Qriqorçuk: "Həmin futbolçu bizə çox lazımdı" MÜSAHİBƏ

12:06 - 2 Fevral 2015

"Hazırkı "Qəbələ” daha güclüdü"
 
"Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk UEFA-nın rəsmi saytına müsahibə verib.
 
Sportal.az xəbər verir ki, ukraynalı çalışdırıcı komandasının qış hazırlığını, hazırkı gücünü və perspektivini dəyərləndirib.
 
- Deyilənə görə, sizi "Qəbələ”yə hələ ötən mövsümün ortasında dəvət ediblər. Nəyə görə Azərbaycana getməyə məhz indi qərar verdiniz?
- "Qəbələ” rəhbərliyi ilə ilk danışığımı təklif adlandırmaq olmaz. Bu daha çox fikir mübadiləsinə oxşayırdı. Həmin söhbətdə bir çox məqamları müzakirə etmişdik. Onda mən "Çernomorets”dəki işimi davam etdirməyə qərar vermişdim. Odessa klubu ilə əməkdaşlığım başa çatandan sonra isə böyük məmnuniyyətlə, "Qəbələ”nin təklifini qəbul etdim.
 
- Qısa müddət ərzində komandanın taktikası və oyun stilində nəyi dəyişməyə müvəffəq oldunuz?
- Tale Heydərovun timsalında "Qəbələ” rəhbərliyi azarkeşləri məmnun edəcək və nəticə gətirəcək hücum futbolunu görmək istəyir. Öz oyunumuzla biz daha çox azarkeşi stadiona cəlb etməliyik. Şadam ki, klub rəhbərliyinin bu tələbi mənim fikrimlə üst-üstə düşür. Təbii ki, qarşımıza qoyulan tapşırıq çətindi. Ancaq biz intensiv qaydada hazırlaşırıq və ilk addımlarımızı artıq atmışıq. Şübhəsiz ki, dəyişməli olduğumuz bəzi məqamlar qalıb. Əsas odu ki, bizdən nə tələb olunduğunu bilirik. Futbolçular isə məşqçilər korpusunun nə istədiyini anlayırlar. Məncə, doğru yoldayıq və hədəfə necə çatacağımızı bilirik. Çox iş görməliyik. Hələ yolun başlanğıcındayıq və xeyli güc sərf etməliyik. Ciddi dəyişikliklər 1 saatın ərzində baş vermir.
 
- Komandanızın qış hazırlığından razı qaldınızmı?
- Antalya toplanışında futbolçuların keyfiyyətləri və dözümlülük qabiliyyətləri nəzərə alındı. Bunlara əsaslanıb komandaya hazırlıq prosesi keçdik. Gündən-günə məşqlərin ağırlığını artırdıq, planlı iş gördük. Futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Düşünürəm ki, hazırlıq öz effektini verdi, komandaya müsbət təsir göstərdi. Yoxlama oyunları da göstərdi ki, hazırkı "Qəbələ” daha güclüdü.
 
- "Qəbələ”nin yeni transferləri barədə nə deyə bilərsiz? Komandaya başqa futbolçular da cəlb olunacaqmı?
- Komandaya çox futbolçu cəlb etmədik. Yeni transferlər özlərini göstərməyə çalışırlar. Daha bir oyunçu ilə güclənmək istəyirik. Amma onun barəsində hələ heç nə demək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, həmin futbolçu bizə çox lazımdı.
 
- Hazırkı heyətin səviyyəsi sizin tələblərinizə uyğundumu?
- Mənim fəlsəfəm belədi: kimə şans verirəmsə və kimlər komandamda yer alırsa, onlar mənim üçün ən yaxşı və sevimli futbolçulardı. Mən onlara güvənirəm.
 
- Azərbaycan futbolunun səviyyəsi ilə bağlı hansı fikirdəsiz?
- Yerli infrastrukturla yaxından tanış olduqca heç nəyə təəccüblənmirəm. Həqiqətən də, Azərbaycan futbolunun səviyyəsi yaxşıdı. İndi, demək olar ki, hamı futbol oynamağı öyrənib. İdman bütün ölkələrdə inkişaf edir. Azərbaycan isə buna ən yaxşı nümunədi. Futbol dünyada daha da qloballaşıb. Azərbaycan futbolu yüksək tempdə inkişaf edir. Fikrimcə, belə də davam edəcək. 
 
- Azərbaycanda yaşamaq necə, xoşunuza gəlirmi?
- İlk dəfə Bakıda 5 il öncə olmuşdum. Bakı həmin vaxt da parlaq şəhər idi. Ancaq bu 5 il ərzində Azərbaycanın paytaxtı yaxşıya doğru dəyişib və daha da gözəlləşib. Bakı çox gözəldi, müasirdi. Ünsiyyət quranda anlayırsan ki, azərbaycanlılar necə qonaqpərvərdilər. Bir sözlə, burda hər şey ürəyimcədi. Qəbələyə gəlincə, böyük şəhər deyil, amma təəccübləndirəcək dərəcədə inkişafdadı. Adamın inanmağı gəlmir ki, burda belə gözəl futbol meydançaları var. Mən öz seçimimdən razıyam. Tezliklə ilk ciddi uğurumuzu qazanacağıq.

Xəbər xətti