Uşaq futbolu ilə bağlı layihəmiz çərçivəsində bu dəfə yolumuz Mingəçevirədi. Əslində futbol bu bölgəyə heç də yad idman növü deyil. Qərb təmsilçilərimiz arasında özünəməxsus yeri olan Mingəçevir futbol ənənəsi olan bölgələrimizdəndi. Yəni, hazırda o bölgəni təmsil edən “Energetik” son illər birinci divizionun autsayderləri sırasında yerini “möhkəmlətsə” də, köklü klublarımızdan hesab olunur. Zaman-zaman bu bölgənin təmsilçiləri “Avtomobilçi”, “Toxucu”, “Kür”, “Kür-Nur” və sair müxtəlif adlarla ölkə çempionatında çıxış edib. Xüsusən də “Kür-Nur”un dönəmində Mingəçevir futbolunda canlanma, inkişaf, irəliləyiş nəzərə çarpırdı. Ramiz Məmmədov, Mehman Alışanov, Mehman Baxışov, Arif (Aron) Zərbailov, Əli Məmmədov, Elbrus İsmayılov, Əkrəm Baxşəliyev, Ədahim Niftəliyev, Elşad Kərimov, Zaur Qarayev, Ruslan Əmircanov və bir çox futbolçuları Azərbaycan futboluna bəxş edən Mingəçevirdə son illər dağınıqlıq, fəaliyyətsizlik müşahidə olunur. Halbuki hansısa sponsor cəlb olunsa, burda futbolu xeyli inkişaf etdirmək mümkündü. Təbii, Premyer Liqada Mingəçevirin təmsil olunması, bu bölgədə futbolu xeyli yüksəklərə daşıya bilər...
Bunu da xatırlayaq
Mingəçevirdə futbol 1966-cı ildə yaradılıb. "Neftçi"nin SSRİ birinciliyinin bürünc medal qazanmasından sonra bu bölgədə də futbola diqqət ayrılmağa başlayıb. Həmin dönəmdə ilk yaranan klub isə Mingəçevir Toxuculuq Zavodunun himayə etdiyi "Toxucu" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. 1980-ci ildə Bakını təmsil edən "Avtomobilçi" ev oyunlarını keçirdiyi "Spartak" stadionu əlindən alındığı üçün Mingəçevirə köçüb və həmin ildən klub bu şəhəri təmsil edib. "Avtomobilçi" SSRİ çempionatının 2-ci divizionunun 9-cu zonasında Qafqaz komandaları ilə birgə mübarizə aparıb. Burda xüsusən də "Kəpəz"lə keçirilən matçlar derbi hesab olunub və böyük prinsipiallıq daşıyıb. Sonradan "Avtomobilçi" dağılsa da, Mingəçevir futbolsuz qalmır. 1990-cı ildə "Kür" yaradılır və 2 il sonra keçirilən Azərbaycanın ilk müstəqil çempionatında iştirak edir. Komanda 26 iştirakçı mübarizə apardığı yarışda ilk ilində 7-ci yeri tutur və ölkə kubokunun finalına vəsiqə qazanır. "Kür" növbəti mövsüm keçirilən sistemə görə A qrupunda VI olur.
1993/94 mövsümünün ortasında klubu Mingəçevir Su Elektrik Stansiyası himayəsinə götürdüyündən komandanın adında cüzi dəyişiklik edilir: "Kür-Nur". Bu komanda növbəti illərdə keçirilən çempionatlarda uyğun olaraq 5, 6, 7, 8 və 9-cu yerləri tutur. 1997/98 mövsümündən sonra isə komanda maliyyə problemləri ucbatından dağılır.
Bir müddət peşəkar futbolda təmsil olunmayan bölgədə sonradan “Ulduz” adlı komanda yaradılır. Səma cisminin adını daşıyan bu komanda 1999 və 2000-ci illərdə ardıcıl 2 dəfə Azərbaycan çempionu olur, 1 dəfə isə kuboku qazanır. Ölkədə 2002/2003 mövsümü futbolsuz keçsə də, 2003-cü ildən etibarən, futbola dövlət tərəfindən xüsusi diqqət ayrılmağa başladı. Həmin dönəmdən bəri "Azərenerji"nin sponsorluğu ilə Mingəçevirdə "Energetik" fəaliyyətə başlayır. Hətta klub elitaya vəsiqə qazanmasına baxmayaraq maliyyə problemləri üzündən imtina etməli olur. Elə o vaxtdan “Energetik” divizionun kasıb klubları sırasında öz yerini tutur və hazırda da eyni problem davam etməkdədi.
Hər şey var, sponsor yoxdu
Təbii ki, futbol ənənəsi olan bölgələrdə bu idman növünü yaşatmaq lazımdı. Yəni futbolun kütləviləşməsini istəyiriksə bu cəhdlər mütləq olmalıdı. Mingəçevirdə heç də futbolu 0-dan inkişaf etdirməyə ehtiyac yoxdu. Əvvəla yuxarıda qeyd etdiyimiz kimi, ənənəsi var. Bundan əlavə orada uşaq komandaları və hazrda birinci divizionda çıxış edən “Energetik” də var. Heç infrastruktur yaratmaq da lazım deyil. Hazır stadion, baza mövcuddu. Sadəcə, bir qədər yenidənqurma işləri aparılarsa, bu bölgədə “ölmüş” futbolu yenidən “diriltmək” mümkündü. Hər halda Mingəçevirdə UGİM fəaliyyət göstərir. Yəni, az da olsa futbola maraq var. Sadəcə, Mingəçevirin əsas komandasının birinci diviziondakı bərbad nəticələri, gəlib-gedən rəqiblərlə oyunda qapısından xeyli sayda qol buraxması bu bölgədə futbola marağı xeyli azaldıb. Bu da uşaqların valideynləri tərəfindən başqa idman növlərinə yazdırılması ilə nəticələnir.
“13 yaşlı uşaqlar da bunları görəndə, böyüyüb o komandaya getmək istəmir”
Mingəçevirin uşaq futbolu, ordakı problemlər, məşqçilər və sair detallarla bağlı daha yaxından tanış olmaq üçün şəhərdə fəaliyyət göstərən UGİM-in direktoru, sabiq referi Rövşən Əhmədovun fikirlərini dinlədik.
Hazırkı durum: “Hazırkı durumu normal sayıram. 8-dən 15 yaşa qədər qruplarımız var. Hərəsində 15-16 nəfərə məşq keçilir. 6 məşqçi çalışır. Onlardan biri respublikanın əməkdar məşqçisidi. Qalanlarının müxtəlif dərəcəsi var. Bədən tərbiyəsi ixtisaslı məşqçilərdi. Məşq prosesləri Mingəçevir şəhər stadionunda, qaçqınlar üçün salınan qəsəbədə və 7 nömrəli məktəbin idman zalında keçirilir. Hazırda müəllimlər məzuniyyətdədilər. Avqustun 15-dən sonra işə başlayacaqlar. 200-ə yaxın futbolçumuz var, onlar AFFA-nın bayrağı altında keçirilən U-10-dan tutmuş U-15 liqasına qədər bütün yarışlarda iştirak edir. Həmişə də qrup, 1/8, 1/4 final mərhələsinə yüksəlirlər. Orada isə “İnter”, “Neftçi”, “Qəbələ” kimi rəqiblərlə oyunlarda uduzuruq. Akademiya komandalarına gücümüz çatmır. “Sevinc Kuboku”nda, yeniyetmə komandaların turnirində isə iştirak edirik. Komandalarımız zona yarışlarında final mərhələlərində yüksək yerlər tutur”.
Problemlər: “Mingəçeviri birinci divizionda “Energetik” təmsil edir. Bilirsiz ki, bu komandada maliyyə problemləri var. Futbolçular az maaş alır. Turnir cədvəlində 14-15-ci pillələrdə qərarlaşırlar, Mingəçevir futboluna xas olmayan yerdədilər. 13 yaşlı uşaqlar da bunları görəndə, böyüyüb o komandaya getmək istəmir, uşaqlarda küskünlük yaranır. O vax “Kür-Nur”da Samir Ələkbərov, Musa və Qurban Qurbanov qardaşları, Zaur Qarayev, Ramiz Məmmədov, Mehman Alışanov kimi futbolçular oynayırdı. Həmin vaxt uşaq futbolumuz yüksək səviyyədə idi. Uşaqlar həvəslə gəlirdilər.
Aşağı yaş qruplarında nəticələrimiz var. Amma 15-16 yaşı keçəndən sonra isə itib-batır, ya da çıxıb gedir “Qəbələ”, “Qarabağ”, “İnter” kimi klubların aşağı yaş qruplarına. Amma Mingəçevir futboluna heç bir xeyri olmur. Acınacaqlısı budu ki, Mingəçevir futboluna heç bir sponsor yaxın durmaq istəmir. Stadionumuzu, şəraitimizi görmüsüz. 10 hektara qədər ərazimiz var, orada Premyer-Liqa komandası üçün əla şərait yaratmaq olar. Təlim-məşq toplanışı keçirmək üçün imkanlarımız genişdi. Bir neçə gün öncə nazirlikdən Fikrət Hüseynov gəlmişdi və dedi ki, camaat 300-500 min verib belə ot örtüyü düzəldə bilmir. Premyer-Liqa komandamız yoxdu, birinci divizion təmsilçimiz isə elə yox dərəcəsindədi.
Bizdə beş idman növü var – boks, cüdo, güləş, akademik avarçəkmə və futbol. Uşaqların idmana cəlb olunmasında elə də problem yoxdu. Yunan-Roma güləşində, cüdoda 200-dən artıq, boksda 50-60, akademik avarçəkmədə 40-a yaxın idmançımız var. O cümlədən futbolda. İnanın ki, qanuni sayla 400-500 olmalıdı, amma 600-700 nəfər var. Digər idman növlərində uşaqlar öz yaşlarına görə yığmalara gedirlər və sonadək davam edirlər. Amma futbolda... Nə bilim... Mingəçevirdə futbola maraq çoxdu. Amma digər idman növlərindəki son nəticələrimizə, Olimpiadada, İslam oyunlarındakı göstəricilərimizə görə valideynlər uşaqları cüdoya, güləşə və sair yazdırır. Düzdü, İslamiadada da futbolda birinci yerə çıxdıq. Amma perspektiv görünmür. Müəllimlərimiz məşqlərini keçir, inventar alıb veririk. Perspektivli uşaqlarımız, məsələn “Qəbələ”nin akademiyasına gedəndə, məşqçilərimizə, komandalarımıza geyim dəstləri, futbol ləvazimatları filan verirlər. Sağ olsun “Qəbələ” futbol Akademiyası məktəbimizə inventar, məşqçilərə corabdan tutmuş papağa qədər hər şey verirlər. Bu da bir köməkdi. Amma Mingəçevirdə də futbol olmalıdı. Axı burada həmişə uşaq və böyük futbolu olub. “Kür-Nur”un vaxtında futbolçuya birinci maşını və ya evi məhz Mingəçevirdə veriblər. Samir Ələkbərovun, Qurban Qurbanovun, Zaur Tağızadənin Mingəçevirdə oynaması uşaqlarda həvəs yaradırdı. Başqa dövlətlərdən futbolçu gəlmədiyinə görə, o vaxt rayondan gələnlər legioner sayılırdı. Sonradan Mingəçevir futboluna baxmadılar. Bir dəfə xəbər yayıldı ki, “İnter”i, AZAL-ı rayonlara köçürürlər. Sahibkarların işlədikləri, pul qazandıqları yerlər Bakıdadı deyə heç kim kənara çıxmaq istəmir. Mingəçevirdə AzDres qəsəbəsi var, 20 komandaya baxa bilər. Respublikada işıq yanırsa, deməli, pul gəlir. İndi isə baxmaq istəyən yoxdu. Müraciət etmişik deyəndə, mən Regional Futbol Federasiyasının prezidentiyəm. O vaxt Etibar Pirverdiyev vardı, “Energetik”i yaratmışdı. İndi elə baxırlar ki, heç baxmasalar, ondan yaxşıdı. Futbolçulara fəhlə kimi baxırlar, 17 ştat yazıblar, hərəsinə də 80-120 manat pul verirlər. İndiki zamanda bu yaramır axı. Futbolçunun işi futbol oynamaqdı. Böyük futbol olanda, yaxud birinci liqa komandası yüksək yerlərdə gedəndə uşaq futbolu da inkişaf edir. Özümüzdən götürək, bir şey pis olanda ora getmirik”.
Davamı var...
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
Həmid
saytlarin hazirlanmasi