Dövlət başçısının əl qoyduğu Çin futbolunu necə inkişaf etdirirlər?

14:49 - 12 May 2017

AFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “istənilən aktual mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə “Aparıcı futbol ölkələrinin inkişaf strategiyası, klubların fəaliyyət mexanizmi və onlardan bəhrələnməyin üsulları” mövzusunda araşdırmaları davam etdiririk.

 

III YAZI

 

Hal-hazırda bütün dünyanın diqqəti Çin futboluna yönəlib. Ortabab futbolçulardan tutmuş Messiyə qədər bir çoxlarına fantastik təkliflər gəlir. Bəziləri belə təklifləri qəbul eləyir, bəziləri yox. Ancaq heç kim dəqiq deyə bilmir ki, ünlülərin Çinə ayaq açması ölkə futbolunun səviyyəsini qaldıracaq, ya yox...

 

Hələ son illərə qədər Çin futbolunda özbaşınalıq baş alıb gedirdi. Oyun alqı-satqısı biabırçı həddə çatmışdı. 4 illik araşdırmalardan sonra (2009-2013) “Şanxay Şenxua”nın çempionluq titulu əlindən alındı, aşağı diviziona göndərilənlər oldu. 50 nəfərdən çox adam həbs edildi, futbolçular, hakimlər, menecerlər də daxil olmaqla xeyli adam futboldan uzun müddətə uzaqlaşdırıldılar. Çin Futbol Federasiyasının iki sabiq prezidenti və millinin sabiq kapitanı 10 illik həbs cəzasına məruz qaldı. Millinin daha 4 oyunçusu 6 illik həbs cəzası aldı. 2 dəfə Asiyanın ən yaxşı hakimi seçilən Lyu Yunu isə hətta ölüm hökmü gözləyirdi. O, sonda canını 5,5 il azadlıqlan məhrumedilmə və 128 min dollar cəriməylə qurtara bildi.

 

Çin futbolunda vəziyyət o qədər biabırçı həddə idi ki, rüşvət müqabilində milli komandaya da rahat dəvət almaq olardı. Hətta qiymətlər də hamıya bəlli idi. Dəvət almaq 15 min dollar, ikinci hissədə oyuna daxil olmaq 18 min. Təbii ki, futbol ətrafında yaşanan bu iyrənc proseslər millinin çıxışından yan keçə bilməzdi. Hadisələrin kulminasiya nöqtəsi 2013-cü ildə Tailandla oyun olur. 1:5 hesablı məğlubiyyət azarkeşlərin səbir kasasını daşırır. Özlərini təhqir olunmuş hesab eləyən fanatlar iğtişaşlar törədirlər. Nəticədə 100-dən çox adam xəsarət alır.

 

 

Çinli futbolçular biabırçı məğlubiyyətə görə xalqdan yazılı şəkildə üzr istəyirlər. Amma artıq gec olur. Çünki iğtişaş Çin Xalq Respublikasının sədri Si Cinpinanın ad günündə baş verir. Məhz bu hadisədən sonra ölkənin rəhbəri futbola əl qoymağı qərara alır. Dövlət başçısı idmanla bağlı 3 əsas hədəfinin olduğunu deyir – milli komandanının DÇ-nin final mərhələsinə çıxması, Çinin DÇ-yə ev sahibliyi etməsi və millinin DÇ-ni qazanması. Bir qədər sonra astranomik maliyyə hədəfləri də açıqlanır. (2013-dən) 12 il sonra Çində daxili idman bazarının illik maliyyə həcmi 800 milyard təşkil etməlidir. Müqayisə üçün deyək ki, hal-hazırda bütün dünyanın idman industriyası 145 milyard dollar qiymətləndirilir.   

 

Düzdü, futbol həm də möhtəşəm sosial layihə hesab olunur Çin kimi ölkələrdə. Amma bu qədər vəsait xərcləməyə dəyərmi? Bu sualın çox məntiqli cavabı var. Respublika sədri böyük futbol azarkeşidir. Gənclik vaxtlarında məktəb komandasında çıxış eləyən Cinpin İngiltərə Premyer Liqasını yaxından izləyir. Çinin əsas siyasətçisinin həm də futbol hobbisi var - ünlülərin futbolkalarını yığır. Səfər etdiyi ölkələrdə də futbola vaxt ayırır. Hollandiyada olanda Edvin van der Sarla görüşüb. İngiltərədə Aqueranın müşayiəti ilə “Mançester Siti”nin arenasını gəzib. Bütün bu sadalanlardan sonra Çin futboluna olan fantastik yatırımların səbəbi yəqin ki, hamıya aydındır.

 

 

Uşaq futbolunu inkişaf elətdirmək üçn ilk istiqamət orta təhsil məktəbləri seçilib. Artıq 2017-ci ilə qədər 20 mindən çox məktəb yeni futbol meydançaları ilə təmin olunmalıdırlar. İlkin hesablamalara görə, bu layihəyə ölkəyə 100 minə yaxın futbolla məşğul olan uşaq bəxş eləyəcək. Daha sonra skautlar və akademiya məşqçiləri onların arasında seçim edəcəklər.   2025-ci ildə bu layihədə artıq 50 min məktəbin iştirak edəcəyi planlaşdırılır.

 

Lakin Çində gələcəyin güclü millisini yaratmaq üçün əsas vasitə uşaq futbol akademiyaları hesab olunur.  Dünyanın ən böyük futbol akademiyası da məhz Çində yerləşir. “Evergrande International Football School”-un ərsəyə gəlməsi üçün 115 milyon funtdan çox xərclənib. Burada 2500 uşaq futbolla məşğul olur. Akademiyada 50 təbii örtüklü və 30 manej tipli meydança var. Akademiyanın tərkibində olimpiya hovuzu, supermarket, kinoteatr, böyük stadion və 4 böyük tikili var. Qeyd eləyək ki, bu boyda idman qurğusu cəmi 1 ilə inşa olunub.

 

 

Evergrande International Football School”-da bir uşağın futbolla məşğul olması üçün 5800 dollar ödəniş eləmək lazımdır. Lakin ən istedadlı uşaqları xüsusi yaradılmış fond hesabına ödənişdən azad edirlər. Çində güclü mütəxəssislər olmadığı üçün, akademiyaya İspaniya, Argentina və Portuqaliyadan mütəxəssislər dəvət olunub. Bu ölkələrdən olan mütəxəssislər akademiyada 126 qrupla məşğul olurlar.

 

 

Təbii ki, əhaləsinə görə dünyada 1-ci, ərazisinə görə isə 3-cü olan Çinlə Azərbaycanın müqayisəsi doğru olmazdı. Heç ölkələrin maddi imkanları da heç cür müqayisə gəlmir. Digər tərəfdən baxanda, hədəf nə olursa-olsun, Çində ulduz axınının nəylə bitəcəyinə dair heç kim dəqiq fikir yürüdə bilməz. Ancaq orada görülən elə işlər var ki, onlardan istifadə eləmək olar. Misal üçün, 2500 uşağın futbolla məşğul ola biləcəyi akademiyanı bizdə də yaratmaq olar. Amma AFFA-nın yaratdığı akademiyalar kimi demirik. 10 məşq meydançası, idman qurğuları, mehmanxanası olan sanballı futbol akademiyasından söhbət gedir. Bir neçə il əvvəl AFFA klublara əcnəbi idman direktorları təhkim etməklə nəyəsə nail olmaq istədi, ancaq “Akademiya” layihəsi fiaskoya uğradı. Hərçənd, həm bu layihəyə, həm də Berlindəki futbol məktəbinə xərclənmiş vəsaitlə bir akademiya üçün 10 meydança salmaq olardı. Ona görə də, maliyyəni sonu dumanlı görünən layihələrə yatırmaqdansa, infrastrukrur qurmaq lazımdır. İnkişafa aparan yol ilk növbədə bundan başlayır.  

 

Yazı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb.

Xəbər xətti