"Qəbələ"dən də sərfəli şərtlər irəli sürən klublar olmasına rəğmən, Qriqorçukun yanına getdim" MÜSAHİBƏ

14:10 - 8 Fevral 2015

"Klub rəhbərliyinin, prezidentin ciddi planları var"

 

"Qəbələ"nin müdafiəçisi Mixail Sivakov Belarus mətbuatına geniş müsahibə verib.

 

Sportal.az sizi həmin müsahibəni diqqətinizə çatdırır:

 

- Artıq Qəbələdə məskunlaşmısan?
- Demək olar ki, hələ yox. Çempionatdakı ilk oyunumuzdan sonra Bakıda qaldıq. Qəbələyə yenicə gəlmişik, burada iki gün qalacağıq. Vaxt çox azdır.

 

- Sənə hansı şərait yaradılıb?
- Komandanın əksər oyunları Bakıda keçirilir. Klubumuzun sahibinin Qəbələdə otellər seti var, komanda üzvləri də orada qalırlar. Bakıda mənzil götürmək arzum var idi, amma hələ də necə edəcəyimə dəqiq qərar verməmişəm. Bir müddət keçdikdən sonra hansının mənə daha uyğun olduğuna qərar verəcəyəm.

 

- Məişət məsələlərində sənə kömək edən var?
- Əlbəttə. Klubda bu işlərlə məşğul olan xüsusi adam var. O, bizim istənilən arzumuzu həyata keçirməyə çalışır. Təbii ki, əlindən nə gəlirsə.

 

- Sən ailə qurmusan?
- Hələ yox, amma ailə qurmuş kimi varam (gülür). Bilirəm ki, sevdiyim qız yanımda olacaq. Dediyim kimi, mənzil tutmağı da məhz buna görə düşünürəm. Amma buna zaman keçdikcə qərar verəcəyəm.

 

- Qəbələnin özünü tam görməmisən?
- Xeyr. Bura gələndə bildim ki, elə də böyük şəhər deyil. Dağlarda yerləşən kurort şəhəridir.

 

- Yerli stadionda oldun?
- Gördüm. Stadion otelin yaxınlığındadır. Yeni, kifayət qədər rahat stadiondur, 3500 azarkeş tutumuna malikdir. Amma klub prezidentinin planlarında 15 minlik arena inşa etmək də var. Hazırda tikilir. İndi oynadığımız stadiona gəlincə, pis deyil, əsl futbol arenasıdır. Meydança tribunalara yaxın olduğundan əla atmosfer yaranır.

 

- Qısa müddət ərzində də olsa, necə komandaya düşdüyünü anlamısan?
- Əlbəttə. Klub rəhbərliyinin, prezidentin ciddi planları var. Avrokuboklarda oynamağımızı istəyirlər. Hər cür şərait var. Qalan hər şey bizdən asılıdır.

 

- "Qəbələ"ni əvvəl oynadığın Avropa klublarından hansı ilə müqayisə edə bilərsən?
- Buradakı hər şey Belçika "Sulte-Varegem"indəki dövrü xatırladır. Orada şəhər kiçik idi, stadionları belə rahatdır, komanda iddialıdır.

 

- Müxtəlif ölkələrdən legionerlərin olması narahatlıq yaratmır?
- Komandada doğrudan da müxtəlif ölkələrdən çoxlu futbolçu var. Nəzəri məşğələlər zamanı baş məşqçi rusca danışır, daha sonra bu, yerli dilə tərcümə olunur. Daha bir şəxs ingilis dilinə də tərcümə edir. Şəxsən mənim üçün dil səddi yoxdur.

 

- Azərbaycan dilini öyrənməyi düşünmürsən?
- Mənə elə gəlir ki, legioner futbolçu yaşadığı ölkənin mədəniyyətini, dilini öyrənməyə çalışmalıdır. Ona görə mən də buna diqqət ayıracağam.

 

- 32 nömrəni seçməyinizin səbəbi nədir?
- Mən gedəndə sərbəst olan nömrələri təklif etdilər. Mən isə "32 nömrə sərbəstdirsə, mən onu götürəcəyəm" dedim. Onlar da verdilər.

 

- Niyə yarım illik müqavilə?
- Bu, həm mənim arzum idi, həm də klubun. Hər iki tərəfi qane etdiyinə görə, bunda problem görmürəm.

 

- Orada qalmağın mümkündür?
- Bəli, əlbəttə. Əgər hər şey yaxşı olsa, niyə də qalmayım?

 

- Əksəriyyət belə deyir ki, Sivakov Azərbaycana pul qazanmağa gedib...
- Nə qədər insan varsa, o qədər də fikir var. Mənim daha sərfəli şərtlər irəli sürən klublara keçmək variantlarım da var idi. Amma Roman Qriqorçuk məni "Qəbələ"yə çağırmasaydı, elə "Çernomorets"də qalacaqdım.

 

- "Qəbələ"nin saytında yarımmüdafiəçi, AFFA-nın saytında müdafiəçi kimi göstərilmisən. Sənin ampluan hansıdır?
- Son yarım ildə artıq özüm də müdafiəçi və ya yarımmüdafiəçi olduğumu bilmirəm. "Çernomorets"dəki oyunlarımın əksərində müdafiənin mərkəzində oynayırdım. Bu mövqe artıq mənim üçün doğmalaşıb. Ona görə də indi mənim üçün hansı mövqedə oynamağın prinsipial fərqi yoxdur. "Qəbələ"də yarımmüdafiə xəttində debüt etdim. Hər şeyə məşqçilər korpusu qərar verir.(azərisport.az)

Xəbər xətti