(I Hissə: http://sportal.az/news/89602)
II HİSSƏ
İmişli Futbolu ilə bağlı layihəmizin bir qismini ötən yazımızda sizə çatdırmışdıq. Reportajımızın ilk hissəsində UGİM-in direktoru Ramiz Qasımovun maraqlı açıqlamalarına geniş yer verdik. Reportajımızın ikinci hissəsində də maraqlı məlumatlar oxuya biləcəksiz. Bu məlumatlar təkcə Ramiz bəyin deyil, eləcədə UGİM-dəki məşqçilərin dilindən olacaq.
“Uşaqlar məşqdən sonra yuyunmağa yer tapmırlar”
Əslində UGİM-in də öz büdcəsi hesabına həll edə bilməyəcəyi problemləri var, hansı ki, o problemlərə futbol strukturları tərəfindən əl qoyulmalıdı və futbolun inkişafı naminə problemlər həllini tapmalıdı. Bəs söhbət hansı problemlərdən gedir? Ramiz bəyi dinləyək: “Özüm sırf futbolçu olmuşam. Damarımda idmançı qanı axır. 70-ci illərdən bəri İmişlidə futbol olub, bu gün də var. Burada futbolla kütləvi şəkildə maraqlanırlar. Bizim həll etmək iqtidarında olmadığımız problemlərə gəlincə, məsələn, UGİM-in müstəqil binası yoxdu. Uşaqlar məşqdən sonra yuyunmağa yer tapmırlar. Birdəki, top, forma problemlərimiz var. Məktəb direktorları da məsələni qaldırmırlar. Başqa ciddi problemlər yoxdu. Amma işlər gedir. Avtobuslar uşaqları kompleksə daşıyır. “Mil-Muğan”ın yerinə isə cavab verə bilmərəm”.
Bunlarla yanaşı nailiyyətlər də var. Düzdü, o qədər də “gözə girən”, ciddi təsir bağışlamasa da bəzi uğurları özləri üçün böyük hesab edirlər: “2015-ci ilin sonlarına qədər hansı yarışa dəvət edirdilərsə ora gedirdik. Həmin ildə 8-ci spartakiada keçirildi. Ora gedən komanda İmişli UGİM-indən hazırlanmışdı. O yarışda komandamız 3-cü yeri tutdu. Fəxri fərmanı, kubok və medalları alıb gəldik. Burada da İcra Başçısı Vilyam Hacıyev şəxsən bizi qəbul etdi. Mənə də fəxri fərman verdi. Bakıda keçirilən UGİM-lərin yarışında isə bir dəfə 3, bir dəfə də 4-cü yerləri tutmuşuq. Belə nailiyyətlərimiz olub. İl ərzində birinciliklərdə iştirak edirik, idmançılara dərəcələr verilirdi”.
“Meydança kələ-kötür olduğu üçün topla rəftar edə bilmirlər”
Təbii ki, daha çox məlumata malik olmaq üçün UGİM-in məşqçilərindən biri ilə də danışmaq lazım idi. Yuxarıda Ramiz bəyin fərqləndirdiyi, daha çox işini bəyəndiyi məşqçi Oqtay Abdullayev bu sahədə ən təcrübəlilərdəndi. 66 yaşlı mütəxəssis çətinliklərə baxmayaraq, işindən zövq alır. Üstəlik, bizə açıq fikirli və səmimi təsir bağışladı. Stadion, geyim, top və sair problemlərlə bağlı şikayətlər Abdullayevin sözlərində də yer tapdı. “15 yaşlılardan ibarət qruplara məşq keçirəm. Onlardan 3-ü məktəbi bitirəcək, qalanları 11-ci sinifdə oxuyacaq. Komandamızın hazırkı durumuna gəlincə, UGİM-in Şahmat məktəbinə birləşdirilməsi ilə əlaqədar uşaqlara istirahət verilib. Buna baxmayaraq gəlirlər və onlara kənardan göstəriş verib, nəzarət edirəm. Hələ məşqlərimiz başlamayıb. Bu məsələlər konkretləşəndə məşqlərə də start veriləcək. Hazırda seleksiya edirik. Yaxşı uşaqları seçib komandaya qoşmaq istəyirəm. 12 nəfər qrupdan olan uşaqlardı. 7-8 nəfər də əlavə gəlib. Ümumilikdə qruplar 15-16 nəfərdən ibarət olur. Çünki bu peşəkar klub deyil. Məsələn, mən “MKT-Araz”da işləyəndə orda hər qrupda 20 uşağa məşq keçilirdi. İndi isə guya bunların nizamnaməsinə görə bu saya icazə verilmir. Uşaqların toplanmasına gəlincə, o vaxt məşqlərin gözəl keçər ki, sənin ideal şəraitin, bazan olar. Məsələn, mən “MKT-Araz”da ürəklə, geninə-boluna məşq keçirdim. Ukraynalı məşqçi vardı, gəlib məşqlərimə baxırdılar və çox bəyənirdilər. Hollandiyanın və digər ölkələrin məşq videoları vardı. Proqramlarmı həmin məşqlər üzərində qururdum. İndi həmin yetirmələrimdən məsələn, Quliyev Sadiq İslam oyunlarında qızıl medal aldı. Həmin oyunçulardan hardasa 10 nəfər birinci divizionda və Premyer Liqada oynayırlar. Bəli, indi şəraitlə bağlı problemlər var. “MKT-Araz”da hər uşağa bir top verilirdi. İndi 15 nəfər uşağa 1 top verilir, necə işləyəsən axı? Hər uşaq ən azı 5 dəqiqə top çiləməlidi. Təsəvvür edin, 1 topla 15 uşağa bunu yerinə yetirməsi üçün 75 dəqiqə vaxt lazımdı. Belə olsa gərək məşqin axırına qədər uşaqlar top çiləməklə məşğul olsun. Bundan əlavə yarışlara dəvət edirlər. Amma maliyyə cəhətdən kömək olmalıdı ki, 18 uşağı avtobusla Bakıya, Şəkiyə aparıb-gətirə bilim. Bu da hardasa 100-120 manat edir. Üstəlik uşaqların yemək, qalmaq məsələləri var. Bunlara da gücümüz çatmır. Belə olan halda yarışlarda necə iştirak edə bilərik. Geyim dəstlərini hərdənbir alıb verirlər. Amma tam kömək etmirlər. Uşaqlar da məcbur olub özləri alırlar. Kiməsə müraciət etmişik deyəndə, bilirsiz necədi? İmkanlı adamlar var. Amma futbola yaxın durmurlar. Təsadüfi adamların marağı var, onlar da “Mil-Muğan”ı yaradıblar. Bilirsiz ki, Azərbaycan klublarının 90 faizi SOCAR-ın hesabına yaşayır, yalnız “Qarabağ”la “Qəbələ”dən başqa. Sponsor tapmaq çox çətindi. Şükür edirik ki, “Qarabağ”ımız qrup mərhələsinə qədər yüksəldi”.
Stadion və meydança məsələsi ilə bağlı Oqtay bəyin də şikayətləri var. İmişlidə məktəb stadionlarında məşq keçsələr də bu lazımi effekt vermir. Hər halda məşq üçün nəzərdə tutulmuş yüksək səviyyəli meydança hara, məktəbin qumlu-çınqıllı örtüyü hara?: “Məkəb stadionlarında keçirilir məşqlərimiz. Amma istənilən effekti vermir. Bakıda yeni qurulmuş, süni meydançalar hara, məktəbin stadionları hara? Meydança kələ-kötür olduğu üçün topla rəftar edə bilmirlər, bu çətin alınır. Hamar meydança olsa, uşaq özü də həvəs göstərə bilər”.
Məlum olduğu kimi, maraq böyükdü. Uşaqların futbola gəlməsi ilə bağlı problemlər yoxdu. Amma məşqçilərin dərdi başqadı. Belə deyək, bəzi yerlərdə şərait gözəldi, amma kadrlarla bağlı problemlər var. Yəni, o qədər də savadlı məşqçilər tapılmır. Bəzi yerlərdə isə əksinədi: “Bilirsiz necədi, mənim nəvəm də yeni açılmış məktəbə gedir. Onların məşqlərinə, şəraitlərinə baxmışam. İnanın, o şərait burada olsa indikindən də qat-qat səviyyəli futbolçular yetişər. Yaxşı məşqçilərimiz var. Mən komandamı 17 yaşlılar arasında zona çempionu etmişdim. Respublika səviyyəsində 3-cü yeri tutmuşduq. “Sabahın ulduzları” yarışında çıxış edən komandanın futbolçuları mənim yetirmələrim idi. “Mil-Muğan”ın da aşağı yaş qruplarından ibarət komandaları var. Onlar gəlib əsasən mənim məşq keçdiyim uşaqlardan seçib aparırlar. Ora gedib həmin şəraiti görən uşaq bir də geri qayıtmır. Çünki orda əsl futbol, məşq şəraitidi. Üstəlik məşqdən çıxandan sonra yuyunmaq və paltar dəyişmək üçün yer var. Yəni uşaq ora getmək üçün həvəs göstərir”.
“Kateqoriyamı artırmaq istəsəm də, klubdan buraxmamışdılar”
Mütəxəssis hazırda “C” kateqoriyasına malikdi. Hazırda bu kateqoriya ona kifayət edir. Hər halda bu yaşdan sonra kateqoriya artırmaq niyyəti yoxdu. Buna baxmayaraq əvvəllki illərdə kateqoriyasını yüksəltmək üçün çalışıb. Amma ona imkan verməyiblər: “C” kateqoriyam var, çoxdan almışam. Artıq vaxtı keçib. Özüm də futbol üzrə SSRİ idman ustasıyam. Komandam yarışlarda yaxşı iştirak etdiyinə görə “C” kateqoriyası mənə avtomatik şəkildə verilmişdi. Artırmaq deyəndə, 66 yaşım var. Vaxtilə kateqoriyamı artırmaq istəsəm də klubdan buraxmamışdılar. Komandanın qəzetində böyük məqaləm çıxmışdı. Hansı ki, onun üstündə başım bir azağrıdı. Amma indidən sonra özünüz də bilirsiz çətindi. Sağlamlığım yerindədi, şikayətim yoxdu. Uşaqlarla futbol oynayıram. Ancaq bundan sonra uzağı 1-2 il işləyərəm. Ona görə də kateqoriya artırmağa ehtiyac görmürəm . Təqaüddə olsam da işləyirəm. İnanın stadion, uşaqlar olmasa, çoxdan xəstələnmişdim.
“İstedadlı uşaqların sənədlərini oğurlayıb Bakı komandalarına və “Qəbələ”yə vermişdim”
Əslində hər məşqçi istedadlı uşağı daha yaxşı inkişaf etməsi üçün lazımi şəraiti olan klublara və ya məktəblərə göndərə bilər. Əksər məşqçilər kimi Oqtay bəy də futbola marağı olan və qabiliyyətli uşaqların inkişafı naminə bunu edir: “Uşaqların və valideynlərin marağı böyükdü. Hətta, bəzi istedadlı uşaqların sənədlərini oğurlayıb Bakı komandalarına və “Qəbələ”yə vermişdim. Çünki onlar burda inkişaf edə bilməyəcəkdilər. Həddən çox maraqlanan var. Məni görən kimi, məşq vaxtlarını qiymətlərini soruşurlar. Mən də deyirəm ki, havayıdı, kim istəsə gəlib iştirak edə bilər”.
“Getsin memarlığını etsin, onun futboldan anlayışı yoxdu”
Təcrübəli və UGİM-də daim fərqləndirilən məşqçi xeyli yetirmələri olsa da aldığı maaş qaneedici deyil. Hər halda belə insanlar əməyinin qaşılığını tamamilə görməlidi, istər UGİM rəhbərliyi, istərsə də yetişdirdiyi futbolçuları göndərdiyi klublar tərəfindən lazımi maddi dəstək almalıdı. Ancaq təəssüf ki, onun da əməyi kifayət qədər qiymətləndirilmir: “Yəqin ki, işim onları qane edir. Yoxsa mənimlə yolları çoxdan ayırardılar. Ümumiyyətlə Ramiz müəllim həmişə məni fərqləndirib. Fəxri fərman da almışam. Əməkhaqqı olaraq cəmi-cümlətani 200 manat pul verirlər. Sizcə bununla dolanmaq olar? Heç yetişdirdiyim uşaqlara görə mənə nəsə verən də olmayıb. “MKT-Araz”da işlədiyim dönəmdə yetirmələrim “Qarabağ”a, “Qəbələ”yə Bakıya getdilər, özü də klubun razılığı ilə. Onlar hələ mənə nə 1 manat pul veriblər, nə də başqa köməklik göstəriblər. Yəqin ki, mənim haqqımı özlərinə götürüblər. O vaxt demişdilər ki, uşaq yetişib hansısa kluba gedirsə, onun satışından gələn pulun 1000 manatı ilk məşqçisinə verilməlidi. Amma mənə hələ 1 qəpik də çatmayıb. Buna baxmayaraq həvəsdən düşmürəm. “MKT-Araz”da işləyəndə də 200 manat alırdıq. Uşaqlar harasa gedəndə yeməklərinə pul vermirdilər. Aldığımız o 200 manatla uşaqları aparıb-gətirirdik, onlara yemək alırdıq. Əziyyətimiz çox olub, amma qarşılığı yoxdu. Eybi olmaz, qarşılıq gözləmirəm, yaşayıb gedirik. Azərbaycanda futbola ögey münasibət var. Məsələn, “Mil-Muğan”ın rəhbərliyində futbola layiq insanlar yoxdu. Klubun İcraçı direktoru var, Mirheydər Səfiyev. O, yaxşı memardı. Bunu qəzetə açıqlamamda da demişdim. Getsin memarlığını etsin, onun futboldan anlayışı yoxdu. Hazırda komandanın baş məşqçisi Xaliq Mustafayevdi. Yaranandan klubu o üzə çevirirlər Xaliq, bu üzə çevirirlər Xaliq. Hansı ki, heç kateqoriyası da yoxdu. Halbuki Ələmdar müəllim “A” kateqoriyalı məşqçidi. O uşaq futbolunda işləyir. Xaliqi qoyub onu heç vaxt komandanın başına gətirməzlər”.
Planlar və gələcək haqda düşüncələr
“Hazırkı komanda ilə bağlı planlara gəlincə, iclasa gedəndə bizə göstəriş verdilər. Təhsil idman cəmiyyətində yeni yığılan uşaqlarla UGİM də müqavilə bağlasın. Belə olan halda həmin uşaqlar başqa klublara keçəndə UGİM də gəlir əldə edəcək. Uşaq böyüdükcə gedib yüksək dəstədə oynadıqca onun satışından gələn puldan məşqçiyə də çatacaq. Planlarımız uşaq yetişdirməkdi, Azərbaycan futboluna xidmət etməkdi. Ancaq çətinliklər olmasa, özünüz də bilirsiz ki, Azərbaycanda yaxşı futbolçular yetişər. İmişli futbolunun ənənəsi var, SSRİ-i vaxtı 1978-ci ildə yüsək liqaya çıxarmışdıq, amma bizim yerimizə “Qarabağ”la Lənkəran komandası getdi. Hansı ki, Lənkəran komandasının əvəzinə biz getməli idik”.
Nə deyə bilərik? Sadəcə, təəssüf...
İmişlidəki UGİM-in fəaliyyəti ilə tanış olduğumuz zaman əslində o qədər də fərqli duruma rast gəlmədik. Əksər bölgələrimizdə olan problemlər burda da cərəyan edir. Azərbaycanda uşaq futboluna önəm verilməli olduğu halda tam əks düşüncələrlə yanaşılır. İmkanlı şəxslər bu cür məktəblərə yaxın durmur. Baxın, hər şey bir kənara İmişlidə UGİM-in heç müstəqil binası və futbolçu yetişdirmək üçün yüksək səviyyədə şəraiti yoxdu.Məktəblərdən birinin binasını zəbt ediblər. Üstəlik, inventar, top, geyim problemləri var. Yəni, adi ləvazimatları belə almaqda çətinlik çəkirlər. Məşqçilər isə yalnız yetişdirdikləri futbolçuların başqa klublarda oynadığını görüb təsəlli tapırlar. Nə əziyyətlərinin haqlarını verən var nə də onlara hər hansı şəkildə köməklik göstərən. Bəs bunları kim etməlidi? Əlbəttə azərbaycanlılar, uşaq futbolunun inkişafını görmək istəyənlər. O cümlədən sponsorlar, imkanlı şəxslər. Təəssüf ki, bölgələrimizdə belə problemlər var və bu heç də xoşagələn hal deyil. Hər halda ümidlərimiz tam ölməyib. Belə bir durumda futboldakı gələcəyimizi nə qədər bədbin görürüksə, yenə də inamımız qalır. Çünki bunları yoluna qoymaq o qədər də çətin iş deyil. Ağıl, düşüncə, bir qədər də sevgi lazımdı...
“Layhə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşirdirilir”
Həmid /İmişli
saytlarin hazirlanmasi