"Lokomotiv"in iki yetirməsi haqqında
Erməni futbolçuların Avropanın hər tərəfinə səpələnməsi bədnam qonşularımızın qitənin futbol səhnəsində daha çox tanınmasını, milli komandasının da daha uğurlu çıxış etməsini şərtləndirir. Axı, onlarda Mxitaryan, Movsisyan, Özbilis və başqaları var. Bizdə isə...
Təbiətən üzlü olan ermənilərin hər yerdə özlərinə rahatlıqla yer etməsində qeyri-adi heç nə yoxdur. Bizimkilərə gəlincə, qarşılarında yol açılanda da, bundan istifadə etməkdə həvəsli olmurlar. Bax, fərq də bundadır. Ermənilər sabahı, bizim futbolçular isə bu günü düşünürlər.
Son zamanlar Rusiyada ən çox müzakirə olunan futbolçulardan biri Arşak Koryandır. O, əvvəlcə “Lokomotiv”lə müqaviləni uzatmaq istəmədiyinə görə, klub prezidenti Olqa Smorodskayanın əsəbləri ilə oynamaqla gündəmə gəlmişdi. Az sonra Arşak yenə Rusiyanın gündəmini zəbt etdi. “Lokomotiv” futbol məktəbinin yetirməsi olan 20 yaşlı erməni Hollandiya “Vitess”i ilə müqavilə imzaladı.
Ona Rusiyadan da təkliflər var idi. Öz dediyinə görə, “Anderlext”, “Benfika” və “Feyenoord” da onunla maraqlanırdı. Amma Arşak “Vitess”i seçdi. Həmin “Vitess”i ki, “Çelsi”nin farm-klubudur. Arşak Koryan əslən erməni olsa da, Rusiya vətəndaşlığını daşıyır və həmin ölkənin millisində çıxış edir. Ancaq çörək verən əli dişləməklə məşhur olan ermənilər adətən “meşədən çıxana qədər ayıya dayı deyir”. Arşakın artıq Rusiya ilə heç bir bağlantısı qalmayıb. Heç şübhə etmirəm ki, xarici klublarda yerini möhkəmlədən kimi Ermənistan millisində peyda olacaq.
Bir vaxtlar bizim Samir Məsimov da “Lokomotiv”in futbol məktəbində çıxış edirdi. Elə həmin Arşakla eyni komandada. Arşakla həmyaşıd olan Samir də böyük potensial vəd edirdi. Amma Məsimov Arşakdan fərqli düşündü. Rusiyada və ya Avropanın digər çempionatında çıxış etmək əvəzinə Samir Azərbaycan Premyer Liqasına gəldi. Axı, hansı məntiqlə?
“Neftçi”yə gəldiyi ilk vaxtlar çox yaxşı təsir bağışlayırdı. İndi isə onu adətən ehtiyat oyunçular skamyasında görməyə alışmışıq. Böyük ehtimalla, Arşak da bir müddət ehtiyat oyunçular skamyasında oturacaq. Amma Arşak Hollandiya çempionatındadır, Samir isə Azərbaycan. Arşakın gələcəyi parlaq görünür, Samirin isə...
Emin ABBASOV
saytlarin hazirlanmasi