Buralarda yox, bu təfəkkürlə yox!

15:15 - 17 Dekabr 2014

Mətbuatın puluna avtobus?

 

Bu ölkədə kim pul qazana bilmirsə, deyirlər bacarıqsızdır, zəmanə adamı deyil. Elə də olur ki, çətinliklər içində olan insan üçün deyirlər ki, bu adamın da zəmanəsi gələcək bir gün. Başqalarını deyə bilmərəm, ancaq çörəyi qələmdən çıxanların zəmanəsi çətin ki, nə vaxtsa gəlsin. Buralarda yox, bu təfəkkürlə yox!

 

SSRİ dağıldıqdan sonra müharibə yaşadıq, səfalət gördük, hər şeyi yenidən başlamalı olduq. Bu illər ərzində ölkə xeyli dəyişdi. Quruldu, yaradıldı və görünüşü ilə çoxlarını valeh etdi. Amma dəbdəbəli binalar ucaldan zaman təfəkkürləri ucaltmaq yada düşmədi. SSRİ dağıldıqdan sonra yaşanan total savadsızlıq bizi təfəkkür uçurumuna gətirib çıxartdı. 

 

Elə bu təfəkkür(süzlüy)ün nəticəsidir ki, milyonların dövr etdiyi futbolumuzda jurnalistlər heç cür özləri üçün maliyyə donoru tapa bilmir. “Klub və reklam” mövzusu o qədər müzakirə olunur ki, adam özü də hiss etmədən ucundan tutduqca ucuzluğa gedir.

 

Məsələ burasındadır ki, idman mediasında reklam bazarı yoxdur. Bir neçə qurumu çıxmaq şərti ilə qalanları klublardan gələn reklamlar hesabına ayaqda qalır. Ki, onlardan da cəmi iki klub mətbuatla reklam əməkdaşlığını davam elətdirir. Olsun, bir şəkildə ayaqda qalmağa çalışmalıyıq.

 

Təzəlikcə ölkənin ən köklü klubu olan “Neftçi” də mətbuatın reklamını kəsdi. Bu reklamın kəsilməsi yox, klubun yeni vitse-prezidenti Elnur Məmmədovun məsələyə münasibəti insanda qıcıq yaradır:

 

“Saytlara reklam verməkdənsə, yeni avtobus alıb, uşaqları yeni avtobusla məşqə aparıb-gətirmək daha yaxşıdır”.

 

Kitaba pul verməkdənsə, həmin 10 manata ət alıb apararam evə - Elnur Məmmədovun dedikləri təxminən buna bənzəyir.

 

Bəli, uşaq futbolu vacibdir. Ancaq belə paralellər aparmaq sadəcə absurddur. İnkişaf və təbliğat bir-birini tamamlamalıdır. Ona qalsa, ehtiyatda yatan yararsız futbolçuları komandadan göndərməklə onlara verilən maaşla həm uşaq futboluna, həm də mətbuata pul ayırmaq olardı. Təəssüf ki, Məmmədov bu qədər dərin düşünmək istəməyib...

 

Mətbuat da inkişaf etməlidir. Ancaq inkişaf etmək üçün maliyyə lazımdır. O maliyyə neftdən gəlsəydi, pis olmazdı!

 

Elnur Məmmədovla çoxdan tanışlığım var. Mədəni, işgüzar, məsuliyyətli, savadlı biri kimi tanımışam onu. O da belə düşünürsə...

 

Emin ABBASOV

 

P.S. AFFA “Akademiya” layihəsi çərçivəsində hər kluba illik 250 min manat pul ayırır.

Xəbər xətti