"UEFA-nın bizi sevindirəcək qərar qəbul edəcəyinə inanmıram" MÜSAHİBƏ

18:40 - 15 Dekabr 2014

"Təbii ki, bunu özümüz üçün bəraətə çevirmirik"

 

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

 

- "Qəbələ"yə 1:2 hesablı məğlubiyyətinizi necə şərh edə bilərsiniz?
- Bu oyuna yaxşı hazırlaşdığımızı desəm, düzgün olmaz. Düzdü, məşq etmişdik. Amma Milan "İnter"i ilə oyundan sonra hazırlıq üçün elə də çox vaxtımız olmamışdı.

 

- Komandada yorğunluq var idi?
- Şəxsən mən özümü fiziki cəhətdən yorğun hiss etmirdim. Heyətdə də çoxlu dəyişiklik vardı. Birinci hissəni uğurlu keçirdik. Hesabı da biz açdıq.

 

- Amma ikinci hissənin 14-cü saniyəsində qol buraxdınız...
- Bəli, ikinci hissə bizim üçün uğursuz alındı. Rəqib hər iki qolu sol cinahdan qurduğu hücumlar nəticəsində vurdu. Əsas təhlükə məhz həmin cinahdan idi.

 

- Bu məğlubiyyətdə Milan "İnter"i ilə oyunda baş verənlərin təsiri oldu?
- Bəli. Belə bir hadisəni unutmaq çox çətindir. Bu gün biz Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsindəki rəqibimizi gözləyəcəkdik. Amma hakimin kobud səhvi nəticəsində hər şey belə başa çatdı. Bütün bunlar bizə təsir etdi. Təbii ki, bunu özümüz üçün bəraətə çevirmirik. Bizə "Qəbələ"ni məğlub etmək lazım idi. Qarşıda "Xəzər Lənkəran" və "Sumqayıt"la da oyunlarımız var. Həmin oyunlardan qalib ayrılmalıyıq.

 

- Siz UEFA-nın hansısa müsbət qərar verəcəyinə ümid edirsiniz?
- Futbolla məşğul olan insanlar bilirlər ki, Avropa futbolunda belə bir hadisə olmayıb. Bu üzdən də UEFA-nın hansısa fərqli qərar çıxaracağına inanmıram. Maksimum həmin hakimin cəzalandırılması mümkündür. Amma bu, bizim layiqli qələbəmizi geri qaytarmayacaq. Artıq bununla barışmağımız lazımdır. Həyat davam edir. Növbəti mövsümü düşünməliyik.

Xəbər xətti