır...
- Qurban Qurbanov mənim ən yaxşı dostlarımdandı. Hələ Azərbaycanda çalışanda onunla tez-tez söhbətləşirdik. Gözəl məşqçi, açıq insandı. Onun komandasının bu dərəcədə inkişaf etməsinə təəccüblənmədim.

 

- Yəni, Ağdam klubundan belə inkişafı gözləyirdiniz?
- Düzünü desəm, yox. Çünki çox çətin qrupa düşmüşdülər. Fransa "Sent-Etyen"inə hər iki oyunda uduzmamaq, Ukrayna "Dnepr"inə səfərdə qalib gəlmək asan məsələ deyil. "Qarabağ"da Çudomir Çakarovla Borçe Xristov işləyir. Onları Azərbaycan futboluna vaxtilə mən aparmışdım. Daim əlaqədə oluruq. Ona görə də "Qarabağ"ın uğurları məni çox sevindirir.

 

- Bu komandanın qrupdan çıxmaq şanslarını necə qiymətləndirirsiz?
- Qurbana, Çudomirə, Borçeyə, bütün komandaya uğurlar arzulayıram. Ümid edirəm ki, onlar yollarına davam edəcəklər.

Xəbər xətti