"Bizim ondan öyrənəcəyimiz nələrsə var"
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Qaziantep BB" klubunun hücumçusu Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi
- Komandanız son turda qələbə qazandı. Oyunla bağlı nə deyə bilərsiniz?
- Oyun komandam üçün uğurlu alındı. Nəhayət ki, bu dəfə qələbə qazana bildik. Bizim üçün çox vacib üç xal idi.
- Meydana yalnız 80-ci dəqiqədə çıxmağınız nə ilə bağlı idi?
- Ötən oyundan əvvəl zədə almışdım. İndi hər şey yaxşıdır.
- Qış transfer pəncərəsi dövründə klubunuzdan ayrılmağı düşünmürsünüz?
- İndi Azərbaycana qayıtmaq haqda düşünməyim mənasızdır. Türkiyədə məni hər şey qane edir. Zamanla hər şey daha yaxşı olacaq.
- Robert Prosineçkinin Azərbaycan yığmasına baş məşqçi təyin olunmasını necə qarşıladınız?
- Müsbət. Ona uğurlar arzulayıram. Fikrimcə, bizim ondan öyrənəcəyimiz nələrsə var. Yığmamız heç də yaxşı günlərini yaşamır. Hamımızı çox çətin iş gözləyir. Bir-birimizə kömək edib, bu vəziyyətdən çıxmağa çalışmalıyıq.
- Xorvat mütəxəssis demək olar ki, hər oyunu canlı izləməyə çalışır. Təsadüfən sizinlə əlaqə saxlayan olmayıb?
- Xeyr, hələ belə bir şey yoxdu.
- Prosineçki yığmamızın hücum futbolu oynayacağını deyib...
- Şadam ki, yeni baş məşqçi yığmamızda hücum futboluna üstünlük verməyi düşünür. Fikrimcə, belə oyun üslubu bizə daha çox fayda verəcək.
- Sizcə, Prosineçki Berti Foqtsdan daha faydalı ola biləcək?
- Bu iki mütəxəssisi müqayisə etməyəcəyəm. Amma xorvatiyalı mütəxəssisə ötən illərdə qazandığımız nəticələrdən daha yaxşısını əldə etməyi arzulayıram.