"Qurban Qurbanovun böyük məşqçi olmaq üçün hər cür şansı var" MÜSAHİBƏ

20:00 - 19 Dekabr 2014

"Qarabağ"la yeni müqavilə imzaladığım üçün şadam"

 

"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin azerisport.az saytına müsahibəsi

 

- 2017-ci ilədək "Qarabağ"da oynamağa razılıq vermisiz?
- Bəli. Niyə də yox? Mənə burda hər şey yaxşıdır. "Qarabağ"la yeni müqavilə imzaladığım, komandada qaldığım üçün şadam. Bir qapıçı kimi bu komanda ilə daha da artırmaq istəyirəm. Klubumla Avropa arenalarında uğurlar qazanmaq arzum var.

 

- 2014-cü ili sizin klub karyeranızda uğurlu saymaq olar?
- Bu ili həyatımın ən xoşbəxt illərindən biri hesab edə bilərəm. Belə gözəl ölkənin, şəhərin, klubun bir hissəsi olduğum üçün şadam. Mehriban insanlarla birgə çalışıram ki, bunu heç nəyə dəyişmək olmaz.

 

- Çox pozitiv görünürsünüz. Deyəsən, Avropa Liqasındakı son oyunda baş verənləri  unutmusunuz...
- Əlbəttə, yox. Həmin oyunu yada salmaq həmişə üzücüdür. Amma biz peşəkar olmalıyıq və başa düşməliyik ki, geridə qoyduğumuz il bizim üçün əslində çox uğurlu olub.

 

- Yəqin bilirsiniz ki, növbəti mövsümdə "Qarabağ"dan daha çox uğur gözləniləcək...
- Hamı başa düşməlidir ki, bu, elə də asan məsələ deyil. Bunun üçün ilk növbədə irəliyə addım atmaq lazımdır. Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün uzun bir yol keçmək lazım gəlir və hər şeyə addım-addım nail olmaq mümkündür.

 

- Komandanız çempionatda liderdir...
- Bu mövsüm asan keçməyəcək. Ciddi rəqiblərimiz var. Titulumuzu qorumaq çətin olacaq.

 

- Baş məşqçi Qurban Qurbanovla münasibətləriniz necədir?
- Bu insanla çalışmaq mənim çox xoşuma gəlir. Ondan çox şey öyrənmişəm. Qurban Qurbanovun böyük məşqçi olmaq üçün hər cür şansı var.

Xəbər xətti