Aranı qatan "faciəvi oyun"
AFFA-nın baş katibi Elxan Məmmədovun 6 il əvvəl keçirilən “Turan” – “Neftçi” matçını “faciəvi oyun” adlandırması aranı qatıb. Belə baxanda, Məmmədov qeyri-adi heç nə deməyib. Çünki futbolun içində olan hər kəs bilir ki, həmin oyun danışılmış idi. Ancaq o dönəmdə AFFA-da rəhbər vəzifədə çalışan Elxan Məmmədovun bunu dilə gətirməsi onun tərəfindən səhv gedişdir. Çünki daxilində nə baş verirsə versin, AFFA Elxanilər və Raminilər dövlətlərindən deyil, Rövnəq Abdullayevin rəhbərlik etdiyi vahid bir qurumdan ibarətdir.
Məsələnin daha ağlamalı və gülməli tərəfi isə Tahir Süleymanov və tovuzlu fanatların ortaya atılmasıdır. “Neftçi”nin sabiq vitse-prezidenti elə bağırıb ki, doğru deyənin ürəyi partlaya bilər hər an. Tahir bəy iddia edir ki, o vaxt bu məsələ araşdırılıb və aydın olub ki, həmin oyun danışılmış olmayıb. Süleymanov bir az da uzağa gedərək, Elxan Məmmədovun bu açıqlamasını Rövnəq Abdullayevə qarşı atılmış addım kimi qiymətləndirib. Rövnəq Abdullayevin baş katibin açıqlamasına reaksiyasının necə olacağını zaman göstərər. Ancaq o vaxt danışılmış oyunda vasitəçilərdən olmuş birinin bu gün heç nə olmayıbmış kimi danışması kənardan çox iyrənc görünür.
2009-cu ildə “Turan” – “Neftçi” oyununun birinci hissəsi meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşsa da, apasport.az saytı şok xəbər yaydı. Məlumatda deyilirdi ki, “Turan” oyunu “Neftçi”yə verəcək. Sonrası hamıya məlumdur, şou təşkil olundu və “Neftçi” Tovuzdan 3:2 hesablı qələbə ilə qayıtdı.
Hə, Tahir Süleymanov deyə bilər ki, həmin qərar daha yuxarıdan gəlib və ondan asılı bir şey olmayıb. Ancaq hətta elə idisə də, bu gün Süleymanovun bu məsələdə danışmağa heç bir mənəvi haqqı yoxdur. Çünki həmin gün Tovuz stadionunda nə baş verdiyini həm futbolçular, həm məşqçilər, həm də azarkeşlər yaxşı bilirlər. İndi qırmızı-qırmızı bunu danmaq futbol adamına yaraşmaz. Heç olmasa sakit dayanıb və o hadisələrə yenə qayıtmaq istəmədiyini desəydi, onu anlamaq olardı...
O vaxt komandanın baş məşqçisi olan Nizami Sadıqov mətbuat konfransına çıxmaqdan imtina etmiş, köməkçisi isə ikinci hissə barədə danışmaq istəməmişdi. Stadiona gələn tovuzlu azarkeşlər oturacaqları qırmışdılar, futbolçuları nalayiq ifadələrə qonaq etmişdilər. Ancaq bu qədər...
İndi isə bəzi azarkeşlər ortaya düşüblər ki, mitinq edirik Elxan Məmmədova qarşı. Yaxşı edirsiz, ancaq mitinqi indi yox, həmin o “faciəvi oyun”dan sonra etmək lazım idi. O vaxt bunu etsəydiniz, hamının rəğbətini qazanmış olardız. İndi bunu etmək...
Emin ABBASOV
saytlarin hazirlanmasi