"İnanıram ki, bu dəfə mənə dəvət göndərəcəklər"
“Bakı” klubunun hücumçusu Nurlan Novruzov Premyer Liqamızda qış fasiləsinə bombardir kimi yollandı. “Bakı”nın cari mövsüm vurduğu 13 qoldan 9-nun müəllifi olan gənc futbolçu Qol.Az saytına müsahibəsində bombardirlik mübarizəsindən, gələcək karyerasından və digər məsələlərdən danışıb.
- Mövsümün əvvəlində bombardir olmağı qarşına məqsəd qoymuşdunmu?
- Bəli, ilk növbədə komandamı irəli aparmaq üçün qollara ehtiyacımız var idi. Bilirsiniz ki, mövsümün əvvəlində “Bakı”da vəziyyət çox pis idi. Açığı, düşünürdüm ki, qış fasiləsinə qədər 7-8 qol vuraram. Şükürlər olsun ki, 9 qola imza atdım. Onu da deyim ki, “Bakı”da qol vurmaq çox çətindir. Artıq bir neçə əsas futbolçumuz da komandanı tərk edib. Ona görə də ötürmə verən olmur. “Bakı”da oyun ərzində 1-2 qol epizodu olur ki, onu da gərək özün yaradasan.
- “Bakı”nın 13 qolundan 9-nu sən vurmusan.
- Buna görə hücumçularla işləyən məşqçi Adnan Yazıçıoğluna minnətdaram. Onun bu işdə əziyyəti çox olub. Yazıçıoğlu məşqdən sonra iki saat mənimlə əlavə məşğul olur. Tək oyun və məşqlərlə belə uğurlara nail olmaq çətindir. Məşqdən əvvəl və sonra üzərimdə çox çalışıram.
- Düşünürsən ki, başqa klubda çıxış etsən, daha çox qol vurarsan?
- Əlbəttə, “Neftçi”, “Qarabağ” və “Qəbələ” kimi klublarda qol vurmaq daha asandır. Çünki həmin komandalarda ustalıq səviyyəsi yüksək olan futbolçular var. Hər oyunda görürük ki, “Qarabağ” bir neçə qol epizodunu boşa verir. İnanıram ki, belə komandalarda hər oyun qol vura bilərəm. Hətta 2-3 qol vuraram.
- Adını çəkdiyin komandalarda heyətə düşməyin çətin olmaz?
- Məncə, rəqabət çox olsa, daha yaxşı olar. Düzdür, bu klublarda səviyyəli futbolçular çıxış edir. Amma çalışaram ki, onlardan geri qalmayım.
- Demək olar ki, hər il Premyer Liqamızın bombardiri əcnəbi futbolçu olur. Bombardirlik mübarizəni mövsümün sonuna qədər davam etdirə biləcəksən?
- Həqiqən də məqsədim mövsümü bombardir kimi başa vurmaqdır. Yəni cari mövsüm üçün arzum və hədəfim budur. Gələn il isə Azərbaycanın adını Avropada tanıtdırmaq istəyirəm. Bunun üçün isə bu il çox çalışmalıyam. Pulu düşünməməliyəm. Elə bir komandada çıxış etməliyəm ki, daim əsas heyətdə olum.
- Maraqlıdır ki, “Bakı” autsayder, futbolçusu isə bombardirdi.
- Qeyd etdiyim kimi, “Bakı”da qol vurmaq çox çətindir. Təsəvvür edin, Jaba kimi futbolçu gəldi, 7-8 oyuna çıxdı, ancaq bir qol belə vura bilmədi. Hələ oyuna bir neçə gün qalmış düşünürəm ki, gərək qol epizodunu özüm yaradım və şansı əldən verməyim. Sevinirəm ki, ardıcıl qollar vururam.
- Yəqin ki, səninlə maraqlanan klubların sayı artıb?
- Bəli, elə seçim etmək istəyirəm ki, həmin komandada oynaya bilim. İndi 21yaşım var. Pul mənim üçün önəmli deyil. İstəmirəm ki, getdiyim klubda ehtiyatda qalım.
- “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin adını çəkdin. Təklif aldığın klublar bunlardır?
- Bəli, əsas bu üç klubla danışıqlar gedir. İki-üç gündən sonra hansı kluba keçəcəyim dəqiq bilinəcək. Hər üç komandada oynamaq mənim üçün çox xoş olar.
- Sənə hansı klub daha uyğundur?
-“Neftçi”də oynamağı daha çox istəyirəm. İnanıram ki, bu komandada əsas heyət oyunçusuna çevrilə bilərəm . Çünki “Neftçi” son dövrlər gənc futbolçulara çox şans verir. “Qarabağ”da isə 4-5 oyundan sonra əsas heyətdə yerimi möhkəmləndirə bilərəm. Son dövrlər məndə özünəinam hissi artıb. Qeyd etdiyim komandaların hər birində yüksək səviyyədə çıxış edə bilərəm.
-“Bakı” sənin gedişinə icazə verəcək?
- “Bakı” ilə müqaviləm var. Ancaq klub rrəhbərliyi ilə bu barədə danışığımız olub. Bildiriblər ki, mənə heç bir problem yaratmayacaqlar.
-Millimizin yeni baş məşqçisi Robert Prosineçkinin etimadını qazana biləcəksən?
- Mən Mahmud Qurbanovdan da dəvət gözləyirdim. Həmin vaxt da bombardirlər sırasında idim. Düşünrdüm ki, Mahmud müəllim yerli məşqçi olduğundan və onunla bir komandada çıxış etdiyimiz üçün düşündüm ki, məni də milliyə dəvət edər. Ancaq mənə rəklif göndərmədi. Yəqin ki, məni hazır bilmədi. Onu da başa düşmək lazımdı. Futbolçunu 1-2 oyuna görə seçmək olmaz. İndi Mahmud müəllim və Prosineçki oyunlarımızı izləyir. İnanıram ki, bu dəfə mənə dəvət göndərəcəklər .
- Millidə də qol vuracağına inanırsan?
- Buna tam əminəm. Çünki milli komandada futbolçu daha əzmkar, istəkli olur. İstər-istəməz milli tam fərqlidir.