Fərhad Vəliyev: "Hərdən başqa kluba keçmək haqda düşünürəm" MÜSAHİBƏ

19:50 - 22 Dekabr 2014

"Hər şey fikirləşdiyim kimi oldu"

 

“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev Qol.Az saytına müsahibəsində Premyer Liqamızın 18-ci turunda “Sumqayıt”a qalib gədikləri oyundan (2:0) danışıb, komandasınn 2014-cü ildəki çıxışını dəyərləndirib

 

-“Sumqayıt”a qalib gəlməklə dövrələrarası fasiləyə qış çempionu olaraq çıxdınız. Görüş haqda fikirlərini öyrənək...

-Bildiyiniz kimi, ilin son oyunu idi. İstəyirdik ki, qalib gəlib fasiləyə qış çempionu kimi yollanaq. Hiss olunurdu ki, futbolçuarımız çox yorğundur. Son zamanlar çox sıx qrafiklə oyunlar keçirirdik. Sevinirik ki, dünən hamımız işimizin öhdəsindən yaxşı gəldik və vacib üç xalı qazandıq.

 

- Matçın son dəqiqlərində penaltini dəf etməklə yadda qaldın.

- Rəqib futbolçusu ilk cəhddə zərbəni qola çevirdi. Lakin “Sumqayıt” futbolçusu zərbədən əvvəl cərimə meydançasına daxil olduğu üçün baş hakim qolu qeydə almadı. Düşündüm ki, Ramazan Abbassov ikinci zərbəni də həmin küncə vuracaq. Hər şey fikirləşdiyim kimi oldu və mən zərbəni dəf etdim.

 

-Bununla da Fərhad Vəliyev “mən də varam” demiş oldu?

- Mən də “Qarabağ”ın bir parçası, oyunçusuyam. Çox vaxt ehtiyatda qalsam da, çalışıram ki, həmişə oyuna hazır olum. Əlbətdə ki, özümü sübut etməyə hər zaman hazıram. Ancaq dünənki oyunda kiməsə “mən də varam” demək fikrim yox idi. Baş məşqçimiz nə vaxt etimad göstərsə, meydana çıxıb komandama kömək edəcəm.

 

- Ehtiyatda çox qalmaqdan sıxılmırsan ki?

- Düzdür, hər bir oyunçu meydanda olmaq istəyir. Nə qədər oyunlara çox çıxsan, bir o qədər yaxşı formada olarsan. Əlimdən gələni edirəm ki, tez-tez oynayım. Çalışacam ki, qış fasiləsində sonra da yaxşı formada olum ki, baş məşqçinin etimadını qazanım.

 

- Düzdür, həmişə “Qarabağ”a bağlı olduğunu bildirirsən. Amma hərdən digər kluba – hansı ki, orada əsas heyət üzvü ola bilərsən - keçmək haqda düşünürsən?


- Bəli, fikirləşirəm. Düşünürəm ki, digər klublarda əsas heyətdə oynamaq gücündəyəm. Biilirəm ki, bunun öhdəsindən gələrəm. Ancaq hələ ki, müqavilə ilə “Qarabağ”a məxsusam. Ciddi təkliflər olsa, dəyərlədirəcəm. Yəqin ki, fasilə zamanı birinci danışığımız “Qarabağ”la olacaq. Hələ ki, fikrim “Qarabağ”dadır. Başqa klubdan təklif almamışam.

 

- Başa çatmaqda olan ili “Qarabağ” üçün necə qiymətləndirmək olar?

- Məncə, 2014-cü il “Qarabağ” üçün çox uğurlu oldu. Həm ölkə çempionu olduq, həm də Avropa Liqasında öz sözümüzü dedik. Bu il “Qarabağ” adını Avropaya daha çox tanıtdıq. Avroliqanın qrup mərhələsinin son oyununda hakim səhvinə görə daha irəli gedə bilmədik. Ancaq hakimin bu ədalətsizliyi bizi daha çox tanıtdırdı. Bir sözlə, 2014-cü il “Qarabağ” üçün ən əlamətdar illərdən biri oldu. Çalışacağıq ki, 2015-ci ildə xalqımızı daha çox sevindirək. Məncə, növbəti ildə daha böyük uğurlar qazanmağa qadirik. Bildiyiniz kimi, prezident İlham Əliyev bizi qəbul etdi. O da bizi izləyir, arxamızdadır. Bu görüşdən sonra məsuliyyətimiz daha da artıb. Gördük ki, bizdən gözləntilər çoxdur.

 

- Səncə, Azərbaycanda 2014-cü ilin ən yaxşı futbolçusu adına kim layiqdir?

- Komanda yoldaşım Bədavi Hüseynovun adını çəkə bilərəm. Bundan əlavə Qara Qarayev və Makim Medvedyev də yaxşı mövsüm keçirib. Oyun sayına və stabil çıxışına görə ilin futbolçusu kimi Bədavini qeyd edərdim.

Xəbər xətti