Neftçalada uşaq futbolu – ümidlər və ümidsizliklər LAYİHƏ

21:47 - 24 Fevral 2018

Layihə çərçivəsində yazımızı davam etdiririk. Əslində bu bölgənin futbolundan geniş yazmaq olar. Hər halda belə münasibətə layiqdi. Amma təəssüf ki, bu davamiyyətlə uçuruma gedir. Boş qalan tribunalar, meydança böyük və peşəkar futbol üçün darıxıb. O cümlədən neftçalalı futbolsevərlər ən azından yaxın keçmişdəki anları səbirsizliklə gözləyir. Ümidlər gerçəkləşəcəkmi? Bunu artıq zaman göstərəcək. Neftçala futbolunun bugünkü durumunu bizə anladan Mehman İbrahimov isə sözlərinə davam edir... 

 

“O stadionu daha əvvəl də “Neftçala” rəhbərliyi deyil, mən düzəltdirmişdim”

 

 

Vaxtilə futbol ənənəsi olan bir bölgənin şübhəsiz stadionu da var. Amma son illərdə futbola xeyli pullar yatırılsa da Neftçaladakı stadionda ciddi yeniliklər aparılmadı. Yəni belə desək, illərlə kluba sponsorluq edənlər “Neftçala”nın stadionuna əl belə gəzdirmədi. Əslində elə də böyük xərc tələb etmirdi. Komandanın bazasını daha normal, Premyer Liqaya uyğunlaşdırmaq da olardı. Tribunalar, meydança paltardəyişmə otaqları və sair var. Amma yaxın durub onu təmir edən olmurdu. Düzdü, müəyyən kosmetik dəyişikliklər ola bilərdi. Sadəcə, bir qədər artıq xərc çəkiləcəyi halda xoş görüntü yaratmaq mümkün idi. Bunu etməkdənsə “Neftçala”nı Bakıya gətirdilər. Komanda yalnız ev oyunları zamanı rayona yollanırdı. Digər matçlara isə doğma meydandan uzaqlarda hazırlaşırdı. Bu da Neftçalada futbolun inkişafına mənfi təsir göstərirdi. Hər halda uşaq öz məşqlərində əlavə böyük komandanın da hazırlıqlarına baxmalı, nələrsə öyrənməlidi. Bu da olmayandan sonra inkişafdan danışmaq düzgündürmü? Hər dəfə, xüsusən də qış aylarında əksər bölgələrdə olduğu kimi orda da meydança yararsız vəziyyətə düşür. Ciddi problemi olan, kartof sahəsini xatırladan bir yerdə də, təbii ki, heç bir rəqib oynamaq istəməz: “AFFA bizim üçün 40x20 ölçüdə balaca süni örtüklü meydança tikib. Həm orda, həm də Nəriman Nərimanov adına əsas stadionda məşq keçirik. Amma süni meydança da rahatdı. Paltardəyişmə otağı filan var. Meydança düz, kənarları var. Həftənin 6 günü orda oluram. İstəyəndə gedib əsas stadionda da oynayırıq. Nərimanov adına stadionun durumu hazırda yaxşı vəziyyətdədi. Düzəldiblər, şərait yaradıblar. İsti suyu, paltardəyişmə otağı filan var. Əslində o stadionu daha əvvəl də “Neftçala” rəhbərliyi deyil, mən düzəltdirmişdim. Onlar heç nə etmədilər, hələ “ANŞAD-Petrol”un vaxtında stadionu mən təmir etdirmişdim”. 

 

Mehman bəy “Regional Liqa”da çıxış edə komandanın durumundan da söz açdı: “İndi komanda yaratmışam, “Regional Liqa”da oynayırıq. Burda yaş məhdudiyyəti də yoxdu. Təcrübəlilərdən Bəxtiyarı götürmüşəm. Fəxrəddin Mürvətov, Zaur, Natiq də təcrübəlidi, öz uşaqlarımızdı. Ümidlərimiz deyəndə, yerlilərə üstünlük verirəm. Gələcək üçün. 2003, 2004 təvəllüdlü uşaları yetidirib üzə çıxarmağa çalışırıq. Həm UGİM-ə, həm də bu komandaya vaxt ayırıram, çalışıram ki məşqlər üst-üstə düşməsin”.

 

“8 il komandamızı aparıb Bakıda saxladılar”

 

“Neftçala”nın başına gətirilənlərdən sonra əlbəttə əksəriyyəti təxminən belə bir sual düşündürür. Komanda birinci divizionda fəaliyyətini dayandırandan sonra bu bölgədə futbola həvəs, maraq qalıbmı? Uşaqlarını hələ də futbola yazdırmaq istəyənlər varmı?: “Niyə olmur ki? Gözəl bilirsiz, Neftçalada şərait var amma komanda yoxdu. Burda futbol niyə zəiflədi? 8 il komandamızı aparıb Bakıda saxladılar. Gələn uşaqlar da hardasa oynamaq istəyir axı. Sağ olsun İsgəndər Cavadov, Şakir Qəribov, Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Asif Əliyev, gəldilər rayonda İcra Başçısı ilə görüşdülər. Futbolumuzun inkişafına təkan verdilər. Onlara dərin minnətdarlığımı bildirirəm. Dəstəklərini göstərdilər. İki aydı “Region Liqası” başlayıb. Elə başa düşürəm ki, gələcəkdə istedadlar yetişəcək. Uşaqlar da gəlib baxacaq, həvəslənəcək. “Neftçala”nın qayıtması? Mən o tələbi rayon rəhbərliyinin qarşısına qoya bilmərəm. Çünki o səviyyədə futbolçularımız yoxdu. Toparlanmaq üçün 1-2 il vaxt lazımdı. Futbolçu yetişdirib sonra birinci divizionda oynamaq lazımdı. İndi mən formalaşdırdığım komandanın rayon futboluna çox faydası olacaq. Yəqin ki, gələcəkdə Premyer Liqa üçün də planlar qurular”.

 

“Kiməsə müraciət edərəm, bəlkə dəstək verən oldu”

 

Vaxtilə Azərbaycanda tanınmış futbolçulardan olan İbrahimovun karyerası haqda planları da maraqlıdı. Görəsən nə düşünür? Almaq istədiyi kateqoriya varmı. Yəni bir məşqçinin daha yaxşı komandalarda çalışması üçün məqsədi olmalıdı. Təbii ki, bunun üçün də kateqoriya olmalı və kurslara gedilməlidi. Yoxsa, Mehman bəy üçün həvəskar komandada çalışmaq daha rahatdı?: “İmkanım yoxdu, yoxsa elə gedib oxuyaram ki, kateqoriya üçün. İrəli getmək istəyərəm, amma imkan lazımdı. Kiməsə müraciət edərəm, bəlkə dəstək verən oldu. Hazırda “C” kateqoriyası varımdı. Əvvəl işləyəndə klublardan təkliflər olurdu. İndi yeni başlamışam. Çalışıb nəsə etməliyəm ki, dəvət göndərsinlər. Həm də komanda o səviyyədə deyil. İstəyirəm Neftçalada futbol olsun. Açığı burda mənim üçün rahatdı. Başqa yerdə işləmək istəmərəm. Mütəxəssisdən uşaq futolundakı çatışmazlıqlarla bağlı fikir də öyrəndik. Hər halda illərdi bu sahədə olan məşqçi kimi bəlkə məntiqli çıxış yolları da söyləyə bilər. Hər halda onu dinləmək maraqlı olardı: “Bunun üçün bu sahəyə xüsusi diqqət olmalıdı. Böhrandan əvvəl yaxşı idi. Sonradan axsadı. Hərtərəfli problemlər var. Bilirsiz ki, nə qədər “A”, “B” kateqoriyası olan məşqçilərimiz işsiz qalıb. Gələcəkdə dəstək versələr, komandanı dağılmağa qoymasalar bunun köməyi olacaq. Maraqlı oyunlar, çoxlu azarkeşlər olur. Camaat gəlib baxır. Elə bizim də komandanın oyunlarına xeyli adam gəlib baxır”.

 

Hədəfdə “Neftçala”nın sabiq rəhbərliyidi

 

 

Əslində bu bölgədə futbolu yüksəltmək üçün şərait də var idi. Futbolla yaxından maraqlananlar xatırlayar ki, “Neftçala”ya heç də zəif şirkətlər sponsorluq etməyib. Düzdü AFFA-nın xətti ilə uzun müddət komanda kürəyində sabit sponsor əli hiss edib. Demək olar futbolçular nə əməkhaqqı, nə də mükafat baxımından korluq çəkmirdi. Xüsusən də Kamal Quliyevin baş məşqçi olduğu dönəmdə. Xatırlayırsızsa elə komanda birinci divizionda fəaliyyətini dayandırandan sonra Kamal bəy düşüncələrini bölüşmüş və açıq şəkildə narazılığını bildirmişdi. Onun sitatını nəzərinizə çatdıraq: “Təəssüf ki, orda iki ilim getdi. “Neftçala”nı çempion etdim, bu mənim şəxsi uğurum idi. İki il çempion olduq, amma premyer-liqada mübarizə apara bilməyəcəyik. Komanda faktiki yoxdu. Mən nə AFFA-nı nə PFL-i qınayıram. Onlar premyer-liqaya yüksəlməyimiz üçün əlindən gələni etdi. Günah rəhbərlikdədi. Belə olacaqdısa məni niyə baş məşqçi kimi çağırdılar? Kənardan da göstəriş verməklə klubu çempion edə bilərdilər. Futbolçular artıq müxtəlif klublarla danışıqlar aparır, hətta müqavilə də imzalayıblar…

 

Açıq danışaq, hamı pul qazanmaq üçün yaşayır. Bölgə futbolunu işıqlandıran yoxdur. Bəzi jurnalistlərimizi çıxmaq şərtiylə əksəriyyət bu mövzuya toxunmur. Klubların yaşaması üçün yerli icra hakimiyyətlərinin də üzərlərinə düşülməlidir. Mən Yevlaxda oynayanda, rayonun İcra Başçısı oyunlara gəlirdi, azarkeşlərlə birgə komandanı dəstəkləyirdi. Üzərinə düşən işləri görürdülər. İcra hakimiyyəti də futbolu sevməlidi. İş adamların futbola cəlb eləmək lazımdı”.

 

Yəni bu o deməkdi ki, “Neftçala”nın ovaxtkı rəhbərliyi klubu futbolun inkiaşfı üçün deyil, sadəcə “komanda olsun, çempionatda oynasın” düşüncəsi ilə idarə ediblər. Hər halda komandanın Bakıda saxlanılması, yalnız ev oyunlarında neftçalaya gedib oynayıb qayıtması və bir sıra məqamlardan bu cür nəticələrə gəlmək olar. Azarkeşindən futbolçusuna qədər hər kəs məhz belə şəraitdən narazılıq edirdi. Heç ovaxtkı İcra Hakimiyyətinin də marağında olmayıb. Şübhəsiz belə hallar bölgədə futbolun zəifləməsinə təsir edən amillərdən oldu. Futbol elə bir strategiyadı ki, onu əvvəlcədən düşünməlisən. Yəni bugünlə yaşasan, gələcək yaxşı olmayacaq.  

 

Deyilənlərdən belə anlamaq olar ki... 

 

Neftçalalı futbolsevərlərin indi hansı hisslər keçirdiyi başa düşüləndi. Bu bölgədə futbol ənənəsinin qoyulması üçün xeyli əziyyət çəkilib. Amma deyəsən bütün bunlar hamısı yalnız tarixin səhifələrində qalacaq. Çünki, hazırda demək olar bu bölgənin futbolu dəstəksiz vəziyyətdədi. Düzdü yuxarıda qeyd etdiyimiz kimi, UGİM fəaliyyət göstərir, aşağı yaş qruplarından ibarət futbol komandaları da var. Amma onlar çempionatlarda baş girələyirlər. Yəni ki, sadəcə, futbol, məşğuliyyət olsun deyə. Əvvəlki kimi “yuxarılar”dan dəstək olmadığı üçün də bu bölgənin futbolunun taleyi sual altındadı.Təbii ki, futbol naminə hadisələrin bu cür davam etməsini heç bir azərbaycanlı idmansevər istəməz. Amma görünən odu ki, bölgələrdə futbolun inkişafı, kütləviliyi artırmaq əvəzinə tam əks addımlar atılır. Bu gün Neftçala futbolunun başına gətirilənlərlə sabah başqa bir bölgəmiz üzləşə bilər. Təəssüf ki, hazırda sözügedən bölgənin futbolunun gələcəyi ilə bağlı nikbin düşüncələrə dalmaq olmur. Vaxtilə neftdən maliyyələşən, hətta Premyer Liqa klublarından maliyyə dəstəyi cəhətdən heç də geri qalmayan Neftçala futbolu, indi neftçin çalasında “boğulur”. Amma hər kimdən olur olsun, Allahdan ümid kəsilməz deyirlər. Yəni az da olsa ümid var. Az da olsa...

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdilir”

Həmid

 

Xəbər xətti