Azərbaycan klubunun Qazaxıstan komandasına qarşı heyəti açıqlandı

17:10 - 29 Yanvar 2015

Baku Fires - Astana Arlans: heyətlər məlumdur
 
Yanvarın 31-də, saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 3-cü turunun görüşü keçiriləcək.
 
Sportal.az xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu  Qazaxıstanın “Astana Arlans” komandası ilə qarşılaşacaq.
 
Komandaların heyətləri artıq məlumdur:
 
“Baku Fires” – “Astana Arlans” 
49 kq. Rəsul Saliyev  – Temirtas Jusupov  
56 kq. Məhəmməd Qurbanov – Nursultan Koşequlov  
64 kq. Heybətulla Hacəliyev  – Asxat Ualixanov  
75 kq. Jaba Xositaşvili – Meyrim Nursultanov  
91 kq. Rahil Məmmədli – Vasili Levit 
 
Bu dəfə komandamızın heyətində iki boksçu WSB liqasında debüt edəcək. Bunlar Rəsul Saliyev və Rahil Məmmədlidir. Məmmədli bu ay keçirilən Azərbaycan çempionatında yalnız final görüşündə təcrübəli Teymur Məmmədova uduzub. 91 kq çəki dərəcəsində mübarizə aparacaq həmyerlimiz finalda 2009-cu ilin Asiya çempionu Vasili Levitlə üz-üzə gələcək.  Digər debütant Saliyev üçün də asan olmayacaq. O, Qazaxıstan çempionu, 2013-cü il Asiya çempionatının qalibi Jusupovla görüşəcək. 
 
Ualixanovun da WSB-də böyük təcrübəsi var. Qazaxıstan boksçusu hələ 2013-cü ildə o vaxt “Baku Fires”in şərəfini qoruyan Osman Əliyevi məğlub etmişdi.
 
“Astana Arlans” klubu cari mövsümdə  hər iki görüşünü qələbə ilə başa vurub. İlk turda Almatıda Venesuela komandasını 5:0 hesabı ilə məğlub edən qazaxlar 2-ci turda səfərdə “Rafako Hussars Poland”ı 3:2 hesabı ilə üstələmişdi.
 
“Baku Fires” isə ilk turda Qubada “İtalia Thunder” üzərində 4:1 hesablı qələbə qazansa da, ötən həftə səfərdə Venesuela klubuna 2:3 hesabı ilə uduzdu.  
 
Bu həftə qrupumuzda USA Knockouts Caciquez Venezuela-nı, Rafako Hussars Poland Argentina Condors-u,  İtalia Thunder isə Puerto Riko Hurricanes-i qəbul edəcək.
 
Ümumdünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. 

Xəbər xətti