"Xəzər-Lənkəran" əvvəlki kimi iddialı olmayacaq" MÜSAHİBƏ

12:20 - 28 Dekabr 2014

"Ən sərfəli variantı seçəcəyəm"

 

"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi

 

- Sizin "Neftçi" və "İnter"ə keçməyə yaxın olduğunuz bildirilir. Doğrudan da bu klublarla danışıqlar aparırsınız?

- Hələ sizə konkret cavab verə bilmərəm. Amma bu, uzun sürməyəcək. Yaxın günlərdə seçimimi edəcəyəm. Özüm üçün ən sərfəli olan variantı seçəcəyəm. XL öz strategiyasını dəyişdi və bizimlə yollarını ayırmağa qərar verdilər. Rəhbərliyin bu qərarına hörmətlə yanaşıram.

 

- Klub özü sizdən imtina etdi?

- Xeyr. XL əvvəlki qədər iddialı olmayacaq. Bu, bizim üçün yetərli oldu. Bizə dedilər ki, klubun büdcəsi artıq əvvəlki kimi olmayacaq. Maaşlarımızı ikiqat aşağı salmağı dedilər. Amma buna razılaşa bilməzdik. Ona görə də qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etdik. Yaxın günlərdə yeni komandamı da müəyyənləşdirəyəcəm.

 

- Sizcə, sabiq klubunuz niyə belə etdi?

- Rəhbərliyin bu addımı niyə atmasının dəqiq səbəbini bilmirəm. Təəssüf ki, hər şey belə alındı. Biz yenicə öz oyunumuzu tapmağa başlamışdıq. Hətta Robert Prosineçki də ölkədə ən yaxşı oyun sərgiləyən komanda kimi "Xəzər Lənkəran"ın adını çəkmişdi. Hamı bizdən danışırdı. Artıq baş verənləri unutmaq istəyirəm.

 

- Yenilənən XL-dən nə gözləmək olar?

- Onlara uğurlar arzulayıram. Ümid edirəm ki, gənc heyətlə də nəticə qazana biləcəklər.

 

- Bu, sizin öz oyununuza təsir etməyəcək?

- Mən də yenicə forma toplamağa başlamışdım. Amma nə etmək olar? Əgər vaxtında özümə klub tapa bilsəm, problem yaranacağını düşünmürəm.

 

- Ölkə xaricinə yollanmaq haqda düşünmürsünüz?

- Türkiyənin PTT 1-ci Liqa klubundan təklif almışam. Amma ilk növbədə öz Premyer Liqamızda çıxış edən klubların təkliflərini gözdən keçirmək istəyirəm. Əgər öz klublarımızın şərtləri məni qane etməsə, o zaman Türkiyəyə yollanacağam.

 

- Qurban Qurbanov bir neçə gün öncə səninlə Rauf Əliyevi "Qarabağ"a qaytarmaq haqda düşünmədiyini açıqlayıb. Bunu necə qarşıladınız?

- Bu barədə danışmaq istəmirəm. Qurban Qurbanov zəhmətkeşdir və hamımızın sevimli məşqçisidir. Hər kəsin öz fikri, ideyası var. Onun da sözlərinə hörmətlə yanaşıram. Bir halda ki, elə deyib, deməli, elə də olmalıdır.

 

Mənbə: azerisport

azerisport

Xəbər xətti