Robert Prosineçkini xəyallardan ayıran oyun

01:00 - 2 Fevral 2015

Çempionatı bu gündə olan ölkənin necə normal millisi ola bilər?

 

Millimizin yeni baş məşqçisi Robert Prosineçki Azərbaycana gəldiyi gündən el dilində desək, əl-qolunu çırmalayıb işə girişib. Qısa müddətdə demək olar ki, futbolumuz haqqında müəyyən təəssüratları da yaranıb. Amma...

 

Amması odur ki, vaxt keçdikcə xorvat mütəxəssis hər şeyə daha soyuq başla yanaşmağa başlayır. Bura gəldiyi ilk vaxtlar Prosineçki azərbaycanlı futbolçular haqqında ağız dolusu danışır və Premyer Liqada kifayət qədər potensiallı oyunçunun olduğunu deyirdi.

 

Əslində Prosineçkini anlamaq çətin deyildi. O, bura Xorvatiya qarşısında ayağı top tutmayan futbolçuları görəndən sonra gəlmişdi ki, Premyer Liqada bəzilərinin individual bacarığı xorvatı yaxşı mənada təəccübləndirmişdi. Lakin Prosineçki hər nə qədər həvəsli olsa da, hər yeni gün anlamağa başlayır ki, əlində olan materialla nəticə vermək asan olmayacaq.

 

Qış fasiləsindən sonra “Neftçi”nin AZAL qarşısında məğlubiyyətini izləyən millinin çalışdırıcısı gördüklərindən məmnun qalmayıb. “Neftçi”nin zəif oynadığını deyən Prosineçki heyətində milli üzvləri olan komandanın belə çıxışını yığma üçün də pis hal olduğunu qeyd edib.

 

Bəli, Robert Prosineçki artıq həqiqətin gözünə baxmağa başlayıb. Axı, çempionatı bu gündə olan ölkənin necə normal millisi ola bilər? Əvvəlki illərdə çempionatda gərgin mübarizə gedirdisə, indi əksəriyyət gün keçirməklə məşğuldu. Açıq-aşkar hiss olunur ki, çempionatın səviyyəsi aşağı düşüb. PFL rəhbəri Ramin Musayev gecə-gündüz sinəsinə döyə bilər ki, onun təşkil etdiyi çempionat reytinq sıralamasında normal yerdədir. Ancaq həqiqət odur ki, Musayev bu çempionatı elə hala salmayıb ki, burada səviyyə axtarasan.

 

Hələ bu harasıdır? Turlar keçdikcə Prosineçki bu çempionatın əsl simasını görəcək. Adam artıq xəyallardan ayrılıb...

 

Emin ABBASOV

Xəbər xətti