“Uşaq futbolu” layihəsi çərçivəsində bu dəfəki reportajımızı Gəncə şəhərinin uşaq futbolundan hazırladıq.
Gəncənin uşaq futbolu hələ Sovetlər dönəmindən məşhur olub. Konstantin Abramenkonun rəhbərliyi altında fəaliyyət göstərən Gəncə uşaq futbol məktəbi Azərbaycan futboluna çoxsaylı istedadlı futbolçular bəxş edib. Bugün də Nizami diyarı uşaq futboluyla özündən söz etdirməyi bacarır. Bu şəhərdə uşaq futboluyla məşğul olmaq üçün imkanlar genişdi. Belə ki, “Kəpəz”in nəzdində fəaliyyət göstərən uşaq futboluyla yanaşı şəhərdə UGİM1 və UGİM2, Gəncə “Təhsil” idman mərkəzinin futbol sektoru da mövcuddu. Bu qurumların hamısı Gəncənin uşaq futbolunun inkişafına xidmət edirlər.
“Kəpəz”in uşaq futbolu
“Kəpəz”in nəzdində 9 yaş qrupunda (U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17, U19) uşaq komandaları fəaliyyət göstərir. U-10-dan U-14-ə qədər əsasən hər yaş qrupunda 18-20 nəfərə qədər, yuxarı yaş qruplarında isə hər komandada 16 nəfərdən çox uşaq var. Bu da təxmini 200 nəfərə qədər uşağın “Kəpəz”in uşaq futbol komandalarının tərkibində bu peşəylə məşğul olmaları deməkdi.
Ümumi yaş qruplarının içində U-13 komandası seçilir. Onlar ötən ilki Azərbaycan çempionatının qalibi olublar. Çempion olduqları mövsüm onlar 11 yaşlı idilər. Növbəti mövsüm isə ¼ finalda mübarizəni dayandırmalı olublar. Maraqlısı odur ki, bu mərhələdə onları Gəncənin “Təhsil” komandası mübarizədən kənarlaşdırıb. U-14 komandası isə Qərb zonası üzrə yarışda tovuzlulara yenilib.
12 yaşlılar arasında keçirilən yarışda Sadiq Məmmədov ötən il də, bu mövsüm də bombardir olub.
“Kəpəz”də fəaliyyət göstərən məşqçilər hamısı Gəncə futbolunun yetirmələridi. Uşaq futbolunda olan məşqçilərin hamısı kateqoriyalıdı. Uşaq futbolunda ümumi 11 məşqçi fəaliyyət göstərir.
“Kəpəz”in uşaq futbolunun rəhbəri Mətləb Məmmədovdu. O, eyni zamanda əvəzedici heyətlərdən ibarət komandanın da köməkçi məşqçisidi. Qeyd edək ki, Məmmədov bu posta yeni təyin olunub. Təxminən bir ay öncə “Kəpəz”də gedən dəyişiklərdə o, Azər Məmmədovu əvəzləyib.
Mətləb müəllim, Gəncə futbolunun yetirməsidi. Məmmədov 1980-ci illərdə Gəncədə futbolla məşğul olmağa başlayıb. Futbolda ilk məşqçisi Fuad İsmayılov olub. Peşəkar futbolçu karyerasında 2 dəfə “Şəmki” komandasıyla çempion olub. Sonrakı illərdə “Karvan”, “Gəncə”, “Qəbələ” klublarlarında karyerasını davam etdirib. Hazırda isə məşqçi kimi fəaliyyət göstərir.
“Kəpəz” FK komandada olan bütün perspektivli uşaqlarla 3 illik müqavilə bağlayır. Bununla da istedadlı uşaqların Gəncə futboluna xidmət etməsinə çalışılır. Klub rəhbərliyi uşaq komandalarına götürülən uşaqların hamısının gəncəlilər olmasıyla bağlı tapşırıq verib.
“Kəpəz”in uşaq futbolunun rəhbəri Mətləb Məmmədov Gəncənin uşaq futbolunun yetirmələrinin başqa klublara getməyindən danışdı:
“Gəncə uşaq futbolunun yetirmələri əsasən “Vətən” və “Qəbələ”yə gedirlər. Amma sırf “Kəpəz”dən apara bilmirlər. Çünki Gəncənin futbol məktəblərində fəaliyyət göstərən müəllimlərin özlərində də maraq olur ki, onların yetirmələri daha peşəkar klublara transfer olunsunlar. Həm də uşaq aparmaq üçün həmin klublar futbol müəllimlərini stimullaşdırırlar. Valideynlər də şəraitə görə bu varianta üstünlük verirlər. Valideynlərlə işləmək çox çətindi. Onlar seçimlərini etdikdən sonra məşçilər təkid edə bilmirlər”.
Məmmədov Gəncə futbolunda müəyyən müddət yaşanan böhranın uşaq futboluna da siraət etdiyini bildirdi:
“Gəncə futbol şəhəridi. Həmişə istedadlı futbolçuları ilə digər regionlardan fərqlənməyi bacarıb. Lakin təəssüflər olsun ki, indi əvvəlki kimi elə istedadlı uşaqlar yoxdu. Müəyyən müddət Gəncənin futbolunda böhran yaşandı. Bütün bunlar, şəraitsizlik uşaq futbolunun da inkişafına öz mənfi təsirini göstərdi. Hazırda bu problemlərin aradan qaldırılmasına çalışırıq. Əsas məqsədimiz əvəzedici komandadakı gənc futbolçuların əsas komandaya dəvət edilməsi və kiçik yaşlı uşaqlarımızın gələcədə öz klubumuzda karyeralarını davam etdirmələri üçün perpektivli uşaqları bu istiqamətdə hazırlamaqdı”.
Mətləb müəllim, Gəncə futbolunun meydança problemindən şikayətləndi:
“U-10-dan U-14-ə qədər olan uşaq komanlarımız Gəncə zonasının oyunlarını “Təhsil”in meydançasında keçirirlər. Digər yaş qruplarında olan komandalar əvəzedici heyətlər də daxil hamısı ev oyunlarını Yevlaxda keçirir. Çünki meydança problemi var. Gəncə kimi böyük şəhərdə meydança qıtlığıdı. Stadionun köməkçi meydançası istifadə üçün yararsızdı, hazırda o meydançanın təmiri gedir. Standarta uyğun rezin meydança hazırlanır. Əvvəllər əvəzedicilərin məşqləri Samuxda keçirdi. Düzdür, oradakı meydança da ideal deyil, amma məşqlər üçün yararlıdı, standarta uyğun idi. Sadəcə ora getmək çox vaxt itgisi olur. Lakin hazırda “Təhsil”in meydançasında” məşqləri keçirik, yaxın günlərdə köməkçi meydançamız hazır olduqdan sonra məşqləri orada davam edəcəyik".
Gəncə “Təhsil” idman mərkəzinin futbol sektoru
Şəhərdə uşaq futbolu ilə məşğul olan digər qurum isə Gəncə “Təhsil” idman mərkəzinin futbol sektorudu. Bu mərkəzin nəzdində 6 yaş qrupu (U-10, U-11, U-12, U-13, U-14, U-15) üzrə uşaq komandaları mövcuddu. “Təhsil” son mövsümdə AFFA-nın təşkil etdiyi zona yarışlarda 28 uşaq komandasıyla çıxış edib. Burada ümumi 250-yə yaxın uşaq futbolun sirlərinə yiyələnir. Bu idman mərkəzindən 1 il ərzində 15 yaşlılardan ibarət milli komandanın sıralarına altı uşaq qatılıb. Bu qurumun Gəncə mərkəzinin 4 nəfər uşağı “Vətən”nin 14 yaşlılardan ibarət komandasının tərkibində İzmirdə beynəlxalq turnirə iştirak edib.
Mərkəzin yetirmələrindən Səmədov Ümid AFFA-nın təşkil etdiyi U-13 liqasında ötən mövsüm 68 qolla, son mövsümdə isə U-14 liqasında 55 qolla bombardir olub.
Gəncə “Təhsil” idman mərkəzinin futbol sektorunda 25 məşqçi fəaliyyət göstərir. Sektorun müdiri İlham Səmədov , Ceyhun Tağıverdiyev və Rafiq Qurbanov “B” kateqoriyalı məşqçilərdi. “C” kateqoriyalı məşqçilər isə daha çoxdu.
Burada uşaqların futbol geyimləri (butsilərə qədər) və futbol dərsləri üçün lazımi ləvazimatların hamısı Təhsil Nazirliyi tərəfindən təmin edilir. Top qıtlığı ilə bağlı yaranmış problemi də nazirlik həll edib. Belə ki, nazirlik tabeçiliyində olan “Təhsil”in Gəncə mərkəzinə bir müddət əvvəl 100 top göndərib. AFFA ötən mövsümə qədər mərkəzin futbol sektoruna inventarlar, formalar və toplarla köməklik göstərirdi. Son mövsümdən bütün bu köməkliklər dayandırılıb.
“Təhsil”in nəzdində 3 meydança var. Bu meydançalar yeni təmir olunur. Hər 3-ü təbii ot örtüklüdü. Ev oyunlarını keçirmək üçün yararlıdı. Təmirdən sonra meydançalar daha yaxşı vəziyyətdə olacaq.
Gəncə “Təhsil” idman mərkəzinin futbol sektorunun rəhbəri İlham Səmədov bizimlə söhbətində mərkəzin uşaq futbolunun inkişafından danışdı:
“Gəncə “Təhsil” idman mərkəzinin futbol sektorunun rəhbəri dəyişilən kimi inkişaf açıq-aşkar özünü göstərdi. Tez-tez turnirlər təşkil edildi, bir neçə beynəlxalq turnirlərdə iştirak etdik. Türkiyədə təşkil olunan yarışda çempion olduq. 2 yaş qrupunda Azərbaycan çempionatında II yeri tutduq. Finalda U-12 komandamız “Qəbələ”yə, U-14 komandamız isə “Neftçi”yə yenildi”.
Səmədov mərkəzin futbol sektorunda yetərincə perspektivli uşaqların olduğunu və “Təhsil”in Gəncə futbolunun inkişafına böyük töhfələr verdiyini qeyd etdi.
Uşaq Gənclər və İdman Məktəbinin (UGİM) Futbol şöbəsi
Uşaq Gənclər və İdman Məktəbinin Futbol şöbəsi 2 yerə bölünüb: UGİM1 və UGİM2. Hər iki qrupda ayrılıqda təxminən 60-a yaxın uşaq var. Rəsmi olaraq 2 yaş qrupu (U-14, U-15) fəaliyyət göstərir. UGİM1-də digər 4 yaş qrupu isə (U-10, U-11, U-12, U-13) ictimai əsaslarla yaradılıb. Son illərdə yüksək nəticə göstərə bilməyiblər. Orada şərait çox zəifdi. Eyni zamanda maliyyə və meydança problemi də yaşanır. UGİM-də kateqoriyalı məşqçilər yoxdu.
UGİM1-in baş məşqçisi İlham Yusifov şəraitsizlikdən danışdı və yeni qrupların rəsmən açılmasının vacibliyini vurğuladı:
“Bizim şərait çox pisdi. Bu şəraitlə nəticə əldə etmək də çox çətindi. Rəsmi şəkildə olan 2 yaş qrupumuz var. Rəhbərliklə danışırıq ki, rəsmi yaş qruplarının sayı artırılsın. Dərs saatlarına görə başqa yaş qrupları açılmır, amma mütləq lazımdı. Rəhbərlik bununla bağlı bir tədbir görəcəyini söyləyir. Cəmi 36 saatımız var. O biri qruplarımın heç biri rəsmi sənədlərdə qeyd olunmur, ictimai əsaslarla məşqşlər keçirik”.
Ümumi uşaq futbolu baxımından Gəncədə imkanlar genişdi. Lakin resurslar və meydançalar cəhətdən şəhər futbolunun əziyyət çəkməsi uşaq futbolunda da özünü aşikar şəkildə göstərir. Digər bölgələrlə müqayisədə UGİM-in fəaliyyətinin futbol bölgəsi kimi tanınan Gəncədə çox zəif olduğunu qeyd etmək lazımdı.
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
HƏMİD
saytlarin hazirlanmasi