Kimə lazımdı belə klub?
AFFA-nın baş katibi Elxan Məmmədov “Rəvan”ı saxtakarlıqda ittiham eləyib. AFFA bu kluba da uşaq futbolunun inkişafı üçün pul ayırsa da, “Rəvan”ın 14 yaşlıları meydançaya yenə köhnə formayla çıxırlar.
Söhbət kiçiklərdən getsə də, bu, çox böyüdüləsi məsələdi. Hamı bilir ki, bir-iki klubu çıxmaq şərti ilə Azərbaycanda uşaq futbolu çox bərbad durumdadı. AFFA-nın “Akademiya” layihəsi başlayandan klublara yardımlar göstərilir. Əslində, büdcəsi milyonlar olan klubların öz uşaqlarını böyütmək üçün AFFA-nın əlinə baxması özü absurddur. Ancaq nə edək? Azərbaycan reallıqları bunu tələb edir.
“Rəvan”da isə bəzi “vicdanlı” adamlar uşaqlara çatası olan formaları ünvana çatdırmayıblar. Baş katibin problemi səsləndirməsindən sonra klub rəhbərliyinin məsələni araşdıracağını, günahkarların cəzalanacağını və ya U-14 komandasının “Elit Kubokunun” oyununa nə üçün köhnə formayla çıxdığına aydınlıq gətirəcəyini gözləyirdik. Amma əvəzində...
Əvəzində mətbuatda “Rəvan”ın çıxışını dayandıracağına dair xəbərlər yayılmağa başlayıb. Deyilənə görə, Elxan Məmmədovun açıqlaması “Rəvan”ın sahibi Nuru Əliyevi qəzəbləndirib. Elə qəzəbləndirib ki, Əliyev köməkçilərinə “klubu buraxacam” deyib.
Məndən olsa, heç düşünmədən buraxsın klubu. Kimə lazımdı belə klub? Heç bir strategiyası olmayan, həmişə Premyer Liqada sürünən, Salyanın dolu stadionunu Bakının boş tribunalarına dəyişən “Rəvan”ın olmasındansa, olmaması yaxşıdır. Adam yalnız klubun akademiyasında futbolla məşğul olan uşaqlara heyfislənir. Amma bir halda ki, Nuru Əliyevi bu uşaqların haqqının yeyilməsi maraqlandırmırsa, elə “Rəvan” dağılsa yaxşıdır.
AFFA-nın ən böyük zəifliyi bəzi klubların nazı ilə çox oynamasıdır. “Rəvan” oynamaq istəmirsə, heç oynamasın!
Nuru Əliyevin heç xəbəri var ki, onun rəhbəri olan klub Premyer Liqada məzə obyektinə çevrilmişdi. Baş məşqçi postunda eyni adamların dəfələrlə bir-birini əvəzləməsi Azərbaycan futbolunda artıq lətifə kimi danışılırdı. “Rəvan”ı dağıtsaz, futbolumuza yaxşılıq etmiş olarsız, Nuru bəy!
Nəticəsindən asılı olmayaraq, AFFA bu məsələdə geri çəkilməli deyil və “Rəvan”ın uşaq futbolu üçün ayrılmış vəsaitin kim tərəfindən mənimsənildiyi araşdırılmalı, ictimaiyyətə açıqlanmalıdır. Bu məsələdə nə “Rəvan”a, nə də başqa klubumuza güzəştə getmək olmaz. Axı, söhbət gələcəyimizdən gedir. Gələcəyimizi isə bu gün qurmalıyıq!
Emin ABBASOV
saytlarin hazirlanmasi