"Bu uşaqların gələcəkdə Azərbaycan futboluna fayda verəcəyinə inanırıq"

19:50 - 9 Fevral 2015

"Komandaların məşq etməsində nə meydança, nə də vaxt problemi var"
 
“Bakı”nın aşağı yaş qrupları üzrə koordinatoru Məqsəd Yaqubəliyev klubun rəsmi saytına müsahibə verib.
 
Sportal.az sizi həmin müsahibəni diqqətinizə çatdırır:
 
- Qış tətilindən sonra Akademiya əvvəlki iş rejiminə qayıdıb. Çempionatlara hazırlıq prossesi necə gedir?
- Yanvarın 5-dən U-19, U-16, U-15 və əvəzedici komanda qış hazırlıq prossesinə başladı. Digər komandalar isə hazırlığa ayın 12-də start verdi. Aşağı yaş qrupları üzrə bütün komandalar hazırlığı bazamızda keçirirlər.
 
- Məşqlərin keyfiyyəti və qrafikinin təşkilində nə kimi irəliləyişlər və yeniliklər var?
- Gənc futbolçuların təhsilini nəzərə alaraq, onların məşq qrafikinin məktəb saatlarına uyğun qurulmasında heç bir problemimiz yoxdur. Onların məşqlərə gəliş-gedişinin təmin edilməsi məqsədi ilə avtobuslarımız metronun "20 yanvar" stansiyasının yaxınlığından müvafiq qrafik əsasında hərəkət edir. Komandaların məşq etməsində nə meydança, nə də vaxt problemi var. Gərək olduğunda süni işıqlandırmadan da istifadə olunur. Hava şəraitindən asılı olaraq, məşqlərimizi bəzən qapalı meydançamızda da keçiririk. Yeniliklərimiz çoxdur. Bu günlərdə komandalar yeni formalarla təmin edilib. Məşqçilərimiz xüsusi proqram əsasında məşqlərini qurur, onların keçirdiyi məşqlərə idman direktoru və tərəfimdən nəzarət olunur. Məşqlərin təhlili aparılır, hər ay onlara alman mütəxəssis Torsten Spitler tərəfindən seminar keçirilir. Sevindirici haldır ki AFFA tərəfindən keçirilən U-12 və U-13 turnirləri bizim qapalı futbol meydançamızda keçirildi.
 
- Akademiyanın iş rejimi ilə bağlı məlumat verərdiniz?
- Akademiyada bütün yaş qruplarından seçilmiş 27 yeniyetmə yaşayır. Onlar gündə 3 dəfə olmaqla qidalanır və təhsillərini yaxınlıqdakı məktəblərdə davam etdirirlər. Onların buradakı asudə vaxtlarının səmərəli keçirmələrinə nəzarət məqsədi ilə hər gün bir məşqçi-müəllim növbətçi qalır. Həmin uşaqların gələcəkdə Azərbaycan futboluna fayda verəcəyinə inanırıq.

Xəbər xətti