"Azarkeşlər diqqətli olmalıdılar"
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda bu gün İtaliyanın “İnter” klubunu qəbul edəcək “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəlin apasport.az saytına müsahibəsi
- Vacib oyuna saatlar qalıb. Komandanızın tarix yazacağına inanırsızmı?
- İnanmasaydıq, bu yola çıxmazdıq. Bütün “Qarabağ” camiəsində inam var.
- Görüşün bütün biletləri satılıb. Deməli, insanlar da “Qarabağ”dan uğurlu nəticə gözləyirlər...
- Düz qeyd etdiniz. Bizə azarkeşlik edən bütün insanlara minnətdaram. Onları stadiondan sevinclə göndərmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov “Dnepr”lə oyundakı insidentin təkrarlanmamağı üçün azarkeşlərin bu dəfə daha diqqətli olmalarını və sıxlıq yaratmamaqlarını tövsiyə edib. Onun bu fikri ilə razısızmı?
- Əlbəttə, razıyam. Azarkeşlər də diqqətli olmalıdılar. O boyda qapı aşıbsa, deməli, sıxlıq olmuşdu. Qapı durduğu yerdə aşmaz axı. Təkcə azarkeşlər yox, polislər və digər şəxslər, bir sözlə, hamımız diqqətli olmalı, bir-birimizi yola verməliyik.
- “İnter”in baş məşqçisi və futbolçularının açıqlamalarında “Qarabağ”a qarşı yuxarıdan aşağı münasibət hiss olunur. Bu, sizdə qıcıq yaratmır ki?
- Belə münasibətin bizə həmişə xeyri olub. İlk dəfə deyil ki, bu cür halla qarşılaşırıq. Eybi yox, qoy bizə yuxarıdan aşağı baxsınlar. Bu, arxayınlığın və rəqibə saymazyana münasibətin nümunəsidi. Biz bundan istifadə etməliyik. Bir də hamı deyir ki, “İnter” Bakıya gənc futbolçularla gəlib. Bizə bu yanaşma mənfi təsir edə bilər. Gənclər daha istəkli olurlar və özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Əgər biz onları saymasaq, problem yaşaya bilərik. Futbolçularımız da bunun məsuliyyətini dərk edirlər.
- “Qarabağ” qrupdan çıxacağı halda, Ağdama səfər gözlənilirmi? Yəqin ki, uğuru Ağdam sakinləri ilə də bölüşmək istərsiniz...
- Əsas nəticədi. İndi bu barədə düşünmürük. Təki qrupdan çıxaq, qalanı asandı.
- Dünən Klublar Komitəsinin ilk iclasında iştirak etdiniz. Toplantıda hansı məsələlər müzakirə olundu? Ümumiyyətlə, KK-nin yaradılmasının futbolumuza nə kimi xeyri dəyəcək?
- Klublar Komitəsi futbolumuza xeyir verəcək. Dünənki iclasda mən də iştirak etdim. Danışıqlardan gördüm ki, yaxşı ideyaları var. Bu komitə Peşəkar Futbol Liqasına kömək üçün yaradılıb. İnşallah, fəaliyyəti uğurlu olar.
saytlarin hazirlanmasi