AFFA-da bilən yoxdursa, deməli, PFL-dən nəsə ummağa dəyməz
Üzün qara olsun, “qara qızıl”. Əvvəlki dəyərin təxminən su qiymətinə düşəndən sonra nələr olmadı, nələr... Dünyadakı siyasi vəziyyət elə sənin rəngin kimi qara-quradı, durum elə qarışıqdı ki, heç bilmirsən kimin belində kimin tapançasıdı. İqtisadiyyatda işlər daha betərdi.
Düzdür, neftin işi elədir ki, bacardıqca gərək dərinə gedəsən. Amma mən dərin qatlara düşmək istəmirəm. Ona görə də siyasi və iqtisadi məsələləri çox da qabartmıram. Qapqara rənginə, üz-gözündəki çirkabına baxmayaraq, həmişə yuxarı başa çəkilən “Qaraca”ya futboldan, daha doğrusu öz futbolumuzdan danışmaq istəyirəm. Bilirəm ki, danışdıqca “qara qızıl”ın qanı qaralacaq. Lakin deməyib gizlətsəm, onun yanında üzü qara olacam.
Durum heç də yaxşı deyil. Özün də bilməsən futbolumuza qurşaqdan aşağı elə zərbə vurmusan ki, ağrı-acısı hələ də dayanmır, gündən-günə sancısı artır. Sən qiymətinə görə göylə gedəndə futbolumuza cavabdeh olanlar da havalarda idilər. Deyirdilər ki, istəsək Günəşə tapşırarıq gecələr görünər, Ayı məcbur edərik heç axşamlar da çıxmaz.
Ay “qara qızıl”, sənin yəqin başın qarışıq olub, eşitməmisən, amma bizim azarkeşlər görüblər də, eşidiblər də. AFFA-dakılar futbolumuzun inkişafından o qədər ağızdolusu danışırdılar ki, sevincdən adamın gözü yaşarırdı. Futbolumuza cavabdeh olanların sözlərindən belə başa düşmək olurdu ki, xaricdə Azərbaycan millisində oynamaq üçün bir tanker insan var. Hətta həmin futbolçuların bəziləri özlərinin ölkəmizlə yaxından-uzaqdan əlaqəsini sübut etmək üçün üz-gözlərini səfirliklərin qabağında asfalta sürtürlər. Biri deyir ki, nə olsun Uqandalıyam, nənəmin rəfiqəsi mənə “Cırtdanın nağılı”nı çox danışıb, ona görə də mənə Azərbaycan millisinin formasını geyindirmək olar.
Bir başqası top boyda göz yaşı tökür, deyir Nikaraquada yaşayan babamın əsgərlik dostu Rəqsanənin fanatı, Telli Borçalının vurğunudu, məhz buna görə də Azərbaycan yığmasında oynamağı haqq edirəm.
Ay “qara qızıl”, sənin o qurşaqdan aşağı zərbəndən əvvəl AFFA-da, elə onun gözünün ağı-qarası PFL-də işlər yağ kimi gedirdi. PFL-də deyirdilər ki, istəsək günü bu gün milli Premyer Liqamızda 22 klub yarışa bilər. Daha nə nağıllar, nə vədlər... Yəni neft “kaçay-kaçay”, nağıl “kaçay-kaçay”.
İndi məlum olur ki, bütün məsələlər neftin qiymətinin üstündə imiş. “Qaraca”, bunlar sənə arxayın olub göylə gedirmişlər. Sənin qiymətin üzü aşağı düşən kimi göylə getməyə daha heç kimin gücü çatmır. Əvvəlki xoşbəxt nağılları indi bədbin mərsiyələr əvəz edib. AFFA və PFL rəsmilərinin son açıqlamalarına başqa ad tapa bilmədim.
10 klubla başlayan, 9 klubla davam edən Premyer Liqamız qara gündədi. Klublar yavaş-yavaş aradan və sıradan çıxmaq üzrədi. Sabahın necə olacağını isə AFFA-da bilən yoxdu. AFFA-da bilən yoxdursa, deməli, PFL-dən nəsə ummağa dəyməz.
“Qaraca”, əvvəlki gülən üzləri indi kədərli simalar əvəz edib, mərsiyələr artıb. Sən belə elə, dünya siyasətçiləri, maliyyə bossları ilə özün bilərsən, amma bizim azarkeşlərə rəhmin gəlsin. Premyer Liqamızın hər turuna gələn 67 fanata, tum, peraşki satanlara, oyunları canlı şərh edənlərə yazığın gəlsin. Ayağını yığışdır, futbolumuza daha bir qurşaqdan aşağı zərbə vurma.
Bir də sancılansa...
Etibar Cəbrayıloğlu
“Het-trik news” qəzeti
saytlarin hazirlanmasi