Əvvəli: http://sportal.az/news/87597
II HİSSƏ
Uşaq futbolundakı problemlərlə bağlı layihəmizə “Ağsu” ilə start verməyi düşündük. Yazının birinci hissəsində klubun qısa tarixçəsi, nailiyyətləri, şəraiti ilə tanış olduq. İndi isə problemlər və digər məsələlər barədə. "Ağsu"nun icraçı direktoru Rəşad Kərimov vəziyyəti təsvir eləyir.
Problemlər: “Bilirsiz, imkan olsa lap gedib rəhbərlikdən xahiş edərəm ki, ildə 1 deyil, 2 komanda yaradaq. Sadəcə, şəraitimiz yoxdu. Daha doğrusu, meydançamız əlverişli deyil. 1 meydança var, onu da 3-4 yerə bölürük. Yardımçı meydança isə çox bərkdi. Rəhbərlikdən xahiş etmişəm, ot örtüyünü dəyişsinlər ki, uşaqlar yıxılanda ciddi zədə almasın. Futbol yıxılıb-durmaqla oynanılan oyundu. Uşaqların böyük zədə almasından qorxuram. İmkan olsa genişləndirəcəklərini bildirdilər. Həqiqətən də 5 və 6-cı komandanı yaratsaq oynamağa, məşq etməyə yer olmayacaq. Ümumiyyətlə, iki növbəli sistemlə məşq etmək imkanı yoxdu. Səhər dərsə getdikləri üçün uşaqların məşqini günortaya salmağa məcburuq. Yalnız yay ərzində bu imkan ola bilər. Amma iki ayla heç nə mümkün deyil. Bəs qalan 8-9 ay? Bundan əlavə birinci divizionda oynayan komandanın da məşqi var. Belədə məcburiyyətdən onların məşqin səhərə salmalı oluram ki, uşaqlara maneə yaranmasın. İl ərzində dəyişilməlidi. Bu stadion AFFA-nın balansındadı. Yəni klubun balansında olan şəxsi stadionumuz yoxdu. Yəqin ki, bu barədə hələ bir müddət AFFA bizə dəstək göstərməli olacaq. Ən azı o meydançanı genişləndirməlidilər ki, uşaqlar məşq edə bilsin. Müraciət etmişik. İnanın hər dəfə AFFA-ya gedəndə aidiyyatı insanlardan kömək istəyirəm. Ümumiyyətlə, ərkim çatan insalardan kimi görürəmsə dəstək göstərməsini xahiş edirəm. Yəni, hektarlarla sahəmiz də yoxdu ki, özümüzə stadion tikək. Rəhbərliyə akademiyanın tikilməsinin vacibliyini bildirmişəm. Əgər akademiya olsa başqa klublarla başabaş mübarizə apararıq. Burada elə uşaqlar yetişər ki... Müəllimlərimiz də başqalarından geri qalmır. Vaxtilə futbolçu olublar, kateqoriyaları var. Məşqlərinə, yetişdirdiyi uşaqlara da baxıram. Digər problem azarkeşlərlə və valideynlərlə bağlıdı. Bu mənada ürəyim doludu (gülür). Təsəvvür edin, tez-tez valideyn iclası keçirirəm. Onlara deyirəm ki, həftədə 5 gün məşq, 1 dəfə yarışdı. Məşqə gəlməsinlər, amma heç olmasa bir dəfə uşaqlarının oyunlarına baxsınlar. Maraqlansınlar ki, həqiqətən onların uşaqları futbola, yoxsa başqa yerə gedir. Vallah diqqət azdı. Bakıdan Ağsuya komanda gələndə, onların anası, qardaşı, yaxın adamları yanında olur. Bir uşağın arxasınca 5 adam gəlir. Bu da sizin övladlarınızdı, yığışın gəlin baxın görün necə oynayırlar, inkişaf varmı? Düzdü, bəzi şeylərə görə qınamıram, valideynlər də işləyirlər. Amma heç olmasa həftədə bir dəfə, bazar günü vaxt tapmaq mümkün deyil? Burada valideynlər bilirsiz necədi? Tutalım, komanda oynayır. Uşaqların hamsına da şans veməyə çalışırıq ki, heç kim “sınmasın”. Bəzən valideyn gəlib deyir ki, “Mənim uşağım niyə əsas heyətdə oynamır?”. Bunu niyə məndən oyun vaxtı soruşursan? Gəl uşağın məşqlərinə bax, gör yaxşı olduğu halda oynatmıramsa, o sözü de. Məşqçi idmançını özü seçir. Həftə ərzində keçdiyi məşqlərdə kim özünü yaxşı göstərirsə, o da oynayır. O müəllimə ən yaxşı oynayan uşaq lazımdı. Deməli, sənin uşağın kimdənsə zəif olduğu üçün ehtiyatda oturub, oyuna sonradan daxil olur. Belə problemlər olur. Soyuq yanaşırlar. Hansı ki, gücüm çatdığı qədər uşaqlara forma, buts və lazım olan hər şeylə təmin olunmaları üçün rəhbərliklə danışıram. Formanı valideynlərin öhdəsinə buraxsam, hərəsi bir rəng alacaq və ya tapmayacaqlar. Bəlkə kiminsə imkanı yoxdu həqiqətən. Amma onlar biganə yanaşandə mən pis oluram.
Çox güman yenə Premyer-Liqadan imtina edəcəyik. Hətta çempion olsaq və ya ikinci yeri tutsaq belə. Çünki meydançamız o şərtlərə cavab vermir. İndi heç nə deyə bilmirəm. Sadəcə, çətinliklər barədə rəhbərliyə məlumat verirəm. Bəzi qərarlar məndən asılı deyil, buna səlahiyyətim yoxdu”.
Məşqçilər: “Uşaq qruplarının hərəsinin ayrı məşqçisi var. Bundan əlavə təcrübəli futbolçulara məşqlərə qoşulmalarını, köməklik etmələrini istəyirik. Məsələn, Kənan qapıçılar üzrə məşqçidi. Ramil Əliyevi də məşqçilərə qoşmuşuq ki, köməklik etsin. Hansı ki, birinci divizionda ən yaxşı futbolçulardan sayılır. Belələrinə də diqqət edirəm. Çünki “Ağsu” üçün əziyyət çəkiblər. Hətta haqqı olan və sonradan çıxıb gedən uşaqların da bəzilərini qaytarmışam. Şükür Allaha ki, gəlib özlərini doğruldublar. Məsələn, Zaur Əsədov debüt mövsümündə komandanın kapitanı olub. Sonradan “Kəpəz”ə getdi. Amma hazırda burda uşaq məşqçisi işləyir. Sonradan kateqoriya da aldı, savadlı məşqçidi, uşaqları da normaldı. Məşqçilərimizin yalnız birində kateqoriya yoxdu. Çalışıram ki, o da kateqoriyaya yiyələnsin. Hətta klubdan onun oxuması üçün pul da ayrılmasına çalışıram. Onu bu il göndərəcəyik. Qalan məşqçilərin “C” kateqoriyası var. “B”ni oxumaq üçün də dəvət alanlar olub. Onların da oxuması üçün klub tərəfindən maddi köməklik göstərilməsinə çalışırıq”.
“Sırf texniki çalışmalara və uşağın topla davranışına fikir veririk”
“Ağsu”nun U-11 komandasının baş məşqçisi Sönməz Quliyevlə də danışdıq. Ötən il bu yaş qrupu üzrə keçirilən yarışda 1/4 final mərhələsinə qədər irəliləyərək, hələ ki, “Ağsu”nun uşaq komandaları arasında ən böyük nailiyyəti qazanan Sönməz bəy məşq sistemi və sair haqda məlumat verdi.
Hazırkı durum: “Hələ ki, durumumuz yaxşıdı. Ayın 1-dən məşqlərə başlayırıq. Hər şey qaydasındadı. Keçən il 1/4 final mərhələsinə qədər gedib çıxdıq. Yalnız “Qəbələ”yə uduzduq. Uşaqlar cəmi 1 il idi yığılmışdılar. Çempionatda ilk çıxışları idi. Allah qoysa bu il daha yaxşı olar. Komandamız, ümumiyyətlə bütün qruplarımız sırf Ağsudan olan uşaqlardan ibarətdi.
Məşqlər və şərait: “Məşqlər yaxşı keçir. Həftədə 4-5 məşq olur. Şəraitimiz normaldı. Avtobus uşaqları yığıb gətirir. Sonra da evlərinə aparır. Heç başqa rayonlarda belə şey yoxdu. 4 qrupumuz var. Yəqin ki, yenə yığılacaq. Hər qrupun məşqçisi var və uşaqların yaşlarına uyğun məşq keçirlər. Məsələn, mənim rəhbərlik etdiyim qrupda, uşaqlara fiziki məşqlər, yüklənmələr verilmir. Sırf texniki çalışmalara və uşağın topla davranışına fikir veririk. Bundan əlavə onları müxtəlif mövqelərdə oynadıb nəyə qadir olduqlarını yoxlayırıq. Balacadılar deyə, nə taktika nə də sistem var. Ancaq toplu məşqlərə üstünlük verirlər. Topla hərəkətləri, onu özü ilə necə aparıb-gətirməli, düzgün zərbələr vurmalı olduğunu, çiləməyi öyrədirik. Bir sözlə topla davranışı başa salırıq. İnşallah bu ildən 9-un 9-a oynayacağıq. Artıq burada taktika başa salınacaq. Fikrimcə, bu il final mərhələsinə adlayacağıq. 100 faiz heç nə demək olmaz. Bu il yeni yığılan uşaqlar 10 yaşlılar olacaq. İnşallah onlar da mərhələ adlayarlar”
Uşaq seçimi, necə aparılır?: “Qrupu məktəblərdən gedib yığırıq. Uşaqlara baxırıq. Kim futbol oynamaq istəyirsə, yoxlayırıq. Seçimlər olur. Ağsuda klub 4 ildi yarandığından uşaqlarda futbola maraq indi-indi artır. Əvvəl elə maraq yox idi. Çünki küçə futbolu olmurdu. Hər şey də küçə futbolundan başlayır. İndi baxırsan ki, məhlələrdə futbol oynayırlar. Kənd komandaları yarışır. Orda da yaxşı uşaq görəndə komandaya cəlb edirik. Kəndlərdən yığırıq. Talantlı uşaq azdı. Düzdü məktəblərarası yarış da olur. Amma uşaqları əsasən özümüz seçirik. 100-150 uşaq dəvət olunur və aralarından ən yaxşılarını seçirirk”
Problemlər: “Valideynlər uşaqları ilə maraqlanmırlar. Tək-tük hallarda zəng vurub soruşanlar olur. Amma gəlib məşqə baxmırlar, yarışları izləmirlər. Kənd yeridi, hamı işdə olur deyə, yəqin ki, vaxt tapa bilmirlər. Belə halla rastlaşmırıq, bu mənada çox zəiflik var. Amma uşaqlara forma, idman ayaqqabısı alıb verilir. Klub tərəfindən hər şeylə təmin olunurlar. Əsas meydançada məşq edirik, bu il çətinliyimiz vardı. Rəhbərliyə müraciət etmişik, yardımçı meydançanı genişləndirməlidilər. Süni örtüyü də yeniləməlidilər. Sentyabrda stadion təmirə bağlanmalıdı. Yəqin ki, həmin vaxt düzəldirlər. Nöycü kəndində stadion var. Əvvəllər də uşaq cəlb etmək üçün orda məşq edirdik. İndi stadion təmirə bağlananda, yəqin ki, yenə ora gedəcəyik. Çox gözəl stadiondu, süni örtükdü, tərtəmizdi. Özü də böyük stadiondu”.
Ağsuda futbola maraq olsa da, şərait çox zəifdi. Xüsusilə kiçik yaşlı uşaqların futbolun sirlərinə yiyələnməkləri üçün imkanlar çox da geniş deyil. Ümumiyyətlə, bu bölgə meydança baxımından ciddi əziyyət çəkir, yəqin ki bununla bağlı aidiyyatı qurumlar maraqlanacaq və lazımi tədbirləri görəcək.
Həmid
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
saytlarin hazirlanmasi