Birinci hissə
Haradan hara?
Layihəmiz çərçivəsində bu dəfə Neftçalada uşaq futbolunun hazırkı durumunu araşdırdıq. Məlum olduğu kimi bu bölgənin Azərbaycan futbolunda özünəməxsus yeri olub. Təbii, layihəmiz daha çox bölgədəki uşaq futbolu ilə bağlı olduğundan geniş tarixə yer vermək niyyətimiz yoxdu. Qısaca onu xatırladaq ki, yaxın keçmiş qədər bu bölgənin eyniadlı təmsilçisi birinci divizionda çıxış edirdi. Özü də iddialı şəkildə və qarşıya da konkret Premyer Liqa məqsədi qoyulmuşdu. Ancaq iki il ardıcıl Kamal Quliyevin rəhbərliyi altında birinci divizionun çempionu olmalarına baxmayaraq Premyer Liqaya buraxılmadılar. Düzdü, komandanın yüksək dəstədə çıxış etməsi üçün şərait də vardı. Rəhbərlik hətta infrastrukturla bağlı müəyyən yeniliklər həyata keçirməyə çalışırdı ki, qonaq komandalar hər hansı problemlə üzləşməsin. Məsələn, rayonda yeni mehmanxana inşa etmək planlaşdırılırdı. Yəni, “Neftçala” çempionluğun və çəkdikləri əziyyətin bəhrəsini görmək istəyirdi. Ancaq onların AFFA-dan aldığı xəbər sarsıdıcı oldu. Halbuki ardıcıl çempionluq Neftçalalı azarkeşləri xeyli qürurlandırmışdı. Premyer-liqada iştirak edəcəklərini səbirsizliklə gözləyirilər, böyük ümidləri vardı. Əlbəttə, məhz bu şəkildə bölgədə futbola marağı artırmaq asandı. Həm də boş tribunaların doldurulumasının ən rahat yoludu deyə bilərik. Amma bu ümid 2016/17 mövsümündə güclülər dəstəsində 8 komandanın iştirak edəcəyi müəyyənləşəndən sonra puç oldu. Yəni, çempion olmasına baxmayaraq “Neftçala”nın Premyer Liqada oynamayacağı dəqiqləşmişdi. AFFA sponsorluq etdiyi bu klub Premyer Liqaya buraxılmamaqla bu bölgədə futbola maraq xeyli azalmış oldu. Hazırda isə durum heç də ürəkaçan deyil. Neftçala futbolunu alt-üst edən bu xoşagəlməz olaylardan sonra elə Kamal bəy də mətbuata açıqlamasında narazılıqlarını bildirmişdi. Dolayısı ilə AFFA-nı günahlandıran mütəxəssis istəsələr Neftçala futbolunu yüksəldə biləcəklərini söyləmişdi. Əlbəttə onun sözlərində həqiqət çoxdu. Həra halda, hazırda “Kəpəz”, “Neftçi” və bir sıra birinci divizion klubları kimi ən azı bu komandanı da böyük futbolda saxlamaq olardı. Düzdü hazırda “Region Liqası”nda bu bölgənin də təmsilçisi mübarizə aparır. Amma həvəskar futbol ayrı, peşəkarlıq başqadı. Bunu futbolla dərindən maraqlananlar yaxşı bilir. Üstəlik sözügedən liqanın yeni yarandığını nəzərə alsaq, hələ necə olacağı sual altındadı...
Ümidlər ölməyib
Əlbəttə, bütün bunların Neftçalanın uşaq futboluna da ciddi təsir edəcəyi qaçılmaz idi. Yəni hansısa peşəkar liqada təmsilçi olmayanda bölgədə uşaq futbolu da çətinliklə inkişaf edir. Artıq 2 ildən çoxdu ki, Neftçalada uşaq futbolunu, belə desək “zərbə altında”, birtəhər inkişaf etdirmək istəyirlər. Amma onu da qeyd edək ki, futbol bu bölgədə heç də tamamilə ləğv olunmayıb. Müsbət məqamlardan biri də odu ki, 1995-ci ildən fəaliyyət göstərən Neftçala rayon Gənclər və İdman İdarənin nəzdində UGİM var. Orda futbolla yanaşı sərbəst-güləş, Yunan-Roma güləşi, boks, ağır atletika, həndbol idman növləri fəaliyyət göstərir. Rayonun əsas stadionu Nəriman Nərimanovun adını daşıyır. Bu haqda bir azdan praktiki şəkildə tanış olacaqsız. Təəssüf ki, internet qaynaqlarında “Neftçala”dakı UGİM-lə bağlı o qədər də geniş məlumatlar yer almayıb. Maraqlısı odu ki, Neftçalanın İcra Hakimiyyətinin rəsmi saytında belə bu bölgədə futbol olub-olmaması haqda məlumatlara rast gəlmək olmur. Boks, güləş və sair idman növləri ilə bağlı müəyyən məlumatlara yer verilib, uğurlu nəticələr, hətta qaliblərin adları belə qeyd olunub. Ölkə futbolunda öz dəsti-xəttinə malik Neftçalanın futboluna laqeydlik, belə demək mümkünsə, ən yüksək səviyyədə hiss olunur. Yəni, bu bölgənin “Pambıqçı”, “ANŞAD-Petrol” kimi təmsilçiləri olub. Özü də daim iddialılar sırasında mübarizə aparıb. Rəsmi saytda ən azı ardıcıl son iki çempionluqla bağlı məlumatlar yerləşdirmək olardı. Hansı ki, bu çempionluqlar qazanılan zaman komandanın adı da məhz “Neftçala” olub. Bütün bunlara baxmayaraq bölgədə futbol ənənəsi olduğu üçün uşaq komandaları saxlayırlar. Yəni ümidlər heç də tamamilə tükənməyib. Yavaş-yavaş futbolu yüksəltmək üçün müəyyən addımlar atılmaqdadı. Uşaq komandaları AFFA-nın təsis etdiyi yarışlarda mübarizə aparır. Görünən odu ki, hələ də canı yananlar, tarixi ənənələrin üzərindən birdəfəlik xətt çəkilməsini istəməyənlər var.
“Burda uşaq futbolunda vəziyyət bərbaddı”
Həmin insanlardan biri də Neftçala futbolu deyəndə ilk ağıla gələn şəxs, Mehman İbrahimovdu. Azərbaycan futbolunda özünəməxsus iz buraxan Mehman bəyə məşqçi kimi irəli getməsi üçün yüksək səviyyədə dəstək verənlərin sayı az olsa da veteran neftçalalı futbolçu doğma torpağında bu idman növünün tamamilə tarixə qovuşmaması üçün əlindən gələni əsirgəmir. Daim bütün bilik və bacarıqlarını Neftçala futbolunun yolunda qoymağa hazır olan, bu bölgənin indiyəqədərki ən yaxşı futbolçusu sayılan, ardıcıl 3 mövsüm (1994/95, 1995/96, 1996/97) bombardirliyi heç bir rəqibə verməyən İbrahimov hazırda məşqçi kimi xidmətlərini göstərməkdədi. Bu üzdən Neftçalada uşaq futbolunun durumunu ondan soruşmağı qərara aldıq. Xeyli müddətdi mətbuatda görünməyən Mehman bəy hazırkı işi ilə bağlı bunları dedi: “Hazırda idman təmayüllü məktəbdə (UGİM) işləyirəm. Komanda yığmışam “Regional Liqa”da çıxış edirik. Müxtəlif qrupundan ibarət komandalarımız var, onları da Cəlilabadda keçirilən zona yarışlarına aparırıq”.
Təbii ki, bölgədə uşaq komandalarının olması yaxşı haldı. Amma bu o demək deyil ki, vəziyyət istənilən səviyyədədi. Bunu Mehman bəy də dedi: “Burda uşaq futbolunda vəziyyət bərbaddı. Özünüz də bilirsiz. UGİM-ə gəlincə hazırda 4 yaş qrupu üzrə komandalarımız var. Söhbət 2005, 2006, 2007 və 2008-ci il təvəllüdlü uşaqlardan gedir. Hamısı da AFFA-nın keçirdiyi yarışlarda iştirak edir. Nəticələr yaxşıdı. Yarışlar zonalar ürə keçirilir. Lənkəran və Cəllilabadda oynayırlar. İlk 3 yeri tutanlar “pley-off” oynayırlar. Bizim də 4 komandamızdan 3-ü, 2005, 2007 və 2008 təvəllüdlülər “pley-off”a çıxmışdı. Mövsümün bitməsinə 2-3 tur qalıb”.
Bəs UGİM-də şərait baxımından vəziyyət necədi? Heç olmasa uşaqları top və ya forma ilə təmin edirlərmi?: “Top, “tapıçka” filan verirlər. UGİM rəhbərliyi tərəfindən təmin olunurlar. Demirəm, super şəraitdi, amma gücləri çatan qədər kömək etməyə çalışırlar. Əvvəl yaxşı idi. AFFA çempionat keçirirdi, uşaqları da hər bir inventarla təmin edirdi. Hətta yeməklərini də verirdilər. İndi bunları etmirlər. Digər bölgələrdə olduğu kimi, burda da UGİM-lə şahmat məktəbi birləşdirilib. Buna baxmayaraq normal fəaliyyət göstərir. Perspektivli uşaqlar var. Şərait olsa, burda futbolu inkişaf etdirmək mümkündü. Uşaqlarımıza digər klublardan maraq çoxdu. “Qəbələ”, Bakı komandaları istəyir. Sadəcə, valideynlər icazə vermirlər. Uşaqlarını oxutmaq istəyirlər. Hazırda UGİM-də 60-70 uşaq təhsil alır”.
“İşləyirik ki, ortaya nəsə çıxaraq, amma lazımi şərait yoxdu”
Maraqlıdı, aşağı liqaların səviyyəsi necədi? Ümumiyyətlə uşaqları oynamaq xətrinə oynadırlar, yoxsa həqiqətə ciddi fərqlər olur. Düzdü, hələ yaşları az olduğundan onlardan böyük, sürət gözləmək yersizdi. Amma bəzən elə oyunlar olur ki, həqiqətən baxanda zövq alırsan. Bütün bunların davam etməsi üçün təbii ki, şərait lazımdı. Ancaq Mehman bəyin bu mənada da gileyləri var. Mütəxəssis kimi onun fikirlərini dinləmək yerinə düşər:
“Masallının, Cəlilabadın yaxşı komandaları var. Hər məşqçidə yaxşı çıxış edən 1-2 qrup var. Biz Astara, Cəlilabad, Yardımlı, Masallı, Biləsuvar komandaları ilə mübarizə aparırıq. Liqaların səviyyəsinə gəlincə normaldı. Amma elə də güclü deyil. Mən, bəlkə də ilin 15 günü istirahət edərəm, ya etmərəm. Hər gün məşqdəyəm. Əziyyət çəkirik, uşaqların üzərində işləyirik ki, ortaya nəsə çıxaraq, amma lazımi şərait yoxdu. Uşaları da toplamaq baxımından, açığ qış aylarında çətinlik olur. Amma yay və yaz mövsümündə həddən artıq çox uşaq olur”.
Davamı var...
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
HƏMİD
saytlarin hazirlanmasi