"Çempionatın səviyyəsi çox aşağı düşüb"
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevin müsahibəsi
- "Neftçi"yə məğlubiyyət haqda fikirlərinizi bilmək istərdik...
- Maraqlı oyun alındı. Qol vurmaq üçün şanslarımız var idi, amma onlardan yararlana bilmədik.
- Belə heyətlə nəyə ümid edirdiniz?
- Gənc futbolçularımızın sayı çoxdur. Onların arasında perspektivli uşaqlar da var. Ola bilər ki, avrokuboklara vəsiqə qazanmayaq. Amma növbəti mövsüm üçün 4-5 futbolçu üzə çıxarmış olacağıq. Sadəcə, oynamaq lazımdır.
- "Neftçi" barədə nə deyə bilərsiniz?
- Mənə elə gəlir ki, biz "Neftçi"dən daha yaxşı oynadıq. O faktı nəzərə almaq lazımdır ki, bizdə gənc futbolçuların sayı çoxdur. Onların təcrübəsinin azlığı böyük rol oynadı. Bu gənclər öz üzərində daha çox işləməlidirlər.
- Qol vəziyyətlərindən yararlana bilməməyinizə səbəb nədir?
- Bəxtimiz gətirmədi. Uşaqlar gəncdilər, alınmır. Problemlərimiz üzərində işləməliyik.
- Məğlubiyyətə görə müdafiə xəttini günahlandırmağa dəyər?
- Futbolda təkcə müdafiəçilər yox, bütün komanda oynayır. Uduzanda da komanda uduzur. Bu məğlubiyyətdən kollektiv olaraq nəticə çıxarmağımız lazımdır.
- Birinci hissədə "Xəzər Lənkəran" daha yaxşı təsir bağışlasa da, fasilədən sonra heç nə edə bilmədiniz. Bunun səbəbi nədir?
- İkinci hissəyə də yaxşı başlamışdıq. Amma sonradan davamını gətirə bilmədik.
- "Xəzər Lənkəran" heyətini gəncləşdirdiyinə görə, çempionatın səviyyəsinin aşağı düşdüyü bildirilir...
- Mən də belə düşünürəm ki, çempionatın səviyyəsi çox aşağı düşüb. Əvvəllər "Bakı" da güclü idi, indi gənclərlə mübarizə aparır. Belə vəziyyətdə çempionluğa oynayan iki komandanı itirmişik.
- Gəncləşdirmə siyasətinə o vaxt əl atırlar ki, klubun maliyyə vəziyyəti zəifləyir...
- Kimin maliyyə problemlərinin olduğunu deyə bilmərəm. Amma bizdə gəncləşdirmə siyasəti maliyyə problemlərinə görə deyil. Bu gənclərə də nə vaxtsa şans verilməliydi ki, özlərini göstərsinlər.(azərisport.az)
saytlarin hazirlanmasi