"Bizim komanda çox fərqlidir"
“Qarabağ"ınfutbolçusu Namiq Yusifovun müsahibəsi
- Artıq Antalyada bir neçə yoxlama oyunu keçirmisiniz. Bu günə kimi olan oyunlarınızla bağlı fikirlərin necədir?
- Bizim üçün yoxlama matçlarında nəticə önəmli deyil. Çempionata tam hazır olmaq üçün hələ vaxtımız var. Digər klublarımıza nisbətən təlim-məşq toplanışına bir az gec başlamışıq. Ona görə də hansı durumda olduğumuz Premyer Liqada bilinəcək. Baş məşqçimiz optimal heyəti müəyyənləşdirmək üçün yoxlama oyunlarına fərqli futbolçular çıxarır.
- Namiq Yusifov üçün “Qarabağ” necə bir klubdur?
- Artıq 8 ildir bu komandada oynayıram. Bu klubda hamı bir-birinə dost kimidir. O cümlədən klub rəhbərliyi ilə futbolçular arasında dostluq münasibətləri var. Bizim komanda çox fərqlidir.
- Qurban Qurbanov çox tələbkardır?
- Bəli. Amma tək bizə qarşı yox, həm də özünə qarşı çox tələbkar insandır. O, eyni zamanda emosialarına sahib ola bilən məşqçidir.
- Baş məşqçinizdən ən çox eşitdiyiniz söz hansıdır?
- Daim işlətdiyi çox söz var. Amma məşq zamanı ondan ən çox “tak, uşaqlar” sözünü eşitmişəm.
- Bildiyimə görə, maliyyə-kredit fakültəsini bitirmisən. Futbolu buraxdıqdan sonra iqtisadçı olmaq fikrin var?
- Onu indidən deyə bilmərəm. Çox istərdim ki, futboldan ayrılmayım. Qurban Qurbanov bir dəfə dedi ki, məni özünün məşqçilər korpusunda görmək istəyir. Qismət olsa, onunla məşqçi heyətində də çalışmağı istərdim.
- Səncə, “Qarabağ”da sizi layiqincə əvəzləyə biləcək futbolçular yetişir?
- Bir az çətin sualdır. “Qarabağ”ın aşağı yaş qruplarının nəticələri pis deyil. Amma ümumi götürəndə bizdə azyaşlılarda futbolu əvvəlkitək həvəs yoxdur. Uşaqlıqdan bütün diqqətlərini kompüterə, "play-station"a yönəldiblər. Şəxsən mənim oğlum bütün gün kompüterlə oynayır. Nadir hallarda görərsən ki, əvvəllər olduğu kimi məhlələrdə uşaqlar futbol oynasınlar. Biz uşaqlıqda hava qaralana kimi həyətdə olurduq. Açığı, indi onların oynaya biləcək yerləri də qalmayıb. Bu tək bizdə yox, çox ölkədə belədir.
- Səncə, Azərbaycanda ən yaxşı legioner siyasəti aparan klublar hansılardır?
- Üç aparıcı klubun - “Qarabağ”, “Neftçi” və “İnter”in adını çəkə bilərəm. Bu klublarda düzgün iş aparılır. Azərbaycanda ən yaxşı oynayan legionerlər “Qarabağ”dadır. Nəticələrimiz də göstərir ki, ən yaxşı legioner siyasəti aparan klub “Qarabağ”dır.
- “Qarabağ” azarkeşləri sizi qane edir?
- Avroliqa oyunlarında da gördük ki, bizi sevənlərin sayı həddindən çoxdur. Çoxlu fan klub yarandı ki, hər oyunda gəlib bizi dəstəklədilər. Hətta bəzi azarkeşlər var ki, onlar harada oynamağımızdan aslı olmayaraq, daimi bizimlədirlər.
- Millini yeni baş məşqçisi Robert Prosineçki haqqında nə deyə bilərsən?
- Görünən budu ki, işinə can yandıran biridir. Bütün oyunları izləyir, futbolçularla görüşüb söhbət edir. Elə “Qarabağ”ın üç yoxlama oyununu Antalyada izlədiyini gördüm. Azərbaycan xalqı bir az istiqanlıdır. Hər millətin nüməyəndəsi bizimlə rahat dil tapa bilmir. Millinin baş məşqçisi futbolçuların dostu olmalıdır. Necə ki, biz bu dostluğu “Qarabağ”da Qurban Qurbanovdan görürük. Berti Foqtsun milli komandada baş məşqçi olanda heç kim ona görə futbol oynamırdı. Sadəcə meydanda Azərbaycan üçün mübarizə aparırdılar.
- Milli komandadan sən də dəvət gözləyirsən?
- Mən özümü hər zaman yaxşı tərəflərimlə göstərməyə çalışıram. Əgər Prosineçki oyunumu bəyənib milli komandaya dəvət etsə, məmnuniyyətlə, oynayaram.
- Bir vaxtlar Reynaldonun milliləşdirmək məsələsi var idi. Səncə, o, milli komandamıza yararlı ola bilərdi?
- Reynaldo öz oyunu ilə sübüt edir ki, o, Azərbaycanda ən yaxşı hücumçudur. Sadəcə o, brazilyalıdır. Onun milli komandamızda oynamağı nə dərəcədə düzgündür bilmirəm. Futbolçu kimi bizə çox xeyiri dəyə bilər.
Mənbə:qol.az
saytlarin hazirlanmasi